Ərdoğan Zelenski ilə DANIŞDI: Açılan fürsət pəncərəsi qaçırılmamalıdır!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Tacxeber.com xəbər verir ki, Ərdoğan Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib.
Türkiyə Prezident Administrasiyasının bu barədə yaydığı məlumata görə, ölkə liderləri Türkiyə-Ukrayna ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
Qeyd edilib ki, Türkiyə lideri əhatəli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazımi şəraiti təmin edəcəyini, açılan fürsət pəncərəsinin qaçırılmamalı olduğunu vurğulayıb.
Telefon danışığı barədə Zelenski isə özünün “Telegram” səhifəsində məlumat verib.
Zelenskinin sözlərinə görə, onlar Ukrayna və Rusiya arasında Türkiyədə keçiriləcək görüşün əsas detallarını müzakirə ediblər. O, diplomatiyanın inkişafı üçün ən yüksək səviyyədə dəstəyə və istəyinə görə Ərdoğana minnətdarlığını bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, hazırda atəşkəs zərurəti vacibdir. Tərəfdaşların atəşkəs rejiminə nəzarəti təmin etməsi də lazımdır.
“Biz Putinlə birbaşa danışıqlara hazırıq. Uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün hamımızın Avropada birgə çalışmağımız çox vacibdir. Amerika ilə daimi təmasda olacağıq. Prezident Ərdoğanla sülh naminə gələcək birgə iş haqqında razılığa gəldik”, – deyə Zelenski bildirib.