• 06 May 2025 18:41

Rusiya Azərbaycanın müraciətlərinə cavab VERMİR

Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 ay keçsə də, Rusiya hadisə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir.

 

“Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs qətimkan tədbiri seçilməyib”, – deyə mənbə qeyd edib.

 

Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur: “Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.

 

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya uğrayıb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

 

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

 

Oxşar xəbərlər