• 04 May 2025 05:07

“Yatmaz Tirəxtur bayrağı!” Təbrizli “bozqurdların” qəhrəmanlıq hekayəsi – Yadigar Sadıqlı


Prezidentin də azarkeşlik və müdafiə etdiyi klub, nəhayət, layiq olduğu adı qazandı.

 

Mayın 2-də Təbrizin “Traktor” komandası tarixində ilk dəfə İran çempionu oldu. Komanda bu zəfər böyük üstünlüklə, çempionatın bitməsinə iki tur qalmış, ən yaxın izləyicisini 8 xal qabaqlamaqla nail oldu. “Traktor” bütün komponentlər üzrə üstün oldu. Ən çox qələbə (20), ən çox vurulan (51) və ən az buraxılan (15) qol. Amma bu parlaq qələbənin arxasında onilliklərin ağrı-acısı, kədər və məyusluğu durur. Məqaləm “Traktor”u qəhrəmanlığa (İranda çempionu belə adlandırırlar) aparan enişli-yoxuşlu yol haqqındadır.

 

***

1960-cı illərin sonlarına qədər İranda futbol üzrə vahid ölkə çempionatı keçirilmirdi. Müxtəlif vilayətlər üzrə yerli turnirlər vardı. Vahid çempionatın təşkilinə 1970-ci ildə qərar verildi.

 

Bundan bir il əvvəl Təbrizdə yerli maşınqayırma zavodunun sponsorluğu ilə “Maşın sazi” futbol klubu yaradılmışdı. Vahid ölkə çempionatı təsis edildikdə isə Təbriz traktor zavodu da geri qalmamağı qərara aldı və “Traktor sazi” klubunu yaradaraq, sponsorluq etdi.

Klub beş il İran çempionatının ikinci liqasında çıxış etdi və 1974-75-cı il mövsümündə liqa çempionu olaraq o zaman Təxt-e Cəmşid kuboku adlanan birinci liqaya çıxdı.

 

 

Növbəti ildə “Traktor Sazi”nin çıxışı ambivalent duyğular yaratdı. Komanda çempionatda uğursuz çıxış edərək, sonuncu, 16-cı yeri tutdu və ikinci liqaya qayıtdı. Əvəzində İran kubokunda uğurlu çıxışı ilə yadda qaldı: yarımfinalda o dövrün güclü klublarından olan “PAS Tehran”ı məğlub edərək finala çıxan “Traktor Sazi” burada “Malavan”a 1:4 hesabı ilə uduzdu.

 

İkinci liqadakı növbəti mövsümdə ikinci yeri tutan təbrizlilər yenidən birinci liqaya qayıtdılar. 1977-78-ci il çempionatında yetərincə uğurlu çıxış edərək, 5-ci yeri tutdular, bürünc medal qazanan “Malavan”dan cəmi 3 xal geri qaldılar. Növbəti çempionat isə İran İslam inqilabı səbəbindən yarımçıq qaldı. Sonra da İran-İraq müharibəsi başladı və 1980-ci illərdə yalnız regional turnirlər keçirildi.

 

***

Təbriz traktor zavodu 1968-ci ildə Rumıniyanın dəstəyi ilə tikilmişdi. Müəssisə sonrakı illər ərzində də rumınlarla sıx əlaqələrə malik idi. 1990-cı ildə zavoda Rumıniyadan Vasile Qoca adlı bir mütəxəssis gəldi. O, həm də futbol məşqçisi idi və vətənində “Traktorul Braşov”un sükanı arxasında olmuşdu.

Təbrizin futbol infrastrukturu ilə tanış olan Qoca “Traktor Sazi” nin məşqçisi ola biləcəyini açıqladı. Qısa müddət ərzində Azərbaycan dilini öyrənən Qoca təbrizlilərin sevimlisinə çevrildi. O, həm də yaxşı seleksiyaçı idi. Kərim Baqeri, Sirus Dinməhəmmədi, Əlirza Nikmehr, Hüseyn və Rəsul Xətibi qardaşları kimi təbrizli istedadları kəşf etdi. 1997-ci ilə qədər “Traktor Sazi”nin məşqçisi olan Qoca komandaya İran çempionatında ilk dəfə medal qazandırdı.

 

***

Vahid İran çempionatının yüksək liqası 1989-cu ildə bərpa edildi. “Traktor sazi” 1989-90 mövsümündə dördüncü yeri tutdu. Sonra daha bir il fasilə verildi və çempionat 1991-92-ci il mövsümündən mütəmadi davam etdi. Bir il sonra “Traktor Sazi” bürünc medal qazanaraq, ilk dəfə çempionatın mükafatçısı oldu.

1994-95-ci il mövsümündən sonra yüksək liqanın strukturunda dəyişiklik etmək və komanda sayını azaltmaq (iki qrupa bölünən 24 komanda əvəzində dairəvi sistemlə oynayan 16 komanda) qərara alındı. Nəticədə yüksək liqanı 13 komanda tərk etdi, onlardan biri də “Traktor Sazi idi”. Maraqlıdır ki, komanda yüksək liqanı tərk edən mövsümdə yenə də ölkə kubokunun finalına çıxdı və yenə uduzdu. Bu dəfə “Bəhmən” komandasına – 1:0, 0:2.

 

Bir il sonra yüksək liqaya qayıdan təbrizlilər ev oyunlarını yeni “Yadigar-i İmam” stadionunda (təbrizlilər sadəcə “Səhənd” deyirlər)  keçirməyə başladılar. Dalbadal beş mövsüm yüksək liqada oynayan “Traktor” xüsusi nailiyyət qazanmadı. Bu dövrdə klubun ən yaxşı göstəricisi 1999-2000 mövsümündəki 6-cı yer oldu. Bir il sonra isə yenidən ikinci liqaya yuvarlandı. “Traktor Sazi” yalnız 2008-09-cu il mövsümündən sonra İran Pro Liqa adlanan yüksək liqaya qayıtdı və indiyə qədər burada oynamaqda davam edir.

 

İlk iki mövsümdə yeddinci və beşinci yeri tutan komanda 2011-12 mövsümündə tarixinin ən yaxşı nəticəsini göstərərək, gümüş medal qazandı. Təbrizlilər çempion “Sepahan”dan cəmi 1 xal geri qaldılar, üçüncü yeri tutan “Esteğlal”la isə eyni xal toplasalar da, başqa göstəricilərə görə üstün oldular.

Komandanı bu uğura çatdıran məşqçi Əmir Qalanoyi “Esteğlal”a keçdi və “Traktor Sazi” özünə yeni məşqçi axtarmalı oldu. Seçim portuqaliyalı mütəxəssis Toni üzərində qaldı.

 

Növbəti mövsümdə Təbriz komandası yenə ikinci oldu. Bu dəfə çempion olan “Esteğlal” onu iki xal qabaqladı. Klub ilk dəfə iştirak etdiyi Asiya Çempionlar Liqasında uğursuzluqla üzləşdi və qrupdan çıxa bilmədi. Toni ilə yola getməyən klub rəhbərliyi bu uğursuzluğu əsas gətirərək, portuqaliyalını qovdu. Amma “Traktor”un 2013-14 mövsümünə zəif başlamasından sonra Toni yenidən komandaya qaytarıldı.

 

 

Klub startda itirdiklərini kompensasiya edə bilmədi və çempionatda yalnız 6-cı oldu. Asiya Çempionlar Liqasında yenə qrupdan çıxa bilmədi. Əvəzində ilk dəfə ölkə kubokunu (Hazfi kuboku) qazandı. Finalda “Mes Kerman” 1:0 hesabı ilə məğlub edildi. Növbəti çempionatın finişi isə “Traktor Sazi” azarkeşləri üçün əsl faciə oldu.

 

***

2014-15-ci il çempionatının 29 turundan sonra üç komanda çempionluğa namizəd idi. “Traktor Sazi” və “Neft Tehran” 57 xal toplamışdılar. Təbrizlilər vurulan-buraxılan topların daha yaxşı fərqinə görə (+24) birinci yerdə, tehranlılar (+17) ikinci yerdə idilər. Üçüncü yeri tutan İsfahanın “Sepahan” komandasının 56 xalı vardı. Mayın 15-də baş tutacaq sonuncu turda “Traktor Sazi” Təbrizdə “Neft Tehran”ı qəbul edirdi. Bu oyunda hansı komanda qalib gələrdisə, ilk dəfə İran çempionu olacaqdı. “Sepahan” isə “Saypa”ya qalib gəlməli və Təbrizdəki oyunun heç-heçə bitməsini gözləməli idi.

 

Təbrizdə hesab 6-cı dəqiqədə açıldı. Künc zərbəsindən sonra Əlirza İzzəti “Neft Tehran”ı irəli çıxardı. “Traktor Sazi” yalnız 37-ci dəqiqədə hesabı bərbərləşdirdi. Andranik Teymuryanın sağ cinahdan ötürməsindən sonra çempionatın ən yaxşı bombardiri, braziliyalı Edinyo 20-ci qolunu vurdu: 1:1. Birinci hissənin son dəqiqəsində isə bu dəfə Edinyo sol cinahdan ötürmə etdi və Teymuryan baş zərbəsi ilə “Traktor Sazi”ni irəli çıxardı – 2:1.

Fasilədən sonra Fərid Kərimi 62-ci dəqiqədə cərimə meydançasında topu Qaskoynsayağı müdafiəçinin başı üzərindən ataraq yerə düşməsinə imkan vermədən qapıdan keçirdi – 3:1. 80 min insanın toplaşdığı “Səhənd” stadionunda əndazəsiz sevinc hökm sürürdü.

 

Amma cəmi iki dəqiqə sonra ilk narahatedici siqnal gəldi: birinci hissədə topa fitdən sonra zərbə endirdiyi üçün sarı kart alan Teymuryan 64-cü dəqiqədə rəqibin xeyrinə təyin edilən cərimə zərbəsindən sonra topu əlində tutub rəqibə verməyə tələsmirdi, almaq istəyən “Neft” oyunçusunu isə itələdi. Təkan qüvvətli deyildi və üstündən keçmək də olardı. Amma hakim Əlirza Fəqani Teymuryana ikinci sarı və qırmızı kart göstərdi.

Ümidlənən tehranlılar irəli atıldılar. Siamək Kuruşu 76-cı dəqiqədə hesab arasındakı fərqi azaltdı – 3:2. Cəmi 4 dəqiqə sonra isə braziliyalı Lenadro Padovani künc zərbəsindən sonra qapıçının çıxışda buraxdığı səhvdən istifadə edib hesabı bərabərləşdirdi – 3:3. Bundan sonra Fərid Kərimi qapıçı ilə təkbətək çıxmaq üzrə ikən “Neft” müdafiəçisi tərəfindən cərimə meydançasında yıxıldı, amma hakim penalti təyin etmədi.

 

Oyunun son dəqiqələrində isə qəribə hadisələr baş verdi. Stadionda internet rabitəsi kəsildi. Eyni zamanda “Sepahan”-“Saypa” oyununun 2:2 bitməsi haqqında şayiələr yayıldı. Hətta stadionun diktoru da bunu elan etdi. İki oyunun nəticəsi “Traktor Sazi”ni çempion edirdi. İndi təbrizli futbolçular vaxtı “öldürməyə” çalışırdılar. Hücuma keçmək əvəzinə arxada paslaşır, bəhanə düşən kimi yerə yıxılıb tibbi yardım istəyirdilər. Artıq əvəzlənən Edinyo matçın bitməməsinə səbirsizlənərək, qaçış cığırında uzanıb əlini yerə çırpırdı.

 

 

Nəhayət, hakim oyunu bitirdi. Stadiona toplaşan onminlərlə insan sevimli komandasının qalibiyyətini bayram çılğınca bayram etdi. Polis maneəsinə baxmayaraq, bəziləri meydana girib sevinclərini klub üzvləri ilə bölüşdülər. Və bu zaman bütün əhval-ruhiyyəni dəyişəcək xəbər gəldi: “Sepahan” “Saypa” üzərində 2:0 hesabı ilə qələbə çalıb. Deməli, “Traktor Sazi” yenə də ikinci olub.

 

Əndazəsiz sevinc dəhşətli qəzəbə çevrildi. Bayaqdan unudulanlar – Teymuryana verilən qırmızı kart, təyin olunmayan penalti, itən internet və başqa şeylər yada düşdü. İğtişaşlar başladı və stadiondan şəhərə sıçradı. Azarkeşlərin fikrincə, baş verənlər nə hakimin, nə futbol federasiyasının deyil, birbaşa siyasi hakimiyyətin işi idi. Prezident Ruhaninin beş gün sonra Təbrizə gələcəyini anons edən bannerlər yandırıldı. Toqquşmalarda həm azarkeşlərdən, həm polisdən xəsarət alanlar oldu. Çempionluğun itirilməsinə dözməyən azı bir azarkeşin infarkt keçirərək ölməsi məlumdur.

 

Dünyanın bir sıra nüfuzlu xəbər resurslarının diqqət ayırdığı məsələyə İran rəsmiləri münasibət bildirməyə tələsdilər. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi “Səhənd” stadionunda internetin kəsilmədiyini, sadəcə izafi yüklənmə üzündən pis işlədiyini iddia etdi. Şərqi Azərbaycan ostanının telekommunikasiya departamentinin rəhbəri də nazirin dediyini təsdiqlədi.

Sosial şəbəkələrdə “Ruhanini qırmızı kartla qarşılayın” kampaniyası başladı. Prezidentin həm “Təxti” stadionunda, həm Saat meydanında keçirdiyi görüşdə onminlərlə insan “Traktor, Traktor” qışqırdı və qırmızı kart tutan əllərini, qırmızı parçalar bağlanmış biləklərini yuxarı qaldırdılar.

 

Təbrizə gəlməzdən öncə nazirlər kabinetinin iclasında idman və gənclər nazirinə baş verənlərin araşdırılmasını tapşıran prezident Ruhani Təbrizdəki çıxışı zamanı “Kimsə İranın böyük xalqının, xüsusən də Azərbaycan və böyük Təbriz xalqının duyğuları ilə oynaya bilməz. İnsidentdə kimsə günahkardırsa, hökumətin onu cəzalandırmaq üçün hər şeyi edəcəyinə şübhə etməyin” söylədi.

Hadisəyə Azərbaycandan seçilmiş millət vəkilləri də münasibət bildirərək ciddi araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb etdilər. Onların arasında İranın indiki prezidenti, “Traktor” azarkeşliyi ilə tanınan Məsud Pezeşkian da vardı. Hətta Təbrizin imam-cüməsi ayətullah Möhsün Şəbüstəri də insidentə reaksiya verərək araşdırılmasını istədi.

 

Araşdırmalardan sonra tətbiq edilən cəzaların daha çox insanları sakitləşdirmək məqsədi güdməsi təsiri bağışlayır. Federasiyanın hakimlik departamentinin sədri Hüseyn Əsgəri istefaya məcbur edildi. Əlirza Fəqani üç oyun hakimlikdən məhrum edildi, stadionun diktoru cəzalandırıldı və s.

 

***

“Traktor” 2016-17 mövsümündə yenə Əmir Qalanoyinin rəhbərliyi altında çempionatda bürünc medal qazandı. Hazfi kubokunda da finala çıxdı və burada “Neft Tehran”a 0:1 məğlub oldu. 2019-20 mövsümündə isə komanda tarixində ikinci dəfə Hazfi kubokunu qazandı. Finalda 3:2 hesabı ilə “Esteğlal” məğlub edildi. Həmin vaxt məşqçi Sakit İlhami idi.

Asiyanın klub turnirlərində dəfələrlə iştirak edən “Traktor” ən yaxşı nəticəni 2024-25  mövsümündə göstərdi. Komanda Asiya Futbol Konfederasiyasının ikinci Çempionlar Liqasında ¼ finala çıxdı. Burada Səudiyyə Ərəbistanının “Əl-Taavun” komandası ilə hər iki oyun 2:2 hesabı ilə bitdi. Penaltilər seriyasında isə ərəblər qalib gəldilər.

 

***

2018-ci ildən təbrizli biznesmen Məhəmmədrza Zonusinin aldığı klub 2019-cu il iyulun 1-dən adını dəyişərək, sadəcə “Traktor” oldu. Təbrizlilər isə öz ləhcələrində “Tirəxtur” deyirlər.

 

 

Təbriz azarkeşləri sadiqlikləri ilə seçilirlər. “Traktor” adətən ev oyunlarında ən çox azarkeş toplayan komanda olur. “Səhənd” stadionu 66 833 yerlik olsa da, burada 70-80 min, hətta 90-100 min azarkeşin toplanması tez-tez baş verir. Oyunlara Güney Azərbaycanın başqa şəhərlərindən də gəlirlər. Stadiona girə bilməyənlər, eləcə də qadınlar oyunu ətrafdakı təpələrdən izləyirlər. Asiya Futbol Konfederasiyasının 2020-ci ilin sonlarında keçirdiyi sorğunun nəticələrinə görə, “Traktor” Mərkəzi və Cənubi Asiyanın ən populyar klubu seçilib.

 

 

Azarkeşlərin səsləndirdiklər ən populyar şüarlar “Yaşasın Türəxtur!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor (və ya xar) olsun!”, “Azərbaycan diyarımız, Tirəxtur iftixarımız”, “Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı!”, “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!” və başqalarıdır.

Burada siyasi və milli istəklərin dilə gətirilməsi nadir hal deyil. “Öz dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarı belələri arasında ən populyardanlardandır. “Traktor” oyunlarında dəfələrlə Azərbaycan Respublikasının və Türkiyənin ərazi bütövlüyünə dəstək ifadə olunub, Xocalı faciəsi anımına bannerlər qaldırılıb.

 

“Traktor”un “Persepolis” komandası ilə oyunları xüsusilə gərgin keçir. Tehranda yerli azarkeşlər türklər haqqında təhqiramiz fikirlər səsləndirirlər. Təbrizdə də bunun əvəzini çıxırlar. Bu zaman “Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” şüarı ən mülayimi olur.

 

***

2024-cü ilin yayında komandaya yeni məşqçi – xorvat mütəxəssis Draqan Skoçiç dəvət olundu. Skoçiç Yaxın Şərqdə, eləcə də İranda böyük məşqçilik təcrübəsinə malikdir. O cümlədən, 2020-2022-ci illərdə İran millisinin baş məşqçisi olub və onu son dünya çempionatının final mərhələsinə çıxarıb. Bununla belə, Skoçiç heç bir klubu ölkə çempionu etməyi bacarmayıb.

Amma “Traktor” onun rəhbərliyi altında inamlı oyun göstərməyə başladı. Bəzən gözlənilməz büdrəmələrə baxmayaraq (evdə “Zob Ahan” “Fulad” və “Şəms Azər”ə məğlubiyyətlər) komanda 2024-25 mövsümünün əvvəlindən 2-3 yerlərdə oldu. 11-18-ci turlarda liderliyi “Sepahan”la növbələşən təbrizlilər 19-cu turdan etibarən cədvəlin başında qərarlaşdılar və heç kəsi özlərinə yaxın buraxmadılar. Komanda bir ara “Sepahan”dan 7 xal öndə idi. Amma 26-cı turda “Çadormalu Yəzd” ilə səfərdə 2:2 heç-heçə oynayandan sonra fərq 5 xala endi.

 

“Traktor”un bu dəfə də çempionluğu əldən verəcəyi inandırıcı deyildi. Elə görünürdü ki, məsələ 29-cu, ya da ən pis halda, sonuncu, 30-cu turda həll olunacaq. Amma hər şey 28-ci turda bitdi. “Traktor” Qəzvində “Şəms Azər”lə qarşılaşdı və birinci dövrədə Təbrizdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxdı – 4:0. Bütün çempionat boyu cəmi bir dəfə “Traktor”a uduzan “Sepahan” isə gözlənilmədən İsfahanda “Gol Gohar”a uduzdu  -1:2. Beləliklə, fərq 8 xala çatdı və “Traktor” çempionatın bitməsinə iki tur qalmış tarixində ilk dəfə İran çempionu oldu.

Doğma Təbrizi, komandanın şimal və cənubdakı, dünyanın başqa ölkələrindəki bütün azarkeşlərini təbrik edirik. Asiya Çempionlar Liqasında “Traktor”a uğurlar! Yatmasın Tirəxtur bayrağı!

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər