• 14 May 2025 04:54

Bizi iki çox vacib seçki gözləyir: Polşa və Rumıniya. – Kamran Cəfərov

Возможно, это изображение 2 человека, Овальный кабинет и текст

Uzaqdan başlayaq.

 

Əvvəlcə çox vacib bir suala cavab verməliyik: Niyə Donald Trampın prezident seçilməsi Vladimir Putinə faydalı oldu?

Bu gün dünyada sağ, ultra-sağ və mühafizəkar qüvvələrin böyük əksəriyyəti (təbii ki, istisnalar var — məsələn, Boris Conson, Andjey Duda və s.) Rusiyanı və şəxsən Putini nəinki düşmən, heç rəqib kimi də görmürlər. Əksinə, bir çox hallarda Putin Rusiyası onlar üçün potensial müttəfiq sayılır.

 

Ultra-sağ qüvvələrin Putinə münasibəti təsadüfi deyil — onların ortaq düşməni sol-liberal və mərkəz-liberal qüvvələrdir. Bu qarşıdurma həm Avropada, həm də ABŞ-da getdikcə dərinləşir. Öz növbəsində Putin, ultra-sağ qüvvələrin yüksəlişini həm maraqla izləyir, həm də bu prosesin əsas benefisiarı rolunda çıxış edir. Çünki bu qüvvələrin hakimiyyətə gəlməsi Rusiyanın imperialist maraqlarının həyata keçirilməsi üçün münbit şərait yaradır.

Trampın hakimiyyətə gəlməsi Putinə ona görə lazım idi ki, artıq geosiyasi səhnədə ultra-sağ qüvvələr təkcə Rusiya tərəfindən deyil, ABŞ tərəfindən də dəstəklənəcək. Nəticədə “Putin–Tramp” tandemi formalaşaraq geosiyasi balansı dəyişəcəkdi.

 

Belə də oldu. Bu tandem sayəsində Avropada sağçı və Rusiyaya loyal qüvvələrin bir-bir hakimiyyətə gətirilməsi planı işə düşməliydi. Lakin bu planın qarşısında gözlənilməz bir maneə çıxdı: Avropanın çevik və sürətli siyasi konsolidasiyası.

Bu tandem ilk ağır zərbəsini Kanadada aldı. Trampçı namizəd Pyer Pualyevr son 6 ay ərzində bütün sorğularda böyük üstünlük əldə etsə də, seçkilərdə liberal Baş nazir Mark Karniyə məğlub oldu.

 

Bənzər bir ssenari 3 mayda Avstraliyada da yaşandı. Hakim leyboristlər son sorğularda mühafizəkarlara uduzurdular, lakin seçkilərdə gözlənilməz qələbə qazandılar. Qeyd edək ki, mühafizəkarların lideri Piter Datton Trampa olan oxşarlığı ilə fəxr edirdi.

İndi isə diqqətlər 18 mayda keçiriləcək iki seçkiyə yönəlib: Polşa və Rumıniya.

 

Polşa

2 mayda Tramp Ağ Evdə Polşada prezidentliyə namizədlərdən biri ilə görüşdü(şəkildə) və onun dəstəyini açıq şəkildə göstərdi — bu, hazırkı prezident Dudanın təmsil etdiyi “Haqq və Ədalət” partiyasından olan Karol Navrotski idi.

Ümumilikdə üç əsas namizəd var və ikinci turun keçiriləcəyi böyük ehtimalla gözlənilir.

 

Favorit: Baş nazir Donald Tuskun rəhbərlik etdiyi partiyanın namizədi, Varşavanın meri Rafal Tşaskovski. Reytinqi 30%-ə yaxındır. Kəskin anti-Rusiya mövqeyi ilə tanınır.

İkinci: Tramp və Putinin dəstəklədiyi Karol Navrotski — 25-26% reytinq. Anti-Ukrayna və anti-Avropa ritorikası ilə çıxış edir.

Üçüncü: “Konfederasiya” partiyasından Slavomir Mençen — 13% dəstək. Kəskin anti-Ukrayna və ruspərəst mövqeyə malikdir.

Seçkilərdə Tşaskovski favorit sayılır.

 

Rumıniya

4 mayda Rumıniyada prezident seçkilərinin 1-ci turunun təkrar səsverməsi keçirildi. Nəticələr gözlənildiyi kimi olmadı.

Corce Simion (trampçı, mühafizəkar, anti-Avropa mövqeli) — 41%

Dan Nikuşor (Buxarestin meri, avropayönlü, mərkəzçi) — 21%

Krin Antonesku (hakim koalisiyanın namizədi) — 20%

 

2-ci turda Simion və Nikuşor yarışacaq. İlk turun nəticələri Simionun çox böyük fərqlə öndə olduğunu göstərdi. Lakin son bir həftə ərzində Dan Nikuşorun komandası reytinq fərqini sürətlə azaldıb. Hazırda bukmekerlərin (Polymarket) proqnozlarına görə:

Simionun qalib gəlmə ehtimalı — 62%

Nikuşorun qalib gəlmə ehtimalı — 38%

Bu, ciddi irəliləyişdir. Qarşıdakı 5 gün olduqca gərgin keçəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər