• 10 May 2025 01:27

Evlənmək istəyən qızın “İnstagram”ı olmamalıdır? – Psixoloq AÇIQLADI

Müasir dövrdə gənclərin ailə qurmaq arzuları ilə real həyatda üzləşdikləri çətinliklər arasında ciddi ziddiyyət yaranıb. Sosial şəbəkələrin həyatımızdakı rolunun artması, azadlıq anlayışının sərhədlərinin dəyişməsi, şəxsi məxfiliyin yox dərəcəsində olması münasibətlərin təməlini sarsıdır. Valideynlər belə bir dövrdə övladlarına həyat yoldaşı seçərkən qeyri-real tələblər qoyurlar — məsələn, “Instagram” hesabı olmasın, gündəlik paylaşım etməsin, ictimaiyyətə açıq olmasın. Halbuki bu, hazırkı reallıqla ziddiyyət təşkil edir.

 

Əsas problem isə burada yaranır: sosial şəbəkələr yalnız vizual paylaşım platforması deyil, həm də şəxsin özünü ifadə etdiyi, bəzən isə təsdiq axtardığı bir məkandır. Bir gəncin sosial şəbəkədə aktiv olması dərhal onun ciddi ailə münasibətlərinə hazır olmaması kimi qəbul edilir. Bu da tərəflər arasında güvənsizliyə və özgüvən çatışmazlığına gətirib çıxarır. Bəzən oğlanlar həyat yoldaşının sosial şəbəkədəki aktivliyindən narahat olur, bu isə nəzarət və qısqanclıq doğurur. Qızlar isə bəzən elə bu səbəbdən sosial şəbəkədən uzaq durmağa məcbur qalır, bu isə onların özünüifadəsinə və sosial çevrəsinə mənfi təsir edir.

 

Yenisabah.az sözügedən problemi psixoloq Samirə Bağırova ilə müzakirə edib. Ekspert öz fikirlərini oxucularımızla bölüşüb:

 

“Münasibətlərdə tərəflər bir-birinə güvənməlidir. Sosial şəbəkədə kiminlə yazışdığını gizlətmək və ya şübhə doğuran davranışlar güvəni zədələyə bilər. Profilin tam açıq və ya qismən gizli olması barədə razılaşmaq faydalı ola bilər”.

 

Psixoloq onu da qeyd edib ki, münasibətlərin sağlam və uzunömürlü olması üçün qarşılıqlı anlaşma və hörmət vacib şərtlərdəndir:

 

“Hər iki tərəfin özünü rahat və hörmətli hiss etməsi üçün, bütün bunlar münasibətin əvvəlində danışılmalıdır. Eyni zamanda da, hər kəsin şəxsi sərhədi və özəl sahəsi olmalıdır. Təbii ki, bu sərhədlər qarşılıqlı güclü güvən sayəsində qorunulur”.

Tacxeber.com

Oxşar xəbərlər