ABŞ-da Fələstinə görə həbs olunan türk tələbə azadlığa buraxılıb
ABŞ-ın Tafts Universitetinin tələbəsi, İsraili tənqid etdiyinə görə həbs olunan Türkiyə vətəndaşı Rumeysa Öztürk mayın 9-da azadlığa buraxılıb.
Onun azad edilməsi barədə qərarı həmin gün federal məhkəmənin hakimi verib.
“Bu, bir rahatlıq hissidir, axmayaraq ki, işə hələ xitam verilməyib, heç olmasa, Öztürk bu işi öz icması ilə birlikdə və Tafts Universitetində sevdiyi elmi fəaliyyətinə davam edərək apara bilər,”— Öztürkün vəkili Eşa Bandari CNN-ə bildirib.
Tafts Universitetində doktorantura pilləsində təhsil alan 30 yaşlı Rumeysa Öztürk martın 25-də iftar yeməyinə gedərkən yolda mülki geyimli immiqrasiya xidməti işçiləri tərəfindən saxlanılmışdı.
Martın 26-da təhlükəsizlik departamenti Öztürkün “HƏMAS”a “dəstək olan fəaliyyətlərlə məşğul olduğu üçün” həbs olunduğunu desə də, hansı fəaliyyətlərdən söhbət getdiyi açıqlanmamışdı.
Öztürk ötən ilin mart ayında Tafts Universitetinin virtual qəzetində digər tələbələrlə birlikdə köşə yazısı dərc edib. Yazıda universitet İsrail şirkətləri ilə əməkdaşlıqdan imtina etməməsinə görə tənqid olunurdu.
ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bəri tələbə və başqa leqal yaşayış icazəsi olan şəxslər “HƏMAS tərəfdarı” adı ilə həbs olunur və deportasiya olunmaq təhlükəsi ilə üzləşir.
Məhkəmələr isə onların bəziləri haqda azad edilmə qərarı verir. (ToplumTV)