• 13 May 2025 15:28

Smartfonu yandıra biləcək 10 təhlükəli şarj səhvi

Təkcə flaqman telefon almaq, onunla birlikdə brend kabel və aksesuarları əldə etmək yetərli deyil. Hətta ən müasir və bahalı smartfon belə səhv enerjiyığma vərdişlərindən zərər görə bilər. Əgər cihazınıza uzunömürlü qulluq etmək istəyirsinizsə, bu 10 vacib qaydanı mütləq bilməlisiniz.

 

Tacxeber.com xəbər verir ki, bu barədə marthastewart.com-un qadcet mütəxəssislərinə istinadla dərc olunan məqaləsində bildirilir.

 

Ekspertlər telefon və enerji cihazlarının daha uzunömürlü olması üçün diqqət edilməli əsas məqamları sadalayıblar.

 

Zədələnmiş kabellərdən uzaq durun

 

Kabelin bir ucu soyulub, ya da naqil qopubsa, dərhal dəyişdirin. “Hələ işləyir” demək riskdir: bu, həm elektrik cərəyanı vurmasına, həm də yanğına səbəb ola bilər.

 

Gecə boyu enerjiyığma – batareyanın gizli qatili

 

Müasir telefonlar dolduqdan sonra enerji qəbulunu dayandırır. Amma bu o demək deyil ki, hər gecə cihazınızı şarjda saxlamalısınız. Uzunmüddətli enerjiyığma batareyaya stres yaşadır və onun ömrünü qısaldır.

 

Elektrik yuvalarını yükləməyin

 

Çox sadə səslənsə də, çox adam bu səhvə yol verir. Birdən çox cihazı eyni elektrik yuvasına qoşmaq elektrik yükünü artırır. Lazım olduqda, fərqli elektrik yuvalarından və ya güclü filtrli uzadıcı kabellərdən istifadə edin.

 

Uzadıcılar – daimi yox, müvəqqəti dostunuzdur

 

Uzadıcı kabellər gündəlik istifadə üçün nəzərdə tutulmayıb. Xüsusən də notbuk və digər enerji tələb edən cihazları hər gün uzadıcı ilə enerji yığmaq təhlükəlidir – bu, qızma və yanğın riskini artırır.

 

Yalnız orijinal kabellərə üstünlük verin

 

“Ucuzdur, eyni işi görür” – deyə düşünməyin. Əvəzləyici kabellər çox vaxt gərginlik qoruması və digər təhlükəsizlik sistemlərinə malik olmur. Nəticədə, qeyri-stabil enerji axını, qızma, hətta cihazın sıradan çıxması mümkündür.

 

Temperaturu izləyin

 

Əgər cihazınız çox qızıbsa – dərhal enerji yığmanı dayandırın. Bu, ya daxili nasazlığın, ya da uyğun olmayan enerji mənbəyinin göstəricisidir.

 

Smartfonu yorğanın altına qoymayın

 

Zarafat kimi səslənə bilər, amma bu, real təhlükədir. Yorğan, yastıq və yumşaq mebel səthləri istiliyi saxlayır – bu da batareyada təhlükəli səviyyədə qızmaya səbəb ola bilər. Telefon enerji yığarkən həmişə açıq səthdə qalmalıdır.

 

Şarj zamanı oyun oynamayın

 

Telefonu enerji yığarkən intensiv şəkildə istifadə etmək, xüsusən oyunlar oynamaq cihazı həm qızdırır, həm də batareyaya əlavə yük salır. Bu vərdiş batareyanın ömrünü sürətlə azaldır.

 

Telefonu günəş altında və ya maşında şarj etməyin

 

Qapalı məkanda, xüsusən avtomobildə – temperatur sürətlə artır. Enerjiyığma özü də istilik yaratdığı üçün bu iki təsir birləşərək batareyaya zərər verə bilər. Nəticədə, telefon sıradan çıxa və ya yanğın baş verə bilər.

 

Su və elektrik bir yerdə ola bilməz

 

Hətta bir neçə damcı su belə telefonunuzu, kabeli və ya enerji mənbəyini sıradan çıxara bilər. Şarj zamanı səth quru olmalı, yaxınlıqda heç bir nəm və ya maye olmamalıdır.

 

Qeyd edək ki, ekspertlər telefonları ən yaxşı halda 80%-ə qədər enerji ilə saxlamaq lazım olduğunu vurğulayırlar. Mütəxəssislərə görə, bu səviyyə batareyaya düşən gərginliyi azaldır və ömrünü uzadır.

 

İdeal halda enerji səviyyəsi 20%-dən aşağı düşməməli və 80%-dən yuxarı qalxmamalıdır.(Oxu.Az)

Tacxeber.com

Oxşar xəbərlər