Rəşad Sadıqov: “Onlar Azərbaycan futbolunun düşmənləridir”

“Bu gün süni ot örtüyü çətinlklər yaradırdı. Buna baxmayaraq, futbolçularım istəkli, intizamlı idilər. Bilirdilər ki, sonuncu yerin müqəddəratı həll olunur. Biz peşəkarlığı qoruduq”.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXIV turunda “Səbail”lə oyundan (1:0) sonra bildirib.
Təcrübəli çalışdırıcı “Zirə”də çalışdığı 5 ili şərh edib: “Əslində, bu mövzuya bir mətbuat konfransı yetməz. Bu mövsüm nə qədər xal qazanmağımızın fərqi yoxdur. Ötən il 55 xal toplamışdıq. Amma fərqi yoxdur 70, 90 xal yığaq. Qarşımızda 2-ci yeri tutmaq vəzifəsi qoyulmamışdı. İstərdik ki, imkan daxilində daha çox qələbələrimiz olsun. Bizdə bəzən yalnız 90 dəqiqənin necə bitməsi müzakirə olunur. Lakin nəticələr geniş müzakirə edilməlidir. Mənim çalışdığım müddət ərzində ən pis nəticə 5-ci yeri tutmağımız olub ki, onda da 4-cü pillədəki komanda ilə eyni xalı yığmışdıq. Bu mövsüm hakim səhvləri də azalıb. İndi klublar nadir hallarda şikayətlənirlər. İki dəfə kubokun finalında oynadıq, “Qarabağ” kimi rəqibə uduzduq. Təbii ki, bizim də səhvlərimiz, xətalarımız var idi. Hər dönəmin öz “Zirə”si olub. Bilmirik gələn il necə olacaq. Bəlkə də eyni oyunu göstərib, 5-ci yeri tuta bilərik. Bəs onda necə olacaq? Bu, uğurlu nəticə sayılacaq, ya yox? İstənilən halda, bütün azarkeşlərimizə təşəkkürümü çatdırıram. 7-8 turda eniş dövrü olsa da, bizə dəstəklərini əsirgəmədilər, qarda, yağışda, qızmarda bizimlə oldular”.
R.Sadıqov özünütənqid barədə də danışıb: “Bəzən qalib gəldiyimiz oyunlarda belə səhvlərimizi axtarırıq. Ötən ilin yayında avrokuboklardan sonra eniş yaşadıq. 7-8 tur narahat idik. Xüsusilə mental hazırlıq baxımından problem var idi. Əvvəlki 4 ildə qış fasiləsindən sonra, yəni 3-cü dövrədə eniş olurdu. Bu dəfə 3-4-cü dövrə uğurlu alındı. Sadəcə, bəzi oyunlarda ikinci hissəyə uğurlu başlaya bilmirdik. Mental cəhətdən eniş zamanı da səhvlərin çoxunu özümdə görürdüm”.