Taksilərdə POS-terminallar NİYƏ YOXDUR? – AYNA işə qarışacaq

Nazirlər kabinetinin 28 mart 2024-cü il tarixində təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
Sözügedən qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minib.
Lakin vətəndaşlardan redaksiyamıza şikayət daxil olur ki, əksər avtomobillərdə POS-terminal mövcud deyil.
Bəs görəsən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı monitorinq həyata keçirirmi, tədbir planı varmı?
Tacxeber.com xəbər verir ki, AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında qeyd edib ki, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır:
“Eyni zamanda, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal da olmalıdır. Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib. Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır”.
Tacxeber.com