Suriyanı itirən İran ‘müqavimət oxu’nun əsas dayağının ABŞ-yə yönəlməsini izləyir
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şaraa ilə tarixi görüşü İranın sərt siyasi xətt tərəfdarı olan mediasında heç də yaxşı qarşılanmayıb.
Mötədil media görüşü, əsasən, neytral şəkildə xəbər kimi təqdim etsə də, Suriyanın Tehrandan kəskin şəkildə uzaqlaşmasından narazı olan mühafizəkar media Trampı üsyançıdan prezidentə çevrilmiş bir şəxslə görüşdüyünə görə tənqid edib.
Bu reaksiya bir zamanlar İranın regional strategiyasının mühüm hissəsi olan Suriyanın itirilməsi ilə bağlı Tehranda artan narahatlığı əks etdirir. Ötən ilin sonunda Bəşər Əsədin devrilməsindən sonra Suriyanın yeni rəhbərliyi sürətlə İrandan uzaqlaşmağa, ərəb qonşuları ilə yeni ittifaqlar qurmağa və sanksiyaları aradan qaldırmaq üçün Qərblə münasibətləri yumşaltmağa başlayıb.
Təzyiqləri daha da artıran məqam isə odur ki, İran hazırda ABŞ ilə nüvə danışıqlarına cəlb olunub və burada həm vaxt, həm də təsir imkanları tədricən əlindən çıxır.
Tramp mayın 14-də Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının liderləri ilə keçirilən görüş çərçivəsində əş-Şaraa ilə – əvvəllər Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan sabiq üsyançı ilə – bir araya gəlib. Bu görüş onun Suriyaya qarşı sanksiyaların ləğv olunacağına dair verdiyi vəddən bir gün sonraya təsadüf edib.
ABŞ prezidenti bildirib ki, o, bu qərarı Suriyaya “böyümək üçün bir şans vermək” məqsədilə qəbul edib. Ölkə 14 illik vətəndaş müharibəsi və iqtisadi fəlakətdən sonra yenidən özünü bərpa etməyə çalışır.
Sərt xətt tərəfdarı olan və baş redaktoru İranın ali dini rəhbəri Əli Xamenei tərəfindən təyin edilən “Keyhan” qəzeti Trampın əş-Şaraa ilə görüşünü ələ salaraq bunu “terrorçu Colani” və “terrorçuların xaç atası” arasında baş tutan görüş kimi xarakterizə edib.
İran İslam Respublikası uzun illərdir ki, Yaxın Şərqdə sabitliyi pozmaq məqsədilə ABŞ-ni regiondakı radikal qrupları maliyyələşdirməkdə ittiham edir və Vaşinqtonun həmin qruplara qarşı apardığı kampaniyanı saxtakarlıq kimi dəyərləndirir.
ABŞ-nin qara siyahısında olan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olan “Tasnim” agentliyi də bu mövqeni dəstəkləyərək Tramp-əş-Şaraa görüşünü ABŞ-nin “təkfiri qruplarla münasibətlərini rəsmiləşdirməsi” kimi təqdim edib. “Təkfiri” ifadəsi İran İslam Respublikası tərəfindən regiondakı sünni dövlətlərlə əlaqəli olduğunu iddia etdiyi silahlı qruplar üçün istifadə olunur.
Sərt xətt tərəfdarı digər media orqanları isə qeyd edib ki, əş-Şaraa dekabr ayında İran və Rusiya tərəfindən dəstəklənən Əsəd hökumətini devirməzdən əvvəl onun rəhbərlik etdiyi “Heyət Təhrir əş-Şam” qruplaşması hələ də ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.

2024-cü il dekabrın 9-da prezident Bəşər Əsədin devrilməsindən bir gün sonra İslam Respublikasının Dəməşqdəki səfirliyi qarşısında İran bayrağı.
İran artıq Suriyadan kənardamı qalır?
Əsədin devrilməsi İran üçün böyük zərbə oldu, çünki İran “müqavimət oxu”nu —regional müttəfiqlər və özünün proksilər şəbəkəsini Suriyaya əsaslanaraq qurmuşdu.
Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa regiondakı əksər ərəb ölkələri tərəfindən müsbət qarşılanıb və onlarla beynəlxalq nümayəndə heyətini, həmçinin avropalı diplomatları qəbul edib. Bu ayın əvvəlində o, prezident Emmanuel Makronla görüşmək üçün Fransaya səfər edib.
Tramp Suriyanın keçid prezidenti ilə bağlı təəssüratlarını bölüşərkən əş-Şaraanı “güclü keçmişi olan cazibədar gənc oğlan” kimi xarakterizə edib. Tramp Vaşinqtonla əlaqələri bərpa etmək üçün beş şərtdən biri kimi Suriya liderini İsraillə münasibətləri normallaşdırmağa çağırıb.
İranın Suriyadakı təsiri Əsədin devrilməsi ilə faktiki olaraq yoxa çıxıb, lakin Rusiya yeni hökumətlə əlaqələr qurmağa və ölkədəki bazalarını saxlamağa çalışıb.
“Rusiya Suriyanın hələ də sanksiyalar altında olmasından və ABŞ ilə Avropanın (bu ölkəyə qarşı) sanksiyaların aradan qaldırılması məsələsində tərəddüd etməsindən istifadə edib”, – Karneqi Beynəlxalq Sülh Fondunda tədqiqatçısı Nikol Qrayevski AzadlıqRadiosuna bildirib.
O qeyd edib ki, sanksiyaların ləğvi qərarı “əhəmiyyətli” olsa da, “transformativ deyil”, çünki Suriyanın hələ də investisiyaya ehtiyacı var və (dini və etnik) azlıqlar ilə hökumət arasında, eləcə də kürdlərin statusu ilə bağlı həll olunmamış məsələlər mövcuddur. Lakin İran, hazırda demək olar ki, vəziyyətdən kənardadır: “İranın yenidənqurma işlərinə kömək etmək üçün iqtisadi kapitalı yoxdur və Rusiya ilə müqayisədə suriyalılar tərəfindən daha mənfi qiymətləndirilirlər”.

İranın Natanz nüvə obyektində uranın zənginləşdirilməsi.
İrana sanksiyalar da qaldırıla bilərmi?
Trampın Suriyaya tətbiq olunan sanksiyaların ləğv olunacağı barədə açıqlamasının ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyini təəccübləndirməsi ilə bağlı xəbərlərə istinad edən Böyük Britaniyada yaşayan siyasi şərhçi Hüseyn Derakşan isə bildirib ki, sanksiyaların aradan qaldırılması üçün İranın ABŞ prezidenti ilə razılığa gəlməsi kifayətdir.
“İran başa düşməlidir ki, bu fürsət bir də təkrarlanmayacaq, ilkin və ikinci dərəcəli sanksiyaların götürülməsi üçün uranın zənginləşdirilməsini 25 il, hətta daha çox müddətə dayandırmağa dəyər!”, – siyasi analitik X platformasında yazıb.
Prezident Tramp bu həftə regiona səfəri zamanı bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı bəlkə də, razılığa gəlməyə yaxınlaşır. “Biz uzunmüddətli sülh üçün İranla çox ciddi danışıqlar aparırıq”, –o vurğulayıb.
İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Şəmxani isə “NBC News”a deyib ki, Tramp Tehrana qarşı sanksiyaları dərhal aradan qaldırmağa razılaşarsa, İran heç vaxt nüvə silahı hazırlamamağa sadiq olacaq, uranın yalnız mülki istifadəsində tələb olunan səviyyədə zənginləşdirilməsini qəbul edəcək.
Cihadçı media üzrə mütəxəssis Mina əl-Lami deyib ki, Suriyanın daxilində və xaricində olan cihadçılar və sərt xətt tərəfdarı islamçılar Əhməd əş-Şaraanın xarici döyüşçüləri “satmasından”, İsrail ilə əlaqələri normallaşdırmasından və hətta Suriyada islam layihələrinə təzyiq göstərəcəyindən narahatdır.
“Buna baxmayaraq, sərt xətt tərəfdarları geniş dəstək toplamaqda çətinlik çəkirlər, çünki sanksiyaların ləğvi geniş şəkildə əş-Şaraa üçün böyük bir qələbə və siyasi lider kimi onun imicinə, etibarlığına aydın dəstək kimi qəbul edilir”, – o, X platformasındakı paylaşımında bildirib.
Yazı AzadlıqRadiosunun İran üzrə ixtisaslaşmış jurnalisti Kian Şərifi tərəfindən hazırlanıb. (AzadliqRadiosu)