• 08 May 2025 15:55

Bu il Qələbə paradında izlənəsi 5 məqam.

Rusiyanın T-90M tankları Qələbə paradının məşqi zamanı Moskvanın mərkəzindən keçir.

Son illər Qırmızı Meydanda Qələbə günü paradı prezident Vladimir Putinin Moskvanın Ukraynaya qarşı müharibəsinin tərənnümünə çevrilib. Qərbin hesablamalarına görə, Rusiyanın müharibədə itkiləri – ölü və yaralılar birlikdə 750 mini keçir.

 

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekel yazır ki, 9 May tədbirinə baxıb 26 ildir ölkəni idarə edən Putinin yanaşması ilə bağlı bəzi fikirlər əldə etmək olur.

Bu il nasist Almaniyası üzərində qələbənin 80 illiyidir, Ukraynanın işğalının başlamasından isə 3 ildən çox keçir.

“Böyük Vətən Müharibəsində qələbə Vladimir Putinin siyasi mifologiyasının – onun dünya tarixinə dair yozumunun əsas hissəsidir. Kreml aylardır bu məqama hazırlaşır; bu, rejimin propaqanda təqviminin mərkəzində dayanır”, – mühacirətdə yaşayan rusiyalı jurnalist Mixail Zıqar bir məqaləsində yazır.

M.Ekel 9 May paradında izlənəsi məqamları qeyd edir.

 

Söhbət konkret hansı müharibədən gedir?

Rusiyalıların “Böyük Vətən Müharibəsi” adlandırdığı müharibədə Sovet İttifaqından hərbçilər və dinc sakinlər daxil olmaqla 27 milyon insan həlak olub. Nasistlərin məğlubiyyəti uzun illər müharibədə əziyyət çəkən rusiyalı, ukraynalı, belaruslu və digər millətlərin cəsurluğunun təcəssümü kimi qeyd olunub.

2000-ci ildə prezident postuna keçəndən Putin bu tədbirlər vasitəsilə veteranlar arasında mövqeyini gücləndirib. O həmçinin Qərbi, xüsusilə Birləşmiş Ştatları tənqid edib, nasizmin məğlubiyyətində müttəfiqlərin rolunu kiçildib.

 

2007-ci ildə Qələbə paradındakı çıxışında Putin ABŞ-nin siyasətini Üçüncü nasist Reyxi ilə müqayisə edib.

2022-ci ilin fevralında Ukraynanın işğalı başlayandan sonra “neonasistlər” Putinin çıxışlarında önəmli yer tutublar. Axı Kreml Ukraynanı işğal etməsini həm də bu ittihamla əsaslandırırdı.

 

Rusiya qırıcıları 9 May Qələbə Günü paradının məşqi zamanı Qırmızı Meydan üzərində uçur.
Rusiya qırıcıları 9 May Qələbə Günü paradının məşqi zamanı Qırmızı Meydan üzərində uçur.

 

Parada gedənlər

20-dən çox dünya lideri Kremlin parada dəvətini qəbul edib, amma son anda iştirakını təxirə salanların olacağı mümkündür. Artıq Azərbaycan prezidenti İlham Əliyevin tədbirə getməyəcəyi açıqlanıb.

Belarus, Qazaxıstan, Ermənistan, Boliviya, Çin, Venesuela liderlərinin iştirakı gözlənilir.

Avropa İttifaqından təkə Slovakiyanın baş naziri, Ukraynanı tənqid etməsiylə tanınan Robert Fitso gedir.

Gözlər Moskvanı Ukraynadakı müharibəni dəstəkləyən Çin prezidenti Si Cinpinə dikilib. Pekin Rusiyadan neft-qaz almaqla Moskvanın müharibəsinə kömək edir.

Çin Qırmızı Meydana hərbçi kontingenti göndərərsə, bu, Kremlə dəstəyin simvolu sayıla bilər.

 

Hərbi texnika

“Soyuq müharibə” dövründə paradlar nadir hallarda keçirilirdi, ən böyük illik tədbir noyabrda, 1971-ci il bolşevik inqilabının ildönümündə olurdu.

Onda Qərb təhlilçiləri hərbi texnikanı nəzərdən keçirir, Moskvanın silah yarışında yerini müəyyənləşdirməyə çalışırdılar.

Amma son onillikdə texnika nümayişi bir normaya çevrilib. Axı Kreml ordusunun modernləşməsinə pullar tökür.

2015-ci il paradında yeni T-14 “Armata” döyüş tankı nümayiş olunub. Amma bu tank Ukraynadakı müharibədə istifadə olunmayıb.

 

2022-ci ildə işğal başlayandan Qırmızı Meydanda yeni silahlarda daha az görünür. Bu isə Rusiyanın müharibədə texnika itirməsi ilə izah olunur.

Budəfəki paradda da hərbi texnika diqqət mərkəzində olacaq. Hər hansı Qərb qəniməti də göstəriləcəkmi, məsələn, “Bradley” döyüş texnikasını?

Ukrayna dronlarının hücumları səbəbindən nəqliyyatın hərəkətinə bağlanan Qorlovka-Yasinovataya avtomobil yolunda xəbərdarlıq lövhəsi.
Ukrayna dronlarının hücumları səbəbindən nəqliyyatın hərəkətinə bağlanan Qorlovka-Yasinovataya avtomobil yolunda xəbərdarlıq lövhəsi.

 

Ukrayna dronlarından qorxan varmı?

9 may ərəfəsində Ukrayna Rusiyada hədəflərə irimiqyaslı dron hücumları gerçəkləşdirib.

Kiyevlə Moskva son aylar bir-birinə, əsasən, dronlar, həm də raketlərlə hücum edir. Bu arada ABŞ atəşkəs əldə olunmasına çalışır.

Putin ötən ay Qələbə günü münasibətilə üçgünlük atəşkəs təklif edib. Ukrayna prezidenti Volodimir Zelenski isə 30 günlük təkliflə çıxış edib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Putinin göstərişi qüvvədə qalır, amma Ukrayna qüvvələri atəş açarsa, Rusiya buna cavab verəcək.

 

Zelenski Moskvaya səfər edən dövlət xadimlərinin təhlükəsizliyi üçün Kiyevin məsuliyyət daşımadığını bildirib. Ukrayna hərbi kəşfiyyatının başçısı qonaqlara xəbərdarlıq edib ki, özləri ilə “qulaq tıxacları götürsünlər”.

Rusiya rəsmiləri Moskva və ətraf regionun sakinlərinə bu həftə fişəng atmamaq xəbərdarlığı edib. İnternet xidmətlərinin sürətinin azaldılacağı açıqlanıb, görünür, mümkün dron uçuşlarını önləmək istəyirlər.

Praqadan siyasi şərhçi İvan Preobrajenskinin fikrincə, “Qırmızı Meydanı vurmağın mənası yoxdur”. O, “Current Time”a deyib ki, Ukrayna dronları Moskvaya çata bilər, “amma problem ondadır ki, bu halda Rusiya propaqandası bunu xarici liderlərə qarşı sui-qəsd kimi təqdim edəcək, bu isə indiki durumda Ukrayna üçün faydalı deyil”.

 

Hərtərəfli strateji tərəfdaşlıq

Moskva qətiyyətli qələbə qazana bilmədiyindən canlı qüvvə və texnika üçün başqa yerlərə, məsələn, Şimali Koreyaya üz tutub.

Şimali Koreya artıq Rusiyaya yüz minlərlə artilleriya mərmisi, həmçinin ballistik raketlər verib.

2024-cü ilin sonuna yaxın 11 minədək Şimali Koreya əsgəri Rusiya qüvvələri ilə yanaşı savaşmağa cəlb olunub. Onlar, əsasən, Ukraynanın ötən yay tutduğu Kursk vilayətində döyüşlərdə iştirak ediblər. Rusiya komandirləri Ukrayna qüvvələrinin Kurskdan çıxarılmasında onların rolunu qeyd edib.

 

Əməkdaşlığın dərinləşməsinin digər əlamətləri də var. Yaralı Rusiya əsgərlərinin müalicə üçün Şimali Koreyaya göndərildiyi, bu ölkədən minlərlə işçinin Uzaq Şərqdə tikintiyə cəlb olunduğu bildirilir.

Şimali Koreya sakinləri artıq bəzi tədbirlərdə də görünməyə başlayıblar. Vladivostokda Qələbə günü öncəsi tədbirlərdə Şimali Koreyadan uşaqlar görüntüləniblər. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər