• 10 May 2025 15:50

“BP-də çoxları mənə Şahdənizin atası deyir” – Rəşid Cavanşir: “İlon Mask Ukrayna ilə bağlı mövqeyinə görə mühakimə olunacaq”

“Xarici təzyiqlərə baxmayaraq, şəxsiyyətimi dəyişmədim”

“Övladlarım heç vaxt mənim vəzifə səlahiyyətlərimdən istifadə etmədilər”

“Cənub Qaz Dəhlizi ideyasını da mən təqdim etmişəm”.

 

Rəşid Cəmil oğlu Cavanşir –  Geologiya-mineralogiya elmləri namizədi (1978), geologiya-mineralogiya elmləri doktoru (1988), professor (1992), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü (2001). 1988-1995-ci illərdə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda direktor müavini olub. 230-dan çox kitab və məqalə çap etdirib. Rəşid Cavanşir BP-də yüksək rəhbər vəzifələrdə çalışmış ilk azərbaycanlıdır, 2003-2006-cı illərdə Şimal Dənizinin cənubu üzrə biznes bölməsinin rəhbəri və 2009-2012-ci illərdə Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional Prezidenti, ardınca isə 2012-2015-ci illərdə BP-nin Strategiya və İnteqrasiya üzrə Baş Vitse-Prezidenti olub. O, hazırda Azərbaycanın Milli Elmlər Akademiyası və Oksford Universiteti arasında tədqiqat proqramının beynəlxalq koordinatorudur. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəşid Cavanşiri “Şöhrət” ordeni ilə təltif edib.

 

Tacxeber.com HafizTimes.com-un müsahibi olan BP-də yüksək rəhbər vəzifələrdə çalışmış ilk azərbaycanlı alim Rəşid Cavanşirlə müsahibəni təqdim edir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Rəşid Cavanşir, müsahibə zamanı həyatı, karyerası, gördüyü işlər və ailəsi ilə bağlı mühüm məqamlardan söhbət açıb:

 

– Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nə çatışmırdı?

– Sevilən övlad idim. Atam ürək xəstəliyindən əziyyət çəkirdi. Onun üçün çox darıxırdım. Atam həyatının son 10 ilini tez-tez xəstəxanada keçirirdi və 52 yaşında dünyasını dəyişdi.

 

– Nəyi ən böyük nailiyyətiniz hesab edirsiniz?

– Ölkədə ilk alim idim ki, qərb ölkələrindəki nəşrlər davamlı olaraq mənə istinad edirdilər. 1988-ci ildə iki beynəlxalq elmi jurnala – “Energy Sources”in (ABŞ) regional redaktoru və “Journal of Petroleum Science and Engineering”in (Elsevier, Hollandiya) redaksiya heyətinin üzvü seçilmişəm. Bu, Azərbaycan tarixində yeganə belə fakt idi.

Biznes sahəsindəki ən böyük nailiyyətim isə Azərbaycan və Böyük Britaniya üçün yüksək səviyyəli neft sənayesi liderlərini yetişdirməklə gördüyüm işdir. Onlardan bəzilərinin adları; Emil İsmayılov (BP-də baş vitse-prezident, London), Orxan Quliyev (BP-nin İraq prezidenti), Elxan Məmmədov (BP-də baş vitse-prezident, London), Leyla Novruzova (keçmiş HR rəhbəri, Bakı, London), Aynur Əlizadə (Equinor, Norveç, Osloda baş menecer), Zaur Paşayev (BP Azərbaycan şirkətinin vitse-prezidenti), Nadir İmanov (BP-nin Yaxın Şərq üzrə baş vitse-prezidenti, Oman), Dawn Sammers (Wintershall şirkətinin baş əməliyyat direktoru, Almaniya), Alasdair Kuk (De Beers-in prezidenti, Böyük Britaniya) və s. Mən bunu illər ərzində əldə edilən yüksək rəhbər vəzifələrdən daha çox qiymətləndirirəm.

 

 

– Həyatınızda ən böyük mentorunuz kim olub? Uğurlarınızı nəyə borclusunuz?

– Həyatımın ən böyük mentoru anam olub. Uğur mənim əsas prinsiplərimdən istifadə etməyimə əsaslanır. Mən həmişə insanın dürüstlüyünə fikir vermişəm. Əsasən də idarəetmədə işləyənlərə. Ən yaxşı mütəxəssisin daxili keyfiyyətlərində belə çatışmayan bir şey görsəm, o insanla yola davam etməzdim. Ətrafımda daha ağıllı insanların olmasından qorxmurdum – başqa yerlərdə müşahidə etdiyim qədəri ilə bu çox nadir bir haldır. Mən həmişə bütün bilik və təcrübəmi gənclərə ötürməyə çalışmışam. Mənim davamçılarım indi dünyanın hər yerindədir.

Əsas odur ki, sizə müsbət enerji verən ailəniz olsun. Həyat yoldaşımla 52 ildən artıqdır ki, bir yerdəyik və həyat fəlsəfəmiz eynidir. Qızlarıma da minnətdaram ki, öz ayaqları üstə durdular və heç vaxt mənim vəzifə səlahiyyətlərimdən istifadə etmədilər.

 

– Hansı kitab sizin həyatınızı dəyişdi? Ən son hansı kitabı oxumusunuz?

– Belə bir kitab yoxdur. Mütəmadi olaraq, Azərbaycan, ingilis və rus dillərində kitablar oxuyuram. Sonuncu oxuduğum kitablar isə Seyran Səxavətin “Qaçaqaç” romanının iki cildi və Uinston Çörçilin “İkinci Dünya Müharibəsi”nin altı cildi idi.

 

– Aşdığınız ən böyük maneə nə olub?

– 2003-cü ildən 2006-cı ilə qədər BP-nin Cənubi Şimal Dənizi Əməliyyatlarında biznes bölməsinin rəhbəri olmuşam. BP-nin keçmiş rəhbərlərinin əksəriyyəti Şimal dənizində özlərini sübut etməli olublar. 20 dəniz platforması da daxil olmaqla Şimal dənizini idarə edən Böyük Britaniya vətəndaşı olmayan ilk şəxs mən idim. Çox çətin idi, amma belə qeyri-adi şəraitdə uğur qazanmağı bacardım. Əsas o idi ki, xarici təzyiqlərə baxmayaraq şəxsiyyətimi dəyişməmişəm. Bundan sonra BP belə qənaətə gəldi ki, mən şirkətdə istənilən yüksək vəzifəni idarə edə bilərəm. Nəhayət, mən Bakı-Tbilisi-Ceyhan şirkətinin prezidenti, Azərbaycan-Gürcüstan-Türkiyə üzrə prezidenti, Londonda Strategiya və İnteqrasiya üzrə Baş Vitse-Prezident təyin olundum.

 

– Sizə verilmiş ən dəyərli məsləhət nədir?

– Anam deyərdi ki, “həyat belədir, sən həm müsbət, həm də mənfi cəhətləri də eyni dərəcədə qəbul etməlisən”.

 

– Siz elektromobil idarə edirsiniz? Sizcə, İlon Mask dünyanı necə dəyişəcək?

– Elektriklə işləyən maşın sürmürəm. Mən İlon Maska böyük texniki nailiyyətlərinə görə heyranam və bu, dünyaya əsl töhfədir. Onun siyasi təsiri ilə bağlı isə əmin deyiləm. O, tezliklə Ukrayna ilə bağlı mövqeyinə görə mühakimə olunacaq – qalan hər şey isə daha az əhəmiyyət kəsb edir. Mən onun fikirlərini necə irəli sürməsinin tərəfdarı da deyiləm. Bu, hər kəs üçün azad söz deyil, yalnız güclü milyarder olan onun özü üçündür.

 

– “Cavanşir” soyadı həyatınıza nələr bəxş etdi? Ailəniz haqqında ilk dəfə nə etiraf etmək istərdiniz?

– Mənim doğum haqqında şəhadətnaməmdə “Cavanşir” soyadı yazılıb, bu, sovet illərində kifayət qədər qeyri-adi idi. Atam Cəmil, babam Abbas da Cavanşir olub. Onlar Qarabağ xanlığının banisi Pənah xan Cavanşirin nəslindəndirlər. Atamın anası Qumru 1904-1907-ci illərdə Şuşanın meri olmuş Cavad bəy Səfərəlibəyovun qızı idi. Abbas bəyin anası şahzadə Behcət İran şahı Məhəmməd Qacarın qardaşı Bəhmən Qacarın qızı idi. 50 ilə yaxın idi ki, bütün bunlardan xəbərim yox idi. Sovet dövründə valideynlərim bunu uşaqlarla müzakirə etmirdilər. Bu tarixi dəyişikliyə görə sevinirəm və ailə tariximizlə qürur duya bilirəm.

 

 

– Nəhəng “Şahdəniz” qaz yatağının kəşf edildiyi günü necə xatırlayırsınız? “Şahdəniz” sizin üçün nə deməkdir? 

– Bu, Azərbaycanın yeni tarixinin ən inanılmaz səhifələrinin bir hissəsidir. Mən öz rolumun müstəsna olduğunu iddia etməkdən uzağam – “Şahdəniz”in uğuru minlərlə insanın böyük töhfələrinə əsaslanır və prezidentlər Heydər və İlham Əliyevin rəhbərliyi olmadan mümkünsüz olardı.

BP-də çoxları mənə “Şahdənizin atası” deyirlər. Mən iki dəfə “Şahdəniz” konsorsiumunun prezidenti olmuşam və onun inkişafının həm ilkin, həm də ikinci mərhələlərini əhatə etmişəm. İlk nailiyyət 1999-cu ilin aprelində baş verib. Qeyd edək ki, “Şahdəniz” BP-nin dünya miqyasında əldə etdiyi ən böyük tapıntı olub. Quyunun sınağı uğurla başa çatdıqdan sonra SOCAR-ın rəhbəri Natiq Əliyevin yanına getdim, o, dərhal Prezident Heydər Əliyevə zəng edərək Rəşiddən gələn xoş xəbəri çatdırdı. Prezident çox həyəcanlandı, bizi təbrik etdi, hətta Natiqlə gözəl zarafat da etdi.

Bu kəşfdən sonra mən bir çox ölkələrə səfər etdim və Azərbaycanın qaz ixrac edən dövlətə çevrilməsinin mümkünlüyü barədə məlumat verdim. Mən alqı-satqı müqavilələri ilə bağlı danışıqlarda mühüm rol oynadım və nəhayət, Ankarada Çankaya sarayında imzalanma mərasimində Prezident Heydər Əliyevin yanında dövlət nümayəndə heyətində təmsil olundum.

2008-ci ildə mən əsas diqqəti tam yatağın işlənməsinə yönəldərək yenidən “Şahdəniz”də lider olmaq üçün könüllü oldum. Mən BP-də misli görünməmiş Qaz Dəyər Zənciri adlanan yeni təşkilat yaratdım. İnkişafın texniki konsepsiyasının təsdiqinə rəhbərlik etdim. Daha sonra Türkiyə ilə ticarət danışıqlarına rəhbərlik etdim və nəhayət, İzmirdə tarixi tranzit müqaviləsi imzaladım. Mən Cənub Qaz Dəhlizi ideyasını da təqdim etmişəm. Hazırda o, Azərbaycanın Türkiyə və Qərbi Avropaya qaz ixrac imkanlarının əsas aktivlərindən biridir.

 

– BP ilə Azərbaycan arasındakı münasibətlərin gələcəyini necə görürsünüz?

– İnanıram ki, münasibətlər müsbət olacaq və hər iki tərəfi də qane edəcək. BP Azərbaycanda neft sənayesinin vacib hissəsidir və mən şadam ki, ölkə rəhbərliyi də bunu dəstəkləyir.

 

(Soldan sağa Rauf Muradov, PhD, İbrahim Quliyev, akademik, AMEA-nın vitse-prezidenti, Səbinə Kazimova, PhD, Rəşid Cavanşir, Gurban Yetirmişli, AMEA-nın müxbir üzvü, Richard Volker, Oksford Universitetin tektonika üzrə şöbə rəhbəri. Oksford Universitetində beynəlxalq konfrans)

 

– Siz tarixdə necə xatırlanmaq istərdiniz?

– Ömrünü Azərbaycanın dünyada tanınmasına həsr etmiş biri kimi.

 

– Şuşada, Qarabağda yaşamaq istəyirsinizmi? Şuşa sizin ailəniz üçün nə deməkdir?

– Əvvəlki müsahibələrimin birində demişdim ki, anam 1992-ci ildə ermənilərin Şuşanı işğal etdiyi gün iflic olub və çox az müddət sonra isə dünyasını dəyişib. Tək Şuşanın deyil, torpaqlarımızın 30 illik işğalı həyatımın ən çətin zamanları olub. 1982-ci ilə qədər dəfələrlə Şuşada olmuşam və ailəmlə orada qalmışam.

44 günlük müharibədəki qələbəmizin, işğal olunmuş torpaqların azad olunmasının mənə təsirini sözlə izah edə bilmirəm. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə çalan ordumuza minnətdaram. Döyüş meydanında həyatını itirmiş, yaralanmış şanlı qəhrəmanlarımıza minnətdarlığımı bildirirəm. Bu yaxınlarda Şuşaya getdim, əvvəlki kimi gözəldir. Mən orada yaşamaq istərdim, amma indi əmin ola bilmirəm.

 

– Hazırda Avropada Azərbaycanla bağlı ən böyük yanlış təsəvvür nədir?

– Mən bir çox qərb ölkələrinə getmişəm, hətta ABŞ, İngiltərə, Şotlandiya və İtaliyada da yaşamışam. Açığı, mən çox vaxt erməni lobbisinin güclü təsiri ilə idarə olunan siyasi nəşrlərə maraq görməmişəm. Küçədəki insanlar buna əhəmiyyət vermirlər. Onları daha çox Azərbaycanın turizm üçün cəlbediciliyinin artırılması və ya idmandakı uğurlarımız maraqlandırır.

Futbolla bağlı bir neçə gülməli hekayəm var. 1995-ci ildə Fransada elmi konfransa getmişdim. Taksi sürücüsü haradan gəldiyimi soruşdu. Dedim ki, Azərbaycandanam. O, sevindi və dedi ki, Azərbaycanı çox yaxşı tanıyır. Mən təəccübləndim və ondan ölkəm haqqında nələr bildiyini soruşdum. Cavab verdi: “Təbii ki, bilirəm, siz futbolda Fransaya 0:10 hesabı ilə məğlub oldunuz!”

İkinci hekayəm isə Şotlandiyada baş verdi. Şotlandiyalı futbol azarkeşlərinin həmişə İngiltərəyə qarşı olduqları məlumdur. Bir gün həyat yoldaşımla Azərbaycan və İngiltərə arasındakı futbol matçına televiziyada baxmaq üçün Aberdindəki yerli puba getdik. Orada çoxlu şotlandlar vardı, lakin onlar həmin oyunu izləməkdə maraqlı deyildilər. Birdən kimsə bildi ki, mən Azərbaycandanam. Biz dərhal hər kəsin diqqətini cəlb etdik və oradakıların hamısı İngiltərəyə qarşı Azərbaycanın qatı tərəfdarı oldular. Əminəm ki, o gün ölkəmiz bir neçə şotlandiyalının qəlbində özünə yer tutdu.

 

 

– Dünya üçün necə bir gələcək təsəvvür edirsiniz? Dünyaya mesajınız nədir?

– İndi dünya sabit bir yer deyil. Rusiya açıq şəkildə sülhə meydan oxuyur, Yaxın Şərq və Afrikada çoxlu gərginlik var, siyasi populizm əsas faktordur. Mən görürəm ki, qərbdəki liberal demokratlar öz təsirlərini itirməyə başlayırlar. İnsanlar onlara qarşı deyillər. Lakin onlar iqtisadiyyat, enerji qiymətləri, müdafiə, miqrasiya, təhlükəsizlik, səhiyyə, təhsil, ailə dəyərlərinə və s. sahələrə eyni dərəcədə yönəldilməli olan praqmatik siyasətin olmamasından narahatdırlar. Nəticədə, biz görə bilərik ki, sağçı partiyalar daha çox səs alır. Fikrimcə, bu partiyaları belə adlandırmaq düzgün deyil, onların dediyi bir çox şey çoxluqla səsləşir. Mən Şimal dənizində işləyəndə tez-tez dənizdəki işçilərə deyirdim ki, onlar belə böyük ölkədə doğulduqları üçün nə qədər şanslı olduqlarını bilmirlər və xırda məsələlərdən şikayətlənməməli, öz dövlətlərini riskli, xüsusən də sosialist ideyalarına əsaslanan dəyişikliklərdən xilas etməyə diqqət etməlidirlər.

Dünyaya mesajım sadədir – bazar iqtisadiyyatını qoruyun, populistlər tərəfindən narahat edilməyin, iqlim dəyişikliyi üzərində işləyərkən ən ucuz və etibarlı enerji mənbələrindən, o cümlədən nüvədən istifadəni koordinasiya edin, ailə dəyərlərinə, sağlamlıq və təhsilə diqqət yetirin, sülh və təhlükəsizlik üçün əməkdaşlıq edin.

 

– Azərbaycan gənclərinə uğur qazanmaq üçün nə tövsiyə edərsiniz? 

– Vətəninizi, ailənizi sevin, boş-boş danışmaq yerinə, əsl bacarıq əldə edin, paxıllıq etməyin və dürüstlüyünüzü qorumaqdan qorxmayın. Özünüz olun, kimisə təkrarlamayın.

 

Tacxeber.com

Oxşar xəbərlər