• 12 May 2025 06:57

Hindistan-Pakistan toqquşmasının qalibi hələlik Çindir – Ərəstun Oruclu

Bir çox hərbi ekspertlərin və mərkəzlərin dəyərləndirməsi budur ki, 125 təyyarənin iştirak etdiyi 1 saatlıq hava döyüşündə Çin hərbi texnikası üstünlük nümayiş etdirib.

 

Pakistan tərəfin iddiasına görə Hindistan hərbi-hava qüvvələrinin 5 təyyarəsi vurulub və onların da 3-ü Fransa istehsalı olan Dassault Rafale təyyarəsidir. Fransız mənbələri vurulan təyyarənin cəmi 1, ABŞ mənbələri isə 2 olduğunu bildirirlər.

Rafale təyyarəsi hal-hazırda ən çox sifariş edilən qırıcılardan biri sayılır. Çox güman ki, indi sifarişlərin bir hissəsinə yenidən baxılacaq. Bu rəqəm təxminən 220 idi. Bir təyyarənin qiyməti modifikasiyasından asılı olaraq, $100-120 mln civarındadır.

 

Pakistan hərbi-hava qüvvələrinin döyüşdə istifadə etdiyi Çin istehsalı olan J-10C təyyarəsi isə təxminən 2-3 dəfə ucuzdur ($ 40-50 mln). Amma burada əsas üstünlük qazandıran təkcə təyyarələrin texniki parametrləri deyil.

Pakistan hərbi-hava qüvvələrinə üstünlüyü qazandıran həm də onların arsenalındakı raketlər olub. Belə ki, Rafale təyyarəsinin təhciz olunduğu “hava-hava” tipli raketlərin hədəfləri vurma məsafəsi 160 km, Çin istehsalı J-10C təyyarəsində isə 210 km-dir.

 

Bir çox mütəxəssislərin fikrincə əsas uğur qazandıran amil də bu olub. Başqa bir qrup ekspertlər isə təyyarələrin texniki parametrlərinin də bu məsələdə mühüm rol oynadığını vurğulayırlar.

Bu mövzuda gedən müzakirələr Azərbaycan üçün də son dərəcə əhəmiyyətlidir. Belə ki, Azərbaycan hərbi-hava qüvvələri üçün J-10C təyyarəsindən daha mükəmməl hesab edilən Çin-Pakistan birgə istehsalı olan son model JF-17 Block III təyyarələri alınıb.

 

Ərəstun Oruclu

Tacxeber.com

Oxşar xəbərlər