“Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir”
“Taksi xidmətində ən yaxşı qiymətlərdən biri Azərbaycandadır. Hesab edirəm ki, ölkəmizdə taksi qiymətləri kifayət qədər ucuzdur”.
Bu fikirləri iqtisadçı Xalid Kərimli bildirib. İqtisadçının fikrincə, hökumətin taksi xidməti sahəsindəki islahatlarının məqsədi qiymətin artmasına nail olmaqdır:
“Taksi fəaliyyəti göstərən avtomobillərin istismar müddəti, pos-terminal, videoregistratorun quraşdırılması ilə bağlı tələblərin qoyulması, o cümlədən minimum tarifin müəyyənləşdirilməsi qiymət artımına nail olmaq üçündür. Taksi ucuz olduqda insanlar taksidən daha çox istifadə edirlər. Bu isə ilk növbədə ictimai nəqliyyatın inkişafına mane olur, digər tərəfdən tıxacın artmasına, eyni zamanda, ətraf mühitin çirklənməsində səbəb olur. Bir sözlə, hökumətin məqsədi taksi qiymətini bahalaşdırmaqla xidmətdə keyfiyyət və təhlükəsizliyi artırmaqdır. Hazırkı qiymətlər əlverişlidir. Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir”.