• 10 May 2025 18:35

“O. zaman 7 papanın hamısı fransız idi” – Yadigar Sadıqlı

Нет описания фото.

Romada yerləşən Lateran sarayı. Əsrlər boyu bu saray Roma papasının iqamətgahı idi. Yalnız Avinyon əsarətindən qayıdan papa XI Qriqori Vatikanı iqamət yeri kimi seçdi. Onun ölümündən sonra yeni papanın seçilməsi üçün keçirilən kardinalların toplantısı – Konklav Lateran sarayında oldu.

 

Avinyon əsarəti dövründəki 7 papanın hamısı fransız idi. İndi əhali Lateran sarayını əhatə alaraq yeni papanın italyan olmasını tələb edirdi. Nəticədə Bari arxiyepiskopu Bartolomeo Prinyano 1378-ci il aprelin 8-də papa seşildi və o, VI Urban adı ilə Müqəddəs Taxta çıxdı.

VI Urbanın fəaliyyəti tezliklə kardinalların çoxunu narazı saldı. Onlar sentyabrda Fondi şəhərində toplandılar. Əhalinin təzyiqi səbəbindən VI Urbanın seçilməsini qanunsuz hesab etdilər və Cenevrəli Roberti papa seçdilər. O da VII Kliment adını qəbul etdi.

 

Amma VII Kliment əhalinin müqaviməti üzündən Romaya gedib papa taxtına otura bilmədi. Belə olduqda ağla yenə Avinyon gəldi. Beləcə, bir papa Romada otururdu, biri də Avinyonda. Tezliklə onlar bir-birlərini anafemaya məruz qoydular – dindən xaric etdilər. Avropa ölkələrinin bir qismi qanuni papa kimi VI Urbanı, bir qismi də VII Klimenti tanıdılar. “Böyük qərb parçalanması” və ya “Böyük sxizm” deyilən hadisə belə başladı.

Sonrakı illərdə Romada IX Bonifasi (1389-1404), VII İnnokemti (1404-1406), XII Qriqori (1406-1415) papa oldular. Avinyonda isə VII Klimentin 1394-cü ildə ölümündən sonra XIII Benedikt papa oldu.

 

Parçalanmaya son qoymaq üçün 1409-cu ildə Pizada kilsə məclisi çağrıldı. Məclis Romada oturan XII Qriqorinin və Avinyondakı XIII Benediktin taxtdan salındığını elan etdi və Peter Flarqı papa elan etdi, o da V Aleksandr adını qəbul etdi. Amma Roma da, Avinyon da bu qərarı tanımadılar. Beləliklə, guya birlik məqsədilə çağrılmış Piza məclisinin nəticəsi kuryoz oldu: üçüncü papa yarandı.

V Aleksandr bir il sonra öldü. Onun yerina Baltazar Kossa seçildi və XXIII İoann adı ilə Piza papası oldu.

 

Nəhayət, alman imperatoru I Sigizmund 1414-cü ildə Konstans şəhərində daha bir kilsə məclisi çağrıldı. Məclis dörd il davam etdi. 1415-ci ildə hər üç papa taxtdan salındı. Amma yeni papanın seçimi daha 2 il sürdü. Nəhayət, 1417-ci ilin noyabrında Oddone Kolonno yeni papa seçildi və V Martin adını qəbul etdi.

Roma və Piza papaları Konstansa məclisinin qərarını qəbul etdilər. Avinyon papası isə imtina etdi. Amma tezliklə bütün ölkələr V Martini papa kimi tanıdıqlarından Böyük parçalanma baş çatdı.

 

Katolik kilsəsi parçalanma dövründə Romada oturan papaları qanuni sayır. Avinyon və Piza papaları isə antipapa sayılırlar.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər