• 06 May 2025 16:23

Tanışları ona “yeriyən kompüter” deyirlər – 4 xarici dil, 22 yaşda data analitika müəllimi

Tanışları, iş yoldaşları onu “yeriyən kompüter”, ensiklopediya adlandırırlar. Bəli, 22 yaşında ingilis, alman və ispan dillərini bilir, fransız dilini isə öyrənir. Uşaqlığından bəri İT sahəsinə maraq salır və bu sahədə özünü inkişaf etdirir.

 

18 yaşından TGT-də sədr müavini kimi işləməyə başlayır. Daha sonra Y4PT-də (Young for Public Transportation) Maliyyə Departamenti sədri olaraq fəaliyyətini davam etdirir, “Holiday in Azerbaijan”da data analitik olaraq çalışır. Növbəti iş yeri isə pilotsuz uçuş aparatları sahəsində fəaliyyət göstərən “SkyX” olur. O, burada “Computer vision engineer” kimi işləməyə başlayır. 2023-cü ilin sonunda özünü inkişaf etdirmək üçün “Div Academy”də kursa qatılır. 1 il sonra artıq “Div academy”də data elmləri üzrə müəllim olmaq təklifi alır və bu işə başlayır. Söhbət davamlı öyrənməyə maraqlı olan, 22 yaşlı Hüseyn Məmmədovdan gedir.

 

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına 588,5 balla qəbul olub, iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Hazırda magistr üzrə təhsilini davam etdirir.

 

– Hüseyn bəy, İT özlüyündə çətin və maraqlı sahədir. Sizdə bu sahəyə maraq necə yarandı?

– Uşaqlığımdan bəri İT sahəsinə maraq salmışam. Veb, mobil, oyun proqramlaşdırması və s. diqqətimi cəlb edirdi. Bu sahəyə əsas marağım ikinci sinifdən yarandı. Mayın 31-i idi. Evə gələndə atamın mənə kompüter aldığını gördüm, onu deyim ki, uzun müddətdir kompüter istəyirdim. Uşaq idim, həvəsim var idi, kompüter arxasında çox uzun saatlar keçirməyə başladım. 12-13 yaşıma gələndə isə, veb proqramlaşdırmanın var olduğunu anladım. Həmin zaman “html-css-javascript” öyrənməyə başlamışdım, sonra vebsaytlarımı saxlamaq üçün hosting və “domain”ə ehtiyacım olduğunu gördüm və bu işi dayandırdım. Ara sıra digər İT sahələrində də özümü sınamağa başladım.

 

– Maraq saldığınız proqramlaşdırma sahəsində önəmli ilk işləriniz hansı oldu?

– Öyrəndikcə, çox cəhdlər edirdim. Amma 2020-ci ilin iyun ayının 15-i “Mjöllnir Softworks” deyə oyun komandamızı yaratmışdıq, onu vurğulayardım. Məqsədimiz ölkədə oyun ekosistemini canlandırmaq idi. Fəaliyyətimiz 1 ilə yaxın davam etdi, bəzən tək, bəzən komanda yoldaşları ilə necə deyərlər “qan, tər və piksellər” müşayiətində çalışdıq. Biz oyun layihəmizi yarıya kimi gətirmişdik, lakin maliyyələşmə problemi komanda üzvlərinin çıxmasına səbəb oldu. Məlumdur ki, ölkədə oyun sahəsi çox gəlirli deyil. Amma hazırda “Mjölnirr Softworks” üçün həvəsli komanda yoldaşları axtarışındayam.

 

– Bəs 21 yaşda data müəllimi kimi fəaliyyətə başlamağınız necə oldu?

– Bəli, hazırda “Div academy”də data elmləri üzrə müəllim olaraq çalışıram. Mən əslində Div-dən əvvəl də data ilə məşğul olurdum. Sadəcə öyrənmə aclığı dayanmağa imkan vermirdi. 2023-cü ilin dekabrında tələbə kimi Div-də ixtisasımı artırmaq üçün başladım. May ayında bacarıqlı olduğumu görüb mentor olaraq başlamağımı təklif etdilər, razı oldum. Ardınca 2024-cü ilin dekabrında da müəllim olmağım üçün təklif gəldi. Daha əvvəl də zövq alaraq müəllimlik etdiyim üçün bu təklifi də qəbul etdim. Müəllim olaraq başlamağım isə həqiqətən maraqlı bir məsələdir, Türkiyədən olan bir neçə tanışımın xahişi üzərinə onlara öyrətməyə başlamışdım, sonra gördüm ki alınır, dedim niyə də olmasın.

 

– Bildiyiniz xarici dilləri də müəllim olaraq öyrədirsiniz. Səbəb nədir?

– 16-17 yaşımdan öyrəndiyim xarici dildən dərs deməyə başladım. Əslində dərs deməyə başlamağım dili unutmamağım üçün idi, çünki başqa dilləri öyrənəndə əvvəlkilər yaddan çıxırdı. Nəticədə öyrənməyin ən yaxşı yolu öyrətməkdir, mən də öyrənə-öyrənə öyrətməyi seçdim. Əslində, əvvəllər inglis dilindən dərs deyirdim, sadəcə bu dil üzrə kadr çoxluğuna görə daha dərs deməmək qərarına gəldim. İndi isə alman dili üzrə dərs keçirəm. Düşünürəm ki, bu dili öyrədən kadrlar azdır.

 

– Yeni dil öyrənirsiniz, yoxsa artıq “bəsdir” demisiniz?

– İndi fransız dilini öyrənirəm.

 

– Niyə məhz öyrənmək üçün bu dili seçmisiniz?   

– Ümumiyyətlə, latın-alman dilləri mənim üçün çox maraqlıdır. Bu dillləri öyrəndikdə dünya ədəbiyyatının çox böyük hissəsinə əlçatımınız olur. Əlavə olaraq, bir çox innovasiyalar bu ölkələrdən çıxır deyə bu dilləri bilmək məni rəqiblərimdən bir addım önə çıxarır. Həm də Diaspora və Beynəlxalq aləmdə ölkəmizi tanıtmaq üçün ölkəyə layiqli olmaq da şərtdir. Gələcəkdə də dil öyrənmə hədəflərim arasında portuqal və norveç dili var.

 

– Texnoloji sahədə işiniz, müəllim kimi fəaliyyətinizlə paralel xarici dil öyrənməkdə davam edirsiniz. Dil öyrənmək insanların ən yaralı nöqtəsidir. Bir neçə dili necə belə sürətli öyrənirsiniz?

– Uşaqlıqdan bəri daim dünyanı səyahət etməyi istəmişəm. Valideynlərimin “ingilis dilini öyrənsən, bütün dünyanı gəzə bilərsən” deməsi üzərinə böyük həvəslə öyrənməyə başladım. İlk öyrəndiyim xarici dil inglis dili idi, əslində yol göstərən yox idi deyə çətin gəlirdi, ancaq xarici dostlarla söhbət edə-edə bir də gördüm ki, öyrənmişəm. Ardınca 2021-ci ildə qərara aldım ki, Almaniyada magistratura təhsili alım. Beləcə 20 aylıq alman dili macəram başladı. İspan mədəniyyəti, mahnıları, arxitekturası məni valeh etdiyi üçün də ispan dilini öyrənməyə başladım.

 

– Dilləri öyrənmək nə qədər vaxtınızı alır?

– Dil öyrənməyə yatqın olduğumu düşünürəm. İngilis dili illərimi aldı, alman dili isə 20 ayımı aldı, 6 aya normal danışa bilirdim. İspan dilinə isə sadəcə 4 ayımı ayırdım.

 

– Hüseyn bəy qeyd etdiniz ki, alman dilini öyrənmə məqsədlərinizdən biri Almaniyada magistr təhsili almaq oldu. Bəs niyə Almaniyada təhsil almadınız?

– Mən Almaniyaya maliyyə məsələlərinə görə gedə bilmədim. Hətta bir-iki ay çox böyük ruh düşkünlüyü yaşadım. Sonra fərqinə vardım ki, öz ölkəmizdə də uğurlu olmaq olar. Hazırda foksum öz ölkəmizədir.

 

– Atanızın sizə həm kompüter almağından, valideynlərinizin dil öyrənməyiniz üçün sizi həvəsləndirməyindən belə anladım ki, onların dəstəyi çox olub. Bu dəstək prosesi tam olaraq necə baş verdi?

– Atam musiqiçi, anam isə evdar xanımdır. Onların dünyagörüşü mənim inkişafıma zəmin yaratdı. Ailəmin dəstək və təkidi ilə 7-8-ci sinifdən daha çox həvəslənməyə başladım. Deyərdim ki, belə bir atam olduğu çox şanslıyam. Kompüter aldıqda özü də maraqlanırdı və bu məni də həvəsləndirirdi. Hətta pianoda da ifa etməyi öyrətdi.

 

– Bildiyim qədərilə pianoda da ifa edə bilirsiniz.

– Bu bacarığımda da ailəmin dəstəyi çox oldu. Atam məni israrla musiqi məktəbinə göndərdi, öyrənmək istəmirdim, həvəsim yox idi. Buna görə də ilk başlarda müəllimlər xətkeşlə əlimin üstünü yara etmişdilər, Almanlarda bir söz var “Aller Anfang ist schwer” – Bütün başlanğıclar çətindi. Sonra birdən gördüm ki, artıq nələrsə ifa edə bilirəm, o andan həvəs yarandı və davam etdirdim. 7 il piano təhsili aldım, hazırda həvəskar olaraq ifa edirəm. Hərtərəfli inkişafım üçün ailəmin dəstəyi çox böyük oldu.

 

– Hüseyn bəy, fərqli istiqamətlərdə maraq və bacarıqlarınız var. Bütün bunların səbəbi ailənizin təkid və müdaxilələri oldu, yoxsa başqa faktorların da rolu oldu?

– Belə deyim ki, 4-5 yaşımdan ailəm bu məsələlərlə bağlı ciddi məşğul olub, amma məndə həvəs 7-8-ci siniflərdə başladı. Əslində, məncə, kənar müdaxilələr sadəcə katalizatordur, insanın özünün nələr isə etməyə həvəsi olmalıdır. Əgər həvəs varsa, mümkünsüz heç nə yoxdur. Dünyada hələ kəşf etmək üçün çoxlu məcəra, çoxlu çıxılası yollar var. Hər insan bu yolların hamısı ilə maraqlanmalı, öyrənməlidir. (Valyuta.az)

 

Tacxeber.com

Oxşar xəbərlər