• 03 May 2025 16:53

“30 il ərzində ifşa olunmayan silsilə qatil sonunda öz şöhrətpərəstliyinin badına getdi” – Yadigar Sadıqlı

BTK ləqəbli silsilə qatil Dennis Reyder. 30 il ərzində ifşa olunmayan Reyder sonunda öz şöhrətpərəstliyinin badına getdi.

 

Dennis 1945-ci ildə ABŞ-ın Kanzas ştatında anadan olub. Uiçito şəhərində böyüyüb. Uşaqlıqda bir travma yaşamayıb. Amma tez-tez xırda heyvanlara əzab verib öldürürmüş. Vuayerizmi və qadın paltarı geyməyi xoşlayırmış.

Orta məktəbi bitirdikdən sonra Kanzas Ueslian universitetinə daxil olub, amma bir il sonra təhsili braxıb. 1966-1970-ci illər ABŞ ordusunda xidmət edib. Tərxis olandan sonra supermarketdə işləyib, evlənib, bir qızı, bir oğlu olub. 1970-ci illərdə təhsilini bərpa edib və Uiçito Ştat Universitetini bitirib. Müxtəlif özəl və dövlət işlərində çalışıb. Eyni zamanda fəal dindar olub, bir müddət Uiçito Lüteryan kilsəsi icmasının rəhbəri seçilib.

 

Onun sübut olunmuş qətlləri 1974-1991-ci illərdə törədilib. İlk cinayətini 1974-cü il yanvarın 15-də törədib: Otero ailəsinin dördü üzvünü (valideynlər, 9 və 11 yaşlı iki uşaq) öldürüb. Apreldə isə Ketrin Brayt adlı bir qadını öldürür. Bundan sonra cinayətkar fəaliyyətinə üç il fasilə verir. 1977-ci ildə daha iki qadını öldürür.

 

Dennis Reyder şöhrətpərəst adam idi. Qəzetlərin onun cinayətlərindən az yazması, polisin 1974 və 1977-cü illərdə törədilən qətlləri bir-biri ilə əlaqələndirə bilməməsi onu qıcıqlandırır. 1978-ci ilin əvvəllərində yerli telekanallardan birinə hiddət dolu məktub göndərir: “Mən daha neçə nəfər öldürməliyəm ki, adım qəzetlərdə çıxsın və bütün ölkə məndən danışsın?” O, məktubda özü üçün bir neçə ləqəb təklif edir, jurnalistlər BTK-nı bəyənirlər: ingilisə bind, torture, kill (bağlamaq, işgəncə vermək, öldürmək) sözlərinin baş hərflərindən. Məktubdan sonra məlum oldu ki, Uiçito şəhərində silsilə qatil mövcuddur. Bütün şəhər qorxuya düşür, o cümlədən, öz ailəsi də. Amma Reyder onları “sizə heç bir təhlükə yoxdur” sözləri ilə sakitləşdirir.

 

BTK təsdiq olunmuş daha üç qətlini 1985,1986 və 1991-ci illərdə törədir. Öldürdüyü qadınların çılpaq şəkillərini çəkir. Bəzən özünün də qadın alt paltarında şəkillərini çəkirmiş. 1991-ci ildən sonra Reyder həm qətllərini, həm də məktublarını dayandırır.

2004-cü ildə, Otero ailəsinin qətlinin 30-cu ildönümündə yerli qəzetlərdən biri BTK haqqında məqalə paylaşır. Şəhərdə çoxdan qətllər törədilmədiyini əsas gətirən qəzet, qatilin ya öldüyünü, ya başqa cinayətə görə tutulduğunu ehtimal hesab edir. Bundan sonra Reyder yenidən məktub yazmağa başlayır.

 

2005-ci ilin yanvarında yerli telekanalların birinə disket göndərir. Polis həmin disketdən sonuncu dəfə Lüteryan kilsəsindəki kompüterdə istifadə olunması, materialın Dennis adlı şəxsə məxsus olması barədə informasiya çıxara bilir. Bundan sonra Dennis Reyder əsas şübhəliyə çevrilir. Onun qızının xəstəxanaya verdiyi nümunə ilə BTK-nın qətllərdə buraxdığı nümunələrin DNT analizi aparılır və məlum olur ki, qız qatilin qızıdır.

Dennis Reyder 2005-ci ildə həbs olundu. Çox dirənmədən əməllərini etiraf etdi. Öldürdüyü hər adama görə bir ömürlük həbs olmaqla 10 ömürlük həbsə məhkum olundu. Təhlükəsizlik məqsədilə təkadamlıq kamerada saxlanılan BTK-nın 2025-ci il martın 9-da 80 yaşı oldu.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər