• 04 May 2025 18:38

Həbsdə olan iki jurnalistin aclıq aksiyasına başladığı bildirilir

Onlardan biri ağzını iynə ilə tikəcəyini deyib.

 

“Meydan TV işi ilə bağlı həbs olunmuş jurnalist Nurlan Qəhrəmanlı (Libre) və 8 il azadlıqdan məhrum edilmiş “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun 3 may – Ümumdünya Mətbuat Azadlığı Günündə siyasi məzmunlu həbslərə etiraz etmək və Tofiq Yaqubluya həmrəylik məqsədilə aclıq aksiyasına başladığı bildirilir.

 

Bu barədə məlumat Nurlan Librenin şəxsi “Facebook” səhifəsində yayımlanıb.

Nurlan Librenin adından yazılan postda onun ağzını iynə ilə tikəcəyi də qeyd edilir.

“Mən müstəqil jurnalist, “Portağal Media” xəbər kanalının təsisçi direktoru Nurlan Libre 3 may – Ümumdünya Mətbuat Azadlığı Günündə siyasi məzmunlu həbslərə etiraz etmək və Tofiq Yaqubluya həmrəylik məqsədilə aclıq aksiyasına başlayıram və ağzımı iynə ilə tikəcəyəm. Ağız tikmək simvolik aktdır. Bununla mən dövlətə məni özümdən başqa heç kimin susdura bilməyəcəyini bəyan edirəm!”.

 

“Onu da əlavə edim ki, mən tək deyiləm. Həmçinin, həbsdə olan jurnalist dostum Teymur Kərimov da aclıq aksiyasına başlayır”, – jurnalistin adından belə yazılıb.

Yazılana görə, bu aksiyanın təşkilatçısı olaraq Teymur Kərimov məsul tutulduğu üçün həbsxanada təzyiqlərə məruz qalıb.

Nurlan Librenin statusunda yazılanlarla bağlı Penitensiar xidmət hələ ki açıqlama verməyib.

Jurnalist Nurlan Libre bu il fevralın 20-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs edilib.

 

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov  2023-cü il dekabrın 11-də həbs olunub.

Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə təkrar törədildikdə) maddələrilə ittiham olunub. Ötən il dekabrın 28-də Teymur Kərimov 8 il azadlıqdan məhrum edilib.  (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər