Bakıda ŞOK – Köhnə və kimsəsiz qəbirlər dağıdılır, yerləri satılır
Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıqda uzun illərdir ziyarətçisi olmayan qəbirlərin dağıdılaraq satışa çıxarıldığı iddia olunur.
Tacxeber.com APA TV-yə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən vətəndaş danışıb.
Onun sözlərinə görə, boş yer olmadığından içərisində meyit olan qəbirlər təklif olunub:
“Hansını istəyirsinizsə, seçə bilərsiniz” dedilər. Həmçinin bu proses heç bir sənədləşmə olmadan həyata keçirilir. “Bu qəbirlər bizim nəzarətimizdədir, illərdir ziyarətçiləri yoxdur, kimsəsizlərdir” – deyə bildirildi”.
Şikayətçi əlavə edib ki, tullantılarla gizlədilmiş bəzi qəbirlər ustalıqla yandırılaraq izlər ört-basdır edilir.
Məsələ ilə bağlı Yasamal Rayon Bələdiyyəsindən bildirilib ki, 2019-cu ildən bu günə qədər vəfat edən şəxslərin yaxınları dəfn üçün müraciət etdikdə, onlara qəbiristanlığın 1940-cı ildə salındığı və 1974-cü ildən etibarən bağlandığı barədə məlumat verilib.