• 30 Aprel 2025 20:29

Böyük günə hazırlıq: Bakıda Ərdoğan və Netanyahu arasında görüş gözlənilir

 

İsrailin Baş naziri Benyamin Netanyahu 7-11 may tarixlərində Azərbaycanda səfərdə olacaq.

 

Tacxeber.com Teleqraf-a istinadla xəbər verir ki, hökumət başçısının beş günlük səfər proqramına bir sıra maraqlı məsələlər daxildir.

 

“Times of Israel” bundan əvvəl səfərlə bağlı iki məsələyə diqqət çəkib. Nəşrin iddiasına görə, B.Netanyahunun səfəri çərçivəsində Türkiyə və İsrail arasında gərginliyin azaldılmasında rəsmi Bakının vasitəçiliyi və Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması gündəmdə olacaq.

 

Azərbaycanın iki ölkə arasındakı vasitəçiliyinə gəlincə, bu məsələ yeni deyil. 2023-cü ildə məhz rəsmi Bakının vasitəçiliyi ilə İsrail və Türkiyə arasında gərginlik hiss olunan dərəcədə azaldılmışdı. Bakının vasitəçiliyi uzun illərdən sonra iki ölkə arasında qarşılıqlı şəkildə səfirliklərin bərpası və həmin ilin sentyabrında Nyu-Yorkda (ABŞ) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Benyamin Netanyahunun görüşü ilə nəticələnmişdi. Həmçinin 2022-ci ildə son 14 ildə ilk dəfə olaraq İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etmişdi. Amma 2023-cü ilin oktaybrında HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza zolağında başlayan müharibə münasibətləri yenidən gərginləşdirmişdi. Bundan sonra səfirləri geri çağıran Türkiyə və İsrail diplomatik münasibətləri və qarşılıqlı ticarəti dayandırmışdı.

2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyə və İsrail arasında münasibətlər yenidən gərginləşdi. Bu ilin əvvəlindən dünya mediası Suriyada mümkün İsrail-Türkiyə toqquşması barədə yazmağa başladı. Məsələ gündəmdəki yerini saxlayarkən, aprelin 10-da Türkiyə və İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Bakıda görüşü barədə xəbərlər yayıldı. Məlumat ard-arda həm Ankara, həm də Tel-Əviv tərəfindən təsdiqləndi. Bildirildi ki, tərəflər Bakı görüşündə Suriyada özünü biruzə verən İsrail-Türkiyə gərginliyinin azaldılmasını müzakirə ediblər və təmasları davam etdirmək, qarşıdurmadan yayınma mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

 

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev İsrail və Türkiyə arasındakı gərginliyin Azərbaycanın vasitəçiliyi ilə azaldıldığını açıqlamışdı. Bakı görüşü barədə məlumat da İlham Əliyevin açıqlamasından bir gün sonra yayılmışdı. Görünən budur ki, Bakı yenə də Ankara-Tel-Əviv xəttində vasitəçiliyini davam etdirir və bunun nəticələri də var.

İsrail Baş nazirinin Azərbaycana gözlənilən səfəri maraqlı bir mövzunu da gündəmə gətirib: Bakıda Netanyahu-Ərdoğan görüşü. Ehtimala görə, liderlər Bakıda görüşərək münasibətlərin normallaşdırılması yollarını və bu yöndə atıla biləcək konkret addımları müzakirə edəcəklər. İsrail Baş naziri Azərbaycanda olarkən Türkiyə Prezidentinin də ölkəmizə səfəri gözlənilir. Səfərlərin üst-üstə düşməsi təsadüfi sayılmır. Ərdoğan may ayında Azərbaycana gələcək. Bu, dövlət başçısının gələn ay xarici ölkələrə səfər proqramına salınıb. Artıq Türkiyə tərəfi bunu rəsmi formada təsdiqləyib.

 

Teleqraf-a danışan diplomatik mənbələr R.T. Ərdoğanın may ayının ilk iki həftəsi ərzində Azərbaycana səfər edəcəyini təsdiqləyiblər. Lakin bu tarixdə dəyişiklik də istisna edilmir.

 

Liderlərin Bakıda gözlənilən mümkün görüşünün müsbət nəticələrlə yekunlaşacağına dair əlamətlər də var. Məsələn, Azərbaycan-İsrail Alyansının (AIA) yaydığı məlumata görə, Türkiyə Benyamin Netanyahunun Azərbaycana səfər edəcək təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib. Türkiyə indiyədək İsrail üçün hava məkanını bağlamışdı. Hətta ötən ilin noyabrında Bakıda keçirilən COP29-da iştirak üçün Azərbaycana səfər etmək istəyən İsrail Prezidenti İshaq Hersoqun təyyarəsinin Türkiyənin hava məkanından istifadəsinə icazə verilməmişdi.

Məlumata görə, Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində başqa bir tarixi hadisə də yaşanacaq. Söhbət Azərbaycan və Türkiyə liderlərinin Laçında tikintisi başa çatan beynəlxalq hava limanının açılışında iştirakından gedir.

 

2022-ci il oktyabrın 20-də Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında bu barədə demişdi:

 

“İnşallah, iki ildən, bəlkə də iki il yarımdan sonra Laçında da hava limanı olacaq. İnşallah, Qardaşım (Ərdoğan – red.) da gələcək, bərabər açacağıq”.

 

R.T. Ərdoğan Azərbaycan liderinin bu təklifinə “inşallah” deyərək reaksiya vermişdi.

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Teleqraf-a açıqlamasında deyib ki, R.T.Ərdoğan may ayında Azərbaycana rəsmi səfəri zamanı Laçın Hava Limanın açılışına qatılacaq.

 

“Prezident Rəcəb Tayyib Ərdoğan Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib. Bu dəfə də Laçın Hava Limanının açılış mərasiminə qatılcaq. Türkiyə-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olub. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi və bölgədəki vəziyyət də diqqət mərkəzində olacaq”, – Şamil Ayrım vurğulayıb.

 

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycanda doqquzuncu beynəlxalq hava limanının bu il Laçında istifadəyə veriləcəyini açıqlamışdı. Ehtimala görə, açılış may ayının 10-da olacaq.

 

Beləliklə, üç mühüm hadisənin tarixləri üst-üstə düşür: B.Netanyahu və R.T.Ərdoğanın Azərbaycana səfəri və Laçın Hava Limanının açılışı…

Tacxeber.com

Oxşar xəbərlər