• 10 May 2025 23:11

“Ancaq mən mənə qarşı qəddarlıq etmiş, müflis olmağıma səbəb olmuş müstəntiqə qıymadım” – Maraqlı hadisə

Bu yaxınlarda Bakıda oldum. Bir iş adamı ilə görüşdüm. Hazırda işi yaxşı gedir. Ancaq indiyə qədər bir neçə dəfə müflis olub. Sonra yenidən ayağa qalxıb…

 

Dedi ki, həbsxanada idim. Milli Təhlükəsizlik Nazirliyində müstəntiq mənim adımdan dostumun əleyhinə ifadə yazmışdı. Söylədi ki, sən bu kağıza imza at, biz səni həmən həbsdən buraxaq…

Müstəntiqə dedim ki, mən bütün var-dövlətimi itirmişəm, müflis olandan sonra ailəm də dağılıb. Mənim bu dünyada kişiliyimdən başqa bir şeyim qalmayıb. Sən mənə təklif edirsən ki, gəl, kişiliyinin də üstündən də qara bir xətt çək. Dostunu sat. Kişiliyim də əlimdən çıxandan sonra bu həyat mənim nəyimə lazımdır?

 

Həyatımda ilk dəfə onda ağladım. Axı həyat insanı nə qədər sındıra bilər?…

Müstəntiq çox dirəşdi, ancaq xeyri olmadı. Axırda məni azadlığa buraxmaq üçün yarım milyon dollar tələb etdilər. And-aman etdim ki, pul-para adına bir şeyim qalmayıb. Buraxın, 2 həftəyə borc-xərc 60 min gətirib verərəm.

 

Azad olandan sonra dost-tanışın qapışın döydüm. Hər kəs bilirdi ki, bankrot olmuşam. Borc aldığım pulu geri qaytarmağım müşkül məsələdir. Buna baxmayaraq mənə borc verənlər oldu. 60 mini aparıb müstəntiqin stolunun üstünə qoydum və canımı qurtardım…

Bu işin üstündən bir xeyli keçmişdi. Bir gün işimin istintaqını aparan müstəntiq gəlib məni tapdı. Eldar Mahmudov işdən təzə qovulmuşdu. Müstəntiq qabağımda diz çökdü. Yalvardı. Uşaq kimi ağladı. Dedi ki, məni balalarıma bağışla. Sənin işini yenidən araşdırırlar. Mənim əleyhimə ifadə vermə…

 

Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım. Yenə gözlərim doldu. Ancaq mən mənə qarşı qəddarlıq etmiş, müflis olmağıma səbəb olmuş müstəntiqə qıymadım. Onun balalarını düşdüm. İstəmədim ki, onun da ailəsi mənim ailəm kimi dağılsın…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər