Hindistanla Pakistan niyə və necə müharibə edirlər? – 78 illik davanın tarixçəsi İngilis planı bölgəni bitməyən savaşa məruz qoyub

Mayın 7-də Hindistan Pakistanın Kəşmir bölgəsindəki hədəflərə zərbələr endirib. Bu, iki həftə əvvəl yaraqlıların Hindistan Kəşmirində turistlərə qarşı həyata keçirdiyi hücuma cavab olub. Ardınca bu insident iki dövlət arasında hərbi qarşıdurmaya çevrildi. Hələlik bölgədə atəşkəs vəziyyəti olsa da, hərbi eskalasiya riski yüksək olaraq qalır.
Geniş miqyaslı müharibələr, silahlı üsyançılar, dağıdılmış evlər və onminlərlə qurban — dünyanın bu bölgəsindəki münaqişə 1947-ci ildən bəri səngimir.
Britaniya mirası
1947-ci il avqustun 14 və 15-də Britaniya Hindistanı bölündü. 14 avqustda Pakistan, ertəsi gün isə Hindistan müstəqilliyini elan etdi.
Bölünmə planı Hindistanın sonuncu vitse-kralı lord Mauntbattenin adı ilə bağlıdır. O, Britaniya Hindistanının dini meyarla bölünməsini təklif etmişdi: müsəlmanların yaşadığı ərazilər Pakistana, hinduların yaşadığı torpaqlar Hindistana verilməli idi. Bəzi ərazilər isə mübahisəli sayılırdı və onlara gələcək talelərini özlərinin müəyyən etməsi təklif olunmuşdu.
Press klub: Britaniya müstəmləkəsi olduğu zaman Hindistan ərazisi iki hissəyə bölünürdü. Bir hissə Britaniya Hindistanı adlanırdı və birbaşa ingilislər tərəfindən idarə olunurdu. Digər hissə isə Britaniyanın ali hakimiyyətini qəbul edən, amma yerli hakimlər (racalar, maharacalar, xanlar və s.) tərəfindən qismən müstəqil idarə olunan irili-xırdalı feodal dövlətləri idi. Müstəqillik ərəfəsində feodal dövlətlərin sayı 565 idi. Onlar Hindistanın ümumi ərazisinin 40, əhalisinin isə 23 faizini təşkil edirdilər. Həmin dövlətlərin bəzilərinin yetərincə böyük ərazisi və milyonlarla əhalisi vardı. Bəziləri isə kiçik əraziyə və bir neçə min əhaliyə malik idilər. Feodal dövlətlər Mauntbatten planına əsasən ya Hindistan və Pakistandan birinə birləşməli, ya da müstəqil qalmalı idilər. Həmin dövlətlərin böyük əksəriyyəti Hindistana, bir neçəsi Pakistana birləşdi
Mauntbatten planındakı qeyri-müəyyənlik nəticəsində yaranan münaqişələr Britaniya Hindistanının bölünməsindən az qala 80 il sonra da davam edir.
1947-ci ildə Kəşmirə maharaca Hari Sinqh rəhbərlik edirdi.
O, yeni dövlətlərdən hansına birləşmək barədə uzun müddət tərəddüd keçirdi. Nə Hindistan Milli Konqresinin lideri Cəvahirləl Nehruya, nə də Kəşmiri tamamilə udacağından ehtiyat etdiyi Pakistana simpatiyası vardı.
Qeyri-populyar hökmdarın qərarsızlığı fonunda ön plana Şeyx Məhəmməd Abdullah çıxdı. O, Hindistanın bölünməsi zamanı həbsdə idi: maharacaya qarşı çıxışlarına görə. Müsəlman Şeyx Abdullah Hindistanı “az şər” hesab edirdi: Nehru Kəşmirə muxtariyyət vəd etmişdi. Bu zaman maharaca knyazlığın müstəqilliyini elan etdi.
1947-ci ilin yayında Kəşmirdə hindu və müsəlmanlar arasında toqquşmalar başladı, hökumət vəziyyətə nəzarəti itirdi. Oktyabrda Pakistandan gələn silahlı dəstələr yerli müsəlmanlara “qardaş köməyi” bəhanəsi ilə Kəşmirə hücum etdilər. Hari Sinqh yardım üçün Hindistana müraciət etdi. Delhi isə ordu göndərmək üçün şərt qoydu: Kəşmir Hindistan İttifaqına qoşulmalıdır. Oktyabrın 27-də maharaca müqavilə imzaladı, lakin müharibə artıq başlamışdı.
Birinci Hindistan-Pakistan müharibəsi (1947–1949)
Pakistandan gəlmiş puştun yarımhərbi dəstələri knyazlığın paytaxtı Şrinaqarı ələ keçirdilər. Maharaca ilə müqavilənin imzalanmasından sonra Hindistanın göndərdiyi siqh batalyonu şəhəri tezliklə nəzarətə aldı.
Bundan sonra Pakistan knyazlığın şimal hissəsini “Azad Cammu və Kəşmir” adlandıraraq, öz ərazisi elan etdi. Pakistan ordusu qərbdən hücuma keçdi və Şrinaqara tərəf irəlilədi. Hindistan qoşunları dairəvi müdafiəyə keçdi, müsəlman dəstələrini şəhər kənarında məğlub etdi və qərbə doğru irəlilədi.
Lakin həmin vaxt knyazlığın müsəlmanlar yaşayan şimal ərazilərində yerli əhali Pakistanın müdaxiləsini dəstəklədi. Onlar Kəşmirin şimalını nəzarətə götürdülər və Pakistana birləşdiyini elan etdilər.
Hindistan qoşunları ard-arda bölgəyə göndərilsə də, bir il ərzində Punc ətrafındakı mühasirəni yara bilmədilər: burada Kəşmir ordusu müsəlman silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı. Eyni zamanda hindlilər dəyişkən uğurla şimala – Skardu və Gilgit istiqamətində irəliləməyə çalışırdılar. Yalnız 1948-ci ilin noyabrında Hindistan qoşunları Punc mühasirəsini yarmağa və şimal üsyançılarını geri oturtmağa nail oldular.
1949-cu il yanvarın 1-də BMT-nin qətnaməsinə əsasən atəşkəs qüvvəyə mindi. Altı ay sonra Hindistan və Pakistan atəşkəs xətti üzrə razılaşma imzaladılar. Kəşmir iki hissəyə bölündü: təxminən 60% Hindistanın, 40% isə Pakistanın nəzarətinə keçdi.
Ayırıcı xəttin müvəqqəti olacağı və siyasi razılaşma nəticəsində qəti müəyyənləşəcəyi gözlənilirdi, lakin tez-tez olduğu kimi, bu müvəqqəti qərar onilliklər çəkdi.
İkinci Hindistan-Pakistan müharibəsi (1965)
1948-ci ildə Hindistanın nəzarətindəki Cammu və Kəşmirin müvəqqəti administrasiyasına həmin Şeyx Abdullah başçılıq etdi. Bu, Hindistan üçün müdrik qərar idi: problemli regiona müsəlman rəhbər təyin etməklə, Delhi Kəşmirin çoxmillətli və çoxdinli xarakterini vurğulayır və bununla Pakistanın işğal ittihamlarını rədd edirdi.
Hərçənd, beş ildən sonra Nehru və Şeyx Abdullahın dostluğu sona çatdı: Abdullah separatçılıqda ittiham edilərək, həbs olundu.
1964-cü ildə azadlığa çıxdı, lakin üç il sonra yenidən tutuldu.
1965-ci ildə vəziyyət yenidən gərginləşdi. Sərhəddə yerləşən səhralıq əraziyə görə yazda Hindistan və Pakistan hərbçiləri arasında toqquşmalar baş verdi. Yayda isə Pakistan Kəşmirin Hindistan hissəsində diversiya əməliyyatlarına başladı. Buna cavab olaraq, Hindistan ordusu bölgənin Pakistana tabe olan ən cənub hissəsi — Azad Kəşmirə hücum etdi.
Geniş miqyaslı toqquşmalar başladı: Hindistan qoşunları yalnız Kəşmirlə kifayətlənməyib, eyni vaxtda Lahora doğru irəliləməyə başladı. Savaş sentyabrın 23-də başa çatdı, hər iki tərəf özünü qalib elan etdi. Cəmi yeddi minə yaxın adam həlak oldu, Pakistan 300 tank, Hindistan isə 80 tank itirdi.
Üçüncü müharibə və Kəşmirin rəsmi bölünməsi (1971)
1971-ci ilin dekabrında Hindistan və Pakistan arasında üçüncü böyük müharibə başladı — bu dəfə Kəşmirdən uzaqda.
Mauntbetten planına əsasən, Pakistan 1947-ci ildə iki hissəyə — qərb və şərq hissələrinə bölünmüşdü. Müharibə məhz şərqdə baş verdi: üsyançılar müstəqil Banqladeş dövlətinin yaradıldığını elan etdilər. Pakistan ordusu repressiyalara başladı, toqquşmalar baş verdi və müxtəlif qiymətləndirmələrə görə, bu qarşıdurmalar zamanı 200 minlə 2 milyon arasında insan həlak oldu.
Hindistan üsyançıları açıq dəstəklədi və ordusunu ora göndərdi. Pakistan cavab olaraq Hindistanın hərbi bazalarına zərbə endirdi. Hindistan qonşu dövlətə müharibə elan etdi və iki həftə ərzində [Banqladeşdəki] Pakistan ordusu darmadağın oldu. Banqladeş müstəqillik qazandı.
Bu müharibənin bir çox mühüm nəticələri oldu. Məhz həmin andan etibarən Pakistan nüvə silahı üzərində işləməyə başladı. Bundan əlavə, Kəşmirdəki müvəqqəti sərhəd 1972-ci ildə, nəhayət, daimi sərhədə çevrildi.
Üsyançılar və terror aktları
1987-ci ildə Cammu və Kəşmir ştatında qanunverici məclisə seçkilər keçirilirdi. Şeyx Abdullah artıq vəfat etmişdi, regiona oğlu Faruq Abdullah rəhbərlik edirdi. Səsvermə ərəfəsində o, hakim Hindistan Milli Konqresi partiyası ilə ittifaq qurdu və tam qələbə qazandı. Amma məğlub olan namizədlər geniş miqyaslı saxtakarlıqların baş verdiyini bildirdilər və bununla toqquşmalar başlandı.
Bölgənin müstəqilliyi uğrunda silahlı mübarizənin tərəfdarları bundan on il əvvəl, İngiltərənin Birmingem şəhərində Cammu və Kəşmir Azadlıq Cəbhəsini (JKLF) yaratmışdılar. 1980-ci illərin əvvəllərində onlar Azad Kəşmirə — regionun Pakistan nəzarətində olan hissəsinə köçdülər. 1987-ci ildə seçkilərin doğurduğu qiyamdan sonra isə silahlı separatçılar Hindistan Kəşmirinə keçdilər.
Sonrakı iki il ərzində Kəşmirdə onlarla müxtəlif silahlı qruplar meydana çıxdı: bəziləri regionun Pakistana birləşdirilməsinin, digərləri isə müstəqil müsəlman dövləti yaradılmasının tərəfdarı idilər. Silahlılar Hindistanın dövlət idarələrinə hücum edir, hökumətlə əməkdaşlıqda şübhəli bildiklərini küçələrdə qətlə yetirir, insanların sıx toplaşdığı yerlərdə bombalar partladırdılar.
Hindistan sərt repressiyalarla cavab verdi və orduya geniş səlahiyyətlər tanıdı. İndi hərbi qulluqçular şübhəli şəxslərə qarşı silah istifadə edə və məhkəməsiz həbslər həyata keçirə bilərdilər. Bununla belə, üsyançı qruplaşmalar əhəmiyyətli əraziləri nəzarətdə saxlamağa və hətta orada öz qanunlarını tətbiq etməyə müvəffəq oldular.
Bütün bu dövrdə Pakistan üsyançıları gizlicə silahla təchiz edir və öz ərazisindəki təlim düşərgələrinin fəaliyyətinə göz yumurdu. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf illər sonra etiraf etdi ki, İslamabad bir çox qruplaşmalara dəstək verirdi.
Bu qruplaşmalardan biri, Müşərrəfin dediyinə görə, cihadçı “Ləşkər-e-Tayyiba” idi. Məhz bu qruplaşmanın bir qolu, “Müqavimət Cəbhəsi”, 2025-ci ilin aprelində Kəşmirdə turistlərin qətli məsuliyyətini üzərinə götürdü.
“Cərrahi zərbələr”
1998-ci ildə Hindistan və Pakistan nüvə sınaqları keçirdi. Həmin ilin sonunda sülh danışıqlarına başladılar.
Eyni zamanda toqquşmalar davam edirdi. 1999-cu ildə Kəşmirdə təmas xəttinə yaxın bir yerdə Pakistanın hərbçiləri (İslamabadın rəsmi versiyasına görə, müstəqil üsyançılar) Hindistan nəzarətindəki əraziyə keçdilər. Heç bir ölkə bunu müharibə adlandırmadı, amma toqquşmalar və artilleriya atəşi nəticəsində yüzlərlə insan həyatını itirdi.
Bu illərdə ölkələr bir neçə dəfə tammiqyaslı müharibə sərhədində dayandılar. 2002-ci ildə Hindistan və Pakistan bir sıra insidentlərdən sonra sərhəddə qoşunları cəmlədilər, lakin münaqişənin qarşısı beynəlxalq cəmiyyətin müdaxiləsi ilə alındı.
2015-ci ildən etibarən Kəşmir cihadçılarının Hindistan hərbçilərinə hücumları artmağa başladı. 2015-ci ildə yaraqlılar hava limanına, 2016-cı ildə isə Uri şəhərindəki hərbi bazaya hücum etdilər. Bu hücumlardan sonra Hindistanın xüsusi təyinatlı qüvvələri sərhədi keçərək, hücumların təşkil edildiyi düşərgələrə zərbə vurdu. Delhidə bu əməliyyatları yaraqlılara vurulan “cərrahi zərbələr” adlandırdı. Pakistan hakimiyyəti isə bildirdi ki, bunu Hindistanın “səbəbsiz və aşkar təcavüzü” hesab edirlər.
Ən ciddi gərginlik isə 2019-cu ilin fevralında baş verdi. Kəşmirin Hindistan hissəsində bir terrorçu özünü partlatmaqla polis avtobusunda 40 nəfəri öldürdü. Hindistan buna Pakistanın nəzarətindəki ərazilərə hava zərbələri endirməklə cavab verdi. Ertəsi gün isə bütün ayırıcı xətt boyunca atışmalar başladı. Həmçinin Hindistan və Pakistan qırıcıları arasında hava döyüşü baş verdi. Hərçənd, konflikt daha böyük bir müharibəyə çevrilmədi.