• 16 May 2025 17:19

Tamara Kvesitadze – “Qurban Səidin kim olduğu mənə məlum deyil” (FOTO)

Tacxeber.com 2 il öncə HafizTimes.com-un müsahibi olmuş tanınmış gürcü rəssam, heykəltəraş Tamara Kvesitadze ilə müsahibəni sizə təqdim edir. O,  Gürcüstanın Batumi şəhərində dəniz sahilində quraşdırılmış “Əli və Nino” heykəli ilə dünyada məşhurdur. Tamara xanım eksklüziv müsahibə zamanı “Əli və Nino” heykəli ilə bağlı mühüm faktları açıqlayıb, Azərbaycan, Bakı ilə bağlı fikirlərini də bölüşüb:

 

– Niyə heykəltəraş olmağa qərar verdiniz? Hazırda hansı layihələrdə iştirak edirsiniz?

– Uşaqlıqdan rəsm çəkirəm, lakin 90-cı illərdə Gürcüstanda vətəndaş müharibəsi və qapalı məkanda qalmağım gəlinciklər düzəltməyimə səbəb oldu. Çox keçmədən heykəllər düzəltməyə başladım. İndi Berlindəki Kornfeld qalereyasındakı bir sərgi üçün kinetik heykəl üzərində işləyirəm.

 

 

– Həqiqətən də fəxr etdiyiniz layihəniz hansıdır?

– Sənətimlə məşğul olarkən çox xoşbəxt oluram. Bu yaxınlarda mən Çində 18 metr hündürlüyündə və 5 fərqli sütundan ibarət unikal kinetik heykəl yaratdım, texniki proses dəhşət idi – lakin mənə gürcü keçmişimi və mədəniyyətimi beynəlxalq aləmdə təqdim etmək fürsəti verildiyi üçün çox şadam. Bununla fəxr edirəm və xoşbəxtəm ki, bu fəaliyyətimi Çində başa düşdülər.

 

 

– “Əli və Nino” heykəlini necə yaratdınız?

– “Əli və Nino” heykəli ilk dəfə Venesiya Biennalesində sərgilənib və “Kişi və Qadın” adlanıb. Yalnız Batumi heykəli isə “Əli və Nino” adlandırıldı. Bu heykəli yaratmaq 3 ilimi aldı. Bütün texniki işləri isə 20 ildir birlikdə işlədiyim mühəndis Paata Sanaia həyata keçirdi. Paata mənim bütün kinetik əsərlərimin həmmüəllifidir. Konkret olaraq, “Əli və Nino” heykəli Frayburqda “Art Products” şirkəti və mənim Berlindəki qalereyamın birgə əmdaşlığı ilə yaradıldı.

 

 

– “Əli və Nino” heykəli ilə bağlı unutmadığınız bir məqam varmı?

– Batumidə fırtınanın baş verməsi və küləyin şəhərin əksər damlarını uçurması, lakin heykəlin hələ də suyun içində dik durması ən yaddaqalan məqam idi.

 

– “Əli və Nino” heykəlinin uğurunun sirri nədir?

– Heykəlin uğurunun səbəbini bilmirəm. Bircə onu bilirəm ki, bir sənət əsərini bitirəndə o, özünəməxsus bir həyat yaşayır və nə olacağını heç vaxt bilmirsən. Bu cütlük isə çox şanslı görünür.

 

 

– Sizcə, “Əli və Nino” romanının əsl müəllifi kimdir?

– “Qurban Səid” təxəllüsünün arxasında kimin dayandığı hələ də mənə məlum deyil.

 

– Əli ilə Ninonun sevgisində nə çatmırdı?

– Bu günlərdə də çox vacib olan ətrafda sakitlik, hüzur yox idi.

 

 

– Heykəlin hansı hissəsini hazırlamağa daha çox vaxt sərf etdiniz?

– Əlbəttə ki, başlanğıc hissəsi ən çox vaxt alır, ideya var, amma onu necə həyata keçirəcəyini bilmirsən. Bu, həqiqətən də çox vaxt apardı və son heykəli əldə edənə qədər bir neçə prototip hazırlandı.

 

 

– “Əli və Nino” romanında sizin üçün ən təsirli hissə hansıdır?

– Yazıçının məharəti. 80 il əvvəl çətin bir siyasi dövrdə bu günlə əlaqəli bir məhəbbət hekayəsini yaza bilib.

 

– Sevgi sizin üçün nə deməkdir?

– Mənim üçün sevgi həyatın hərəkətverici qüvvəsidir.

 

– Dinin həyatınızda rolu nədir?

– Dindar bir ölkədən olsam da, dinlərə böyük hörmətim olsa da, amma dindar deyiləm. Mən monastırları ziyarət etməyi sevirəm, hətta rahibəxanada da yaşamışam və çox hörmət etdiyim rahibələrin həyat tərzi ilə tanışam. Hətta rahibə və keşiş dostlarım var.

 

 

– İndiki dünyaya ən böyük mesajınız nə olardı?

– Özümü ifadə tərzim sənətimdir. Mesajım yoxdur, sadəcə bir arzum var. İndiki siyasi vəziyyətə görə deyə bilərəm ki, bizə lazım olan tək şey: sülh və sevgidir.

 

– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana və Bakıya səfər etmək istərsinizmi?

– Bir neçə il öncə, Bakıda olmuşam və bu yerlə bağlı çox özəl xatirələrim var. İnsanların mehribanlığını və şəhərin gözəlliyini həqiqətən unuda bilmirəm. Azərbaycanda olduğunuz zaman həqiqətən də ölkənin maraqlı tarixini və mədəniyyətini hiss edə bilərsiniz. Təbii ki, Azərbaycana yenidən səfər etmək mənim üçün böyük fəxr olar.

 

 

– “Əli və Nino” heykəlini sevən insanlara nə demək istərsiniz?

– “Əli və Nino” heykəlini sevən bütün insanlara təşəkkür etmək istəyirəm. Mən onlara deyərdim ki, sizə heyranam və heykəllə maraqlandıqlarını görmək məni çox sevindirir – müsbət təəssüratlarını hiss edirəm! Onlar sevgiyə inanmağa davam etməli və heç vaxt sevgidən əl çəkməməlidirlər.

Hafiz Əhmədov

Tacxeber.com

Oxşar xəbərlər