Hazırda İsrail qoşunları Şamın cəmi 25 kilometrliyində dayanıb.
İsrail aviasiyası mayın 3-nə keçən gecə Suriyada genişmiqyaslı hərbi əməliyyat keçirib.
Paytaxt Şam çevrəsi başda olmaqla, Suriya ərazisindəki çoxlu sayda hədəfə raket zərbələri endirilib. Hökumət qüvvələri (HTŞ) ilə yanaşı, Türkiyənin hərbi və maliyyə dəstəyi verdiyi “Suriya Milli Ordusu”, o cümlədən “Sultan Murad”, “Süleyman Şah”, “Hamza” qruplaşmalarının da hərbi bazaları və infrastrukturunun vurulduğu bildirilir.
Bu əməliyyatın səbəbi Suriyanın cənubunda məskunlaşmış druz icması ilə HTŞ hökuməti arasındakı konfliktdir. Bir neçə gün əvvəl druzlara aid olduğu iddia edilən, İslamın təhqir olunduğu səs yazısı yayılıb. Bundan sonra HTŞ silahlıları küçələrə çıxaraq druzlara qarşı cihad elan edib, Şam və ətrafındakı druz məhəllələrinə hücumlar başlayıb. Mayın 2-də İsrail hərbi təyyarəsi xəbərdarlıq məqsədilə Əhməd əş-Şaranın sarayının 500 metrliyinə bomba atıb. İsrail hökumətindən bildirilib ki, bu, Suriya rejiminə aydın siqnaldır: “Biz İsraildəki druz icmasına və onların Suriyadakı qardaşlarının müdafiəsinə sadiqliyimizi son dərəcə vacib hesab edirik. İsrail Suriyadakı druz icmasına zərər gəlməsinə imkan verməyəcək!”
İsraildə təxminən 150 min druz yaşayır və onlar topluma tam inteqrasiya olunublar. Druzlar İsrail ordusunda və digər təhlükəsizlik strukturlarında xidmət edir, dövlət orqanlarında vəzifə tuturlar. Bu səbəbdən İsrail dövlətinin druz məsələsi ilə bağlı həssaslığı var, amma Suriyaya müdaxilənin əsas, yaxud yeganə səbəbi əlbəttə ki, bu deyil.
İsrail Suriyada mərkəziyyətçilik əsasında vahid dövlətin formalaşmasında maraqlı deyil və buna imkan verməməyə çalışır. İsrail Suriyanın ya de-fakto bölünmüş, etnik-konfessional zəmində qarşıdurmaların davam etdiyi süqut etmiş dövlət (failed state) kimi qalmasında; ya da siyasi çözüm olacaqsa, İraq modelinə uyğun, faktiki bölünmənin hüquqiləşdirildiyi federativ Suriyanın yaranmasında maraqlıdır. Digər tərəfdən, İranın Suriya səhnəsindən sıxışdırılıb çıxarılmasından sonra onun boşluğunu başqa bir dövlətin (Türkiyə, ərəb ölkələri və s.) doldurması İsrail üçün yolverilməzdir. Bu səbəbdən Türkiyəyə bağlı silahlı qruplar da hədəf alınır. Daha əvvəl isə Türkiyənin hərbi baza yaratmağı düşündüyü, keçmişdə Əsəd rejiminə aid aviabazalar vurulmuşdu. Yeri gəlmişkən, Qəzzanın blokadasına son qoymaq uğrunda mübarizə aparan “Azadlıq Donanması Koalisiyası”na aid, içində türk aktivistlərin də olduğu gəmi mayın 2-də Malta sahilləri yaxınlığında İsrail dronlarının hücumuna məruz qalıb. Gəmidə yanğın baş verib.
Bu hadisələrdən sonra Türkiyə hökuməti Azərbaycana səfər etməsi üçün Netanyahunun təyyarəsinə daha əvvəl açdığı hava dəhlizini qapatdı.
İsrail Suriyadakı maraqlarını (mərkəzləşmiş dövlətin yaranmasına və başqa ölkələrin orada güclənməsinə yol verməmək) həyata keçirmək üçün 2 istinada (ya da əsaslı bəhanəyə) söykənir və bunları legitim sayır: birincisi, Suriyadakı azlıqların cihadçı rejimin hücumlarından qorunması. Belə təhlükə həqiqətən var, bir müddət əvvəl Lazkiye-Tartus istiqamətində nusayrilərə (ərəb ələviləri) hücumlar olmuşdu. İkincisi, Suriyada hakimiyyəti ələ keçirmiş qruplaşmanın və onun liderinin dünənə qədər bütün dünya tərəfindən terrorçu kimi tanınması gerçəyi.
Hazırda İsrail qoşunları Şamın cəmi 25 kilometrliyində (artilleriya atəşi məsafəsində) dayanıb. Əsəd devrildikdən sonra Qolan təpələrində irəliləyərək Hermon dağı zirvəsini ələ keçirən İsrail ordusu öz kəşfiyyat imkanları ilə oradan bütün Suriya ərazisini görə və nəzarətdə saxlaya bilir.
Dayanıqsız və zəif əş-Şara rejimi Türkiyənin, Qatarın dəstəyi ilə ayaqda qala bilməyəcəyini anladığı üçün mümkün qədər çalışır ki, böyük güclərin də maraqlarını hansısa şəkildə təmin edib, onları Suriyaya cəlb etsin və İsrailin dözülməz basqılarını bir qədər neytrallaşdıra bilsin. Strateji əhəmiyyətli Lazkiye limanının Fransa şirkətinin idarəçiliyinə verilməsi, Rusiya hərbi bazalarının çıxarılmaması bu məqsədə xidmət edir.
Bütün bunlar Əsədin devrilməsi və qaçmasından sonra Türkiyənin Suriyada gözlənildiyi qədər təsirli gücə çevrilə bilmədiyini göstərir. Aprelin 26-da Suriyadakı bütün kürd qrupları toplaşıb, rəsmi şəkildə muxtariyyət məsələsini qoydular. Türkiyə üçün xoşagəlməz məqamlardan biri ondan ibarətdir ki, ilk dəfə olaraq Bərzanilərə yaxın Suriya Kürdləri Milli Şurası (ENKS) PYD ilə ortaq mövqedən çıxış etdi. Ankara son vaxtlara qədər Suriya kürdlərinin yeganə legitim təmsilçisi olaraq məhz bu təşkilatı görürdü və Bərzani ilə yaxın əlaqələrinə güvənərək düşünürdü ki, ENKS PYD ilə bərabər hərəkət etməyəcək, əksinə, onu zəiflətməyə çalışacaq. Lakin PYD-nin silahlı qanadı YPG-nin “Suriya ordusu” çətiri altına girib qanuniləşməsindən sonra Qamışlıdakı Kürd Milli Konfransında ENKS-PYD yaxınlaşması ortaya çıxdı.
Hazırda kürdlərin dövlətləşməsi proyektinin ikinci mərhələsini izləyirik…