• 15 May 2025 22:42

Britaniya tarixində indiyədək sağ qalan məhkumla bağlı qeydə alınmış ən uzunmüddətli məhkəmə səhvi – Yadigar Sadıqlı

Britaniyalı Piter Sallivan az qala 40 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. O, ofisiant qızın qətlində təqsirli bilinərək mühakimə olunmuşdu. İndi isə apellyasiya məhkəməsi hökmü ləğv edib, çünki iş üzrə yeni sübutlar ortaya çıxıb.

 

21 yaşlı Dayan Sindall 1986-cı ilin avqustunda İngiltərənin qərbində yerləşən Birkenhed şəhərində işdən evə qayıdarkən zorlanaraq öldürülmüşdü.

Sallivan həmin gün darts oyununda uduzduğuna görə çoxlu içki içmiş, küçəyə çıxaraq əlində dəmir linglə gəzməyə başlamış və təsadüfən Dayanla qarşılaşmışdı. Qız işdən çıxmışdı, lakin maşını xarab olduğuna görə evə piyada dönürdü və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə doğru gedirdi.

 

Məhkəmə-tibbi ekspertizası göstərmişdi ki, o, əvvəlcə zorlanıb, sonra isə döyülərək öldürülüb. Cəsədi yarıçılpaq və ağır şəkildə tanınmaz vəziyyətdə tapılmışdı.

Sallivan daim günahsız olduğunu deyirdi, vəkilləri isə iki dəfə hökmün ləğvinə nail olmağa çalışmışdılar.

İş keçən il Məhkəmə Səhvlərinin Araşdırılması üzrə Xüsusi Komissiya (CCRC) tərəfindən apellyasiyaya qaytarılıb. Çünki cinayət yerindən götürülmüş və saxlanılmış sperma nümunələrində əvvəllər aşkar edilməmiş yeni DNT izləri tapılıb. Bu izlər naməlum bir şəxsin izləri idi.

 

Apellyasiya iclasında videobağlantı ilə iştirak edən Sallivana hökmün ləğvi xəbəri veriləndə, o, yalnız ağlayaraq əlini ağzına tutub.

Bu hal, görünür ki, Britaniya hüquq tarixində indiyədək sağ qalan məhkumla bağlı qeydə alınmış ən uzunmüddətli məhkəmə səhvidir.

Sallivanın vəkili tərəfindən oxunan bəyanatında o deyib ki, “hakimlərə qarşı nə qəzəbi var, nə də incikliyi”.

 

İttiham tərəfini təmsil edən Dunkan Atkinson bildirib ki, yenidən aşkar olunan sübutlar Sallivanın məhkum olunmasına əsas verən təməl arqumentləri sarsıdır. Bu səbəbdən, prokurorluq işə təkrar baxılmasında israr etməyəck.

68 yaşlı Piter Sallivanın məhkəmə iclası bitdikdən az sonra azadlığa buraxıldığı bildirilir. O, ümumilikdə 38 il 8 ay — yəni 14 min 113 gün həbsdə olub. Onun külli miqdarda kompensasiya alacağı gözlənilir. (BBC)

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər