Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?”
Paytaxtın Səbail rayonu Salman Mümtaz 30 və 34 (keçmiş Çernyakovski küçəsi) ünvanlarında yaşayan sakinlər evlərinin sökülməsinə narazılıq edirlər. İllərdir bu ünvanda pis-yaxşı yaşayan sakinlər bir müddət əvvəl evlərinin plana düşdüyünü öyrənib. Bir neçə ailə verilən kompensasiya ilə razılaşaraq başqa yerlərə köçüblər. Hazırda orada yaşamağa davam edən sakinlər isə verilən məbləğdən narazıdır. Onlar kompensasiyanın azlığından şilayətlənirlər.
Tacxeber.com xəbər verir ki, bu barədə “Real TV”yə danışan sakinlər evləri üçün 40 000 və 48 000 AZN kompensasiya məbləği təklif edildiyini vurğulayıblar:
“Kvadratmetrinə 1500-1550 AZN verdilər. Deyirlər “Evləri boşaldın gedin, sən ev al ya da alma sadəcə çıx get burdan”. Mən indi 8 nəfər ailə üzvümlə hara gedim? 40 000 AZN, 60 000 AZN-ə də ev alarlar?” – deyə, həmin ərazidə yaşayan sakin qeyd edib.
Başqa bir sakin isə onun 30 kvadratmetrlik evi üçün ödənilən kompensasiyaya başqa yerdən ev almağın mümkün olmadığını bildirib:
“Gəldilər çəkdilər ölçdülər… mənə 48 000 AZN kompensasiya vermək istəyirlər. Bu 48 000 AZN-lə mən neynəyim? Evim 30 kvadratmetrdir. Bizə ev də vermirlər, sadəcə 48 000 AZN pul verirlər. Deyirlər istəyirsən götür istəyirsən götürmə… Bu 48 000 AZN-lə ev ala bilərəmmi?”
Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib. Qeyd edilib, ki bu məsələ ilə onların heç bir əlaqəsi yoxdur. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb.