U-2 casus təyyarəsi və Pauersin uçuşu.
1 may 1960-ci il il, Moskva, Qırmızı meydanda bayram nümayişi keçirilir. Amma mavzoleyin tribunasında duran sovet lideri Nikita Xruşşovun əhval-ruhiyyəsi heç də bayramlıq deyil. Səhər tezdən onu xarici kəşfiyyat təyyarəsinin sovet hava məkanına daxil olması xəbəri ilə oyadıblar. Bu, son illərdə dəfələrlə baş verən hadisədir. Çox yüksəkdən uçan bu təyyarələri vurmaq hələ ki, mümkün olmayıb.
***
fİkinci dünya müharibəsi zamanı müttəfiq olan ABŞ və SSRİ savaşdan sonra əsas rəqibə çevrildilər. Rəqiblərin isə bir-birləri barədə kəşfiyyat məlumatlarına ehtiyacları olur. SSRİ üçün ABŞ-da kəşiyyat aparmaq problem deyildi. Açıq ölkə idi, istənilən adamı saxta sənədlərlə göndərmək olardı. Burada yerləşən çoxsaylı beynəlxalq təşkilatlarda diplomatlar əvəzinə kəşfiyyatçılarla təmsil olunmaq mümkündü. Üstəlik, kommunizmə rəğbət bəsləyən ABŞ vətəndaşlarından yararlanmaq vardı.
ABŞ-ın işi isə bu qədər asan deyildi. SSRİ-yə kimisə qeyri-leqal göndərmək müşkül məsələ idi. Göndərsən belə, hər şeyə göz qoyan, hər şeylə maraqlanan sovet adamları arasında normal fəaliyyət göstərməsi daha müşkül idi. Bundan əlavə, SSRİ-də hərbi əhəmiyyətli ərazilər qapalı olurdular.Nəhayət, əgər əhali arasında ABŞ-a rəğbətlə yanaşan insanlar vardısa da, onları aşkar etmək mümkün deyildi.
1950-ci illərin birinci yarısında ABŞ-ı narahat edən əsas amil SSRİ-də nə qədər M-4 təyyarələrinin olması idi. Bu strateji bombardmançılar ABŞ ərazisinə nüvə bombası çatdıra biləcək yeganə sovet təyyarələri idilər. Təyyarələrin üzərindəki üçrəqəmli nömrələrə inanılsa, SSRİ-də onların sayı qorxuducu miqdarda və ABŞ-da olan analoqlarından xeyli çox idi.
1955-ci ildə Cenevrədə keçirilən sammitdə ABŞ prezidenti Duayt Ayzenhauer SSRİ-nin baş naziri Nikolay Bulqaninlə görüşü zamanı “Açıq səma” təklifini irəli sürdü. Bu konsepsiya tərəflərə bir-birlərinin ərazisi üzərində yoxlama uçuşları həyata keçirməyə, qarşılıqlı etimadı yüksəltməyə xidmət etməli idi. Amma Nikita Xruşşov bu təklifi rədd etdi.
Belə olduqda amerikalıların ümidi hava kəşfiyyatına qaldı. “Lokxid U-2” təyyarəsi də o ehtiyacdan yarandı. Bu təyyarə o zaman üçün görünməmiş 21 000 metr hündürlükdə uçmaq qabiliyyətinə malik idi. Amerikalılar təxmin edirdilər ki, bu hündürlük rəqibin həm qırıcı aviasiyası, həm hava hücumundan müdafiə (HHM), həm də radar sistemləri üçün əlçatmaz olacaq. İkinci dünya müharibəsi illərində məhz amerikalılar SSRİ-ni radarlarla təchiz etmişdilər (lend-liz) və onların texniki göstəricilərinə bələd idilər.

U-2
Casus təyyarəsinin daha bir özəlliyi güclü fotokameraya malik olması idi. Sınaq uçuşlarının birində Ayzenhauerin rançosunun şəkli çəkilmiş və prezidentə göstərilmişdi. 20 km hündürlükdən çəkilən şəkildə rançoda nə qədər inəyin olmasını saymaq mümkün idi. Təyyarənin 12 saat havada qala bilməsi də ö dövr üçün böyük göstərici sayılırdı.
***
1956-cı ilin iyununda U-2 sosialist blokuna daxil olan Şərqi Avropa ölkələri üzərində uçuş həyata keçirdi. İyulun 4-də isə təyyarə sovet ərazisi üzərindən uçdu. Amerikalıların düşündüklərinin əksinə, İkinci dünya müharibəsindən keçən illər ərzində sovet radarları xeyli təkmilləşmişdilər və təyyarəni dərhal gördülər. Amma qırıcılar və HHM onu vura bilmədi. Ertəsi gün təyyarə birbaşa Moskvanın üzərindən uçdu.
Artıq bir neçə uçuşdan sonra amerikalılar bilmək istədikləri əsas informasiyanı öyrəndilər: SSRİ-də M-4 təyyarələrinin sayı otuzdan çox deyildi. Bütün bu üçrəqəmli nömrələr blefdən başqa bir şey deyildi.
İyulun 10-da Moskva hava məkanın pozulmasına etiraz olaraq Vaşinqtona nota göndərdi. Cavab notasında amerikalılar ittihamı rədd etsələr də Ayzenhauer uçuşları dayandırmaq göstərişi verdi. Növbəti uçuş onun noyabrda ikinci dəfə prezident seçilməsindən sonra baş tutdu. Bundan sonra Ayzenhauer SSRİ və digər kommunist ölkələri üzərində hər uçuşu şəxsən sanksiyalaşdırırdı.
Bu dövrdə amerikalılar U-2-dən təkcə kommunist blokuna qarşı deyil, NATO üzrə müttəfiqləri olan Böyük Britaniya və Fransaya qarşı da istifadə etdilər. 1956-cı ilin Süveyş böhranı zamanı casus təyyarələr İsrail, Kipr, Malta üzərində uçuşlar həyata keçirir, yəhudilərin, ingilislərin və fransızların nə etmək istədiklərini öyrənməyə çalışırdılar.
SSRİ üzərində zaman-zaman bərpa edilən uçuşlar isə amerikalılara bəzi başqa məlumatlar almağa kömək etdi. Məsələn, 1957-ci ilin avqustunda gələcəkdə Baykonur kosmodromu adlanacaq Türatam poliqonu aşkar edildi. O vaxta qədər Ağ evdə və Pentaqonda bu barədə məlumat yox idi.
Amerikalılar M-4 bombardmançılarının say azlığından yenicə rahatlanmışdılar ki, 1957-ci il oktyabrın 4-də SSRİ kosmosa ilk süni peyk buraxdı. Hadisə ABŞ-da böyük əndişə doğurdu. İndi Moskvanın Vaşinqtonu vurması üçün təyyarələrə ehtiyacı yox idi, bunu qitələrarası ballistik raketlərlə də etmək olardı.
Nikita Xruşşov da amerikalıları qorxutmaq üçün əlindən gələni edirdi. O, 1958-ci ilin dekabrında bildirdi ki, sovet raketləri 13 min km məsafəyə nüvə başlığı daşımağa qadirdir. 1959-cu ilin sentyabrında ABŞ-a səfəri zamanı isə özünün məşhur “biz raketləri sosiska kimi buraxırıq” ifadəsinin işlətdi.
Əslində hər şey elə də rəvan getmirdi. Elə sosiska istehsalında olduğu kimi raket hazırlamaqda da ciddi problemlər vardı, amma ABŞ-da bunu bilmirdilər. Bir müddət əvvəl “bombardmançı fərqi”ndən qorxu keçirən amerikalılar indi “raket fərqi” üzündən təlaşa qapıldılar. Bu da Ayzenhaueri daha bir neçə uçuşu sanksiyalaşdırmağa sövq etdi.
1959-cu ilin iyulunda sovet ərazisi üzərində uçuş həyata keçirildi. Bundan sonra isə sərhədin yaxınlığından, sovet hava məkanına girmədən çəkilişlər aparıldı. Dekabrda və 1960-cı ilin fevralında yenə sovet ərazisi üzərində keçirilən iki uçuşda Britaniya təyyarəçilərindən istifadə olundu.
Bu dövrdə Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ-nin yer-hava raketlərinin təkmilləşməsi və U-2 üçün artıq təhlükəli ola biləcəyi barədə məlumata malik idi. Buna görə də britaniyalılardan istifadə olundu. Hesab edilirdi ki, əgər təyyarə vurularsa və uçuşu ingilislərin həyata keçirdiyi məlum olarsa, bu, daha az beynəlxalq gərginliyə səbəb olar.
SSRİ isə bütün cəhdlərinə baxmayaraq, dörd ilə yaxın müddətdə hava məkanına soxulan U-2 təyyarələrindən heç birini vurmağı bacarmadı. 1960-cı il mayın 1-də Nikita Xruşşovun əhvalı məhz buna görə təlx idi. O, müdafiə naziri Malinovskiyə və HHM komandanı Biryuzova təyyarəni nəyin bahasına olursa olsun vurmağı tapşıraraq nümayişə gəlmişdi.
***
1960-cı il mayın 16-da Parisdə dörd dövlətin – ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin sammiti keçiriləcəkdi. Ayzenhauerin bu sammitdə özünü daha hazırlıqlı hiss etməsi üçün SSRİ-nin qitələrarası ballistik raketlərinin sayı barədə daha ətraflı məlumata ehtiyacı vardı. Buna görə də sovet ərazisi üzərindən daha iki uçuşa icazə verdi.
İlk uçuş aprelin 9-da həyata keçirildi. Bob Eriksonun idarə etdiyi və Pakistanın Pişəvər şəhəri yaxınlığındakı aviabazadan qalxan təyyarə SSRİ-nin bir sıra xüsusilə məxfi obyektlərinin üzərindən uçdu, sovet qırıcılarının vurmaq cəhdlərindən yayındı və İranın Zahedan şəhəri yaxınlığındakı bazada yerə endi.
İkinci uçuş əslində aprelin 29-da olmalı idi, nəzərdə tutulan marşrutda hava buludlu olduğundan bir gün təxirə salındı. Amma buludlar ertəsi gün də dağılmadı. Mayın 1-də hava yaxşılaşdı və Frensis Qeri Pauersin idarə etdiyi U-2 səhər tezdən Peşəvərdən havaya qalxdı. Təyyarə sovet sərhədini Moskva vaxtı ilə 05:36-da, Tacikistanın Kirovabad (Pənc) qəsəbəsi yaxınlığında keçdi. O, bir neçə məxfi obyektlər, xüsusən də Baykonur və Plesetsk kosmodromları, nüvə silahının istehsal edildiyi Arzamas-16 (Sarov) şəhəri üzərində çəkilişlər aparmalı və şimala uçaraq Norveçin Budö şəhəri yaxınlığındakı bazada enməli idi.

Frensis Qeri Pauers
Uçuşun məcburən olsa da mayın 1-nə salınması səhv addım idi. SSRİ-də belə günlərdə hərbçilər gücləndirilmiş iş rejiminə keçirdilər. Digər tərəfdən uçuşlar az olurdu. Buna görə də Düşənbə qarnizonunun radiolokasiya sistemi təyyarəni dərhal radarda tutdu və komandanlığa bildirdi. Xəbər yuxudan oyadılan Xruşşova qədər getdi və qısa müddət sonra “nəyin bahasına olursa olsun, vurun” şəklində geri qayıtdı.
Pauersi əvvəlcə uçuş tavanı 20 min metr olan Su-9 qırıcısı ilə vurmağa cəhd edildi, özü də taran şəklində. Çünki təsadüfən yaxınlıqda olan Su-9 qırıcısı təmir olunduğu zavoddan hərbi hissəyə qayıdırdı və heç bir silahı yox idi. Casus təyyarəsini taran etmək əmri alan kapitan İqor Mentyukov xüsusi yüksəklik kostyumu geyinməmişdi. Bu da o demək idi ki, tarandan sonra sağ qalmaq şansı yox idi.
Amma 08:10-da havaya qalxan Mentyukov taran edə bilmədi. Yerdəki operator onu düzgün yönləndirmədi və daha yüksək sürətli Su-9 Amerika təyyarəsinin yanından keçdi. İkinci cəhd üçün isə yanacağı yetərli deyildi. Beləcə, Mentyukov aerodroma qayıtmalı oldu.
Su-9-un yerə enməsindən sonra, saat 08:43-də havaya iki MiQ-19 təyyarəsi (pilotlar – Sergey Safronov və Boris Ayvazyan) qaldırıldı. Amma onların da U-2-ni vura biləcəkləri ağlabatan deyildi, çünki MiQ-lərin uçuş tavanı 15600 metr idi. Belə olduqda ümid yeni, 1957-ci ilin dekabrında orduya qəbul edilən “S-75 Dvina” zenit-raket kompleksinə qaldı.
Saat 08:53-də, U-2 artıq sover ərazisinin içərilərində – Sverdlovsk (indi: Yekaterinburq) yaxınlığında uçarkən sovet zenit divizionlarından biri ona üç S-75 raketi ilə atəş açdı. Raketlərdən elə birincisi hədəfə dəydi. Xarakteristikasına uyğun olaraq hədəfin yanında partlayan raketin qəlpələri U-2-nin quyruğunu və yeganə mühərrikini zədələdi və təyyarə düşməyə başladı.
Amma sovet zenitçiləri hədəfin vurulduğunu bilmirdilər və yarım saat müddətində daha bir neçə raket atdılar. Raketlərdən biri Safronovun idarə etdiyi MiQ-ə dəydi və pilot həlak oldu. Ayvazyan isə sürətlə aşağı enərək raketlərin atəş sahəsindən çıxa bildi.
Müəyyən çətinliklər üzündə Pauers yalnız 10 min metr hündürlükdə katapult etdi. O, Kosulino kəndi yaxınlığında yerə düşdü və yerli sakinlər tərəfindən saxlanıldı. Pilotda sağ ələ keçməmək üçün zəhərli iynə var idi, amma ondan istifadə etmədi. Pilot təyyarəni tərk etməzdən əvvəl casus avadanlığını da məhv etməli idi, ancaq bunu da etmədi.
Təyyarənin vurulması barədə dərhal Moskvaya xəbər verildi və Xruşşovun əhvalı düzəldi. O, vəcdə gələrək bir ara nümayişçiləri “Yaşasın sovet ordusu” hayqırtısı ilə salamladı.
***
Sovet rəhbərliyi dörd il ərzində dözməli olduğu həqarətin acığını çıxmaq üçün fürsət qazandı. Onlar təyyarəni vurduqlarını açıqlamayaraq amerikalıları intizarda saxladılar, onların nə deməsini gözlədilər. ABŞ tərəfinin mayın 3-də yaydığı məlumatda bildirilirdi ki, SSRİ-Türkiyə sərhədində, atmosferin yüksək qatlarında meteoroloji tədqiqat aparan təyyarə itkin düşüb, ehtimal ki, pilot oksigen çatışmazlığı üzündən huşunu itirib və avtopilotda olan təyyarə sovet ərazisinə keçib.
Nikita Xruşov isə mayın 5-də sovet ərazisinə daxil olan təyyarənin vurulduğunu açıqladı, amma pilot barədə yenə bir söz demədi. Amerikalılar pilotun öldüyünə və casus avadanlığının məhv edildiyinə bir az da əmin oldular və elə həmin gün meteoroloji tədqiqatlar barədə yalanı bir daha təkrar etdilər.
Mayın 7-də isə Xruşşov son zərbəni vurdu: “Mən birinci dəfə bu barədə danışanda pilotun sağ və salamat olmasını qəsdən demədim. İndi görün, amerikalılar nə qədər cəfəngiyyat danışıblar”. Bunun ardınca təyyarədən çəkilən şəkillər sübut kimi ortaya qoyuldu. Çarəsiz qalan amerikalılar hər şeyi etiraf etdilər.
***
Mayın 16-da dörd dövlət rəhbərinin Paris sammiti işinə başladı. Fransa prezidenti Şarl de Qollun birinci ona söz verməsini istəyən Nikita Xruşşov ölkəsinin sərhədlərinin amerikalılar tərəfindən pozulmasından danışmağa başladı. Getdikcə səsini qaldıran sovet liderinə de Qoll “bu otağın yaxşı akustikası var” deyərək mədəni şəkildə səsini aşağı salmasını istədi.
Amma Xruşşov sakitləşmək bilmirdi. O, ABŞ prezidentinin üzr istəməsini tələb edirdi, bunun da baş verməsi ehtimalı yox idi. Vəziyyəti yumşaltmağa və ev sahibi olduğu sammiti xilas etməyə çalışan de Qoll SSRİ-nin bir gün əvvəl buraxdığı Sputnik-4 peykinin də bir neçə dəfə Fransanın üzərindən keçdiyini xatırlatdı.
Bununla belə, Xruşşov dediyindən dönmədi. O, ertəsi gün bildirdi ki, əgər Ayzenhauer üzr istəməsə, daha sammitdə iştirak etməyəcək. ABŞ prezidentinin isə belə bir fikri yox idi və sammit işinə başlamamış yekunlaşdı. Bu zaman Xruşşov Ayzenhauerə SSRİ-yə səfər haqda daha əvvəl etdiyi dəvəti geri çəkdi. Halbuki bu səfər SSRİ-Amerika münasibətləri və dolayısı ilə bütün dünyada gedən proseslər üçün çox önəmli ola bilərdi.
***
Qeri Pauers avqustun 19-da SSRİ Ali məhkəməsini Hərbi kollegiyası tərəfindən 10 il azadlıqdan məhrum edildi. O, cəzasının ilk 3 ilini həbsxanada çəkməli idi və “Vladimir sentralı” kimi tanınan məşhur qazamata göndərildi. Amma cəmi ilyarım sonra, 1962-ci il fevralın 10-da Şərqi Almaniya ilə Qərbi Berlinin arasında yerləşən Qlinik körpüsündə ABŞ-da həbs olunan sovet kəşfiyyatçısı Rudolf Abellə dəyişdirildi.
Pilot Amerikada çox da isti qarşılanmadı. Onu casus avadanlığını məhv etməməkdə, eləcə də intihara etməyib ifadə verməkdə qınayırdılar. Amma rəsmən heç bir ittiham irəli sürülmədi. Ömrünün son illərində “KNBC Channel 4” telekanalında helikopter pilotu işləyirdi.
1977-ci il avqustun 1-də Santa Barbara ətrafında meşə yanğınlarının çəkilişindən qayıdarkən Pauersin idarə etdiyi helikopterin benzini qurtardı. Pilot onu avtorotasiya ilə boş sahəyə endirərkən son anda aşağıda oynayan uşaqları gördü və helikopterı kənara apardı. Nəticədə qəza baş verdi, Pauers və kanalın operatoru həlak oldular.