• 12 May 2025 09:17

“Zəngin ölən, rüsvay ölür” – Bill Qeyts

“Microsoft”un təsisçisi Bill Qeyts elan edib ki, gələcək iyirmi il ərzində sərvətinin 99 faizini xeyriyyəçiliyə sərf etməyə qərar verib.

 

“Öləndə insanlar mənim haqqımda çox şey danışacaq, amma mən çox istəyirəm ki, heç kim “o, zəngin öldü” deməsin”, — deyə Bill Qeyts öz saytında yazıb. O, əvvəlcə amerikalı maqnat və xeyriyyəçi Endryu Karnegidən sitat gətirib: “Zəngin ölən, rüsvay ölür.”

Həqiqət isə budur ki, indiki vəziyyətdə Qeyts sərvətinin 99 faizini bağışlasa belə, yenə də milyarder olaraq qalacaq. O, qərarını izah etdiyi məqaləyə qrafik əlavə edib. Həmin qrafikə görə, hazırda sərvəti 108 milyard dollar dəyərindədir.

 

Qeyts Fondu (Bill və Melinda Qeyts Fondu) uzun illərdir ki, səhiyyə və digər sahələrdə layihələri maliyyələşdirir. Lakin “Microsoft” təsisçisi izah edib ki, o, bu vəsaitin xərclənmə sürətini artırmaq qərarına gəlib: əvvəllər o və həyat yoldaşı fondun onların ölümündən sonra onillərlə fəaliyyət göstərəcəyini planlaşdırırdılar. İndi isə qərara gəliblər ki, fond 2045-ci ilə qədər bütün vəsaitləri paylayıb fəaliyyətini dayandırsın.

 

BBC-yə verdiyi müsahibədə dünyanın keçmiş ən varlı adamı olan Qeyts, hazırda dünyanın ən zəngin insanı olan İlon Maskı yenidən tənqid edib. O, Tramp administrasiyası dövründə dövlətin xarici yardım xərclərini azaltmaqla, Maskın rəhbərlik etdiyi Dövlət İdarəetmə Səmərəliliyi Departamentinin uşaqları ölümə məhkum etdiyini bildirib.

“Bu ixtisarlar sadəcə uşaqları öldürmür — milyonlarla uşağı öldürür. Dünyanın ən varlı insanından bunu gözləməzdim,” — deyə Qeyts vurğulayıb.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər