Rusiyada axtarışda olan jurnalist Fransaya qaçıb
Moskvanın Ukraynadakı təcavüzkar müharibəsini tənqid etdiyinə görə ittihamla üzləşən rusiyalı jurnalist gizlicə Fransaya qaça bilib. Həm də film tənqidçisi olan Yekaterina Barabaş ev dustaqlığında məhkəməsini gözləyirdi. O, Rusiyanın işğalına dair Facebook-da tənqidi mesajlar paylaşmışdı.
Mayın 5-də Barabaş Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) təşkil etdiyi mətbuat konfransında görünüb.
“Onun qaçışı Rusiya 2022-ci ilin martında qəbul etdiyi mürtəce qanunlardan bəri RSF-in cəlb olunduğu ən təhlükəli əməliyyatlardan idi”, – qurumun direktoru Tibo Brütten Barabaşla birlikdə keçirilən tədbirdə deyib.
Barabaş “Radio France Internationale” üçün işləyib, AzadlıqRadiosunun Rusiya xidmətinin proqramlarında qona olub. O, Berlində film festivalından evə qayıdarkən fevralın 25-də həbs olunub.
Jurnalistə qarşı Rusiya ordusu haqda saxta xəbər yaymaq ittihamı irəli sürülüb. O, 10 ilədək həbs oluna bilərdi. Bu qanunu Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra qəbul edib.
Polis Barabaşı aprelin 13-də mənzilində tapmayandan sonra onun barəsində həbs orderi çıxarılıb.
Barabaş mətbuat konfransında deyib ki, fəalların təşkil etdiyi gizli kanallarla çoxsaylı sərhədlər keçib, iki həftə gizlənəndən sonra Parisə gəlib.
O, qaçandan bəri 96 yaşlı anası ilə əlaqəsi olmadığını söyləyib: “Anladım ki, onu bir daha görməyəcəyəm”.
Barabaş Rusiyada daha “jurnalist” qalmadığını da vurğulayıb: “Rusiyalı jurnalist yoxdur. Totalitarizm altında jurnalistika mövcud ola bilməz”. (AzadlıqRadiosu)