• 17 May 2025 15:54

Gəncədə və İmişlidə müəmmalı yeniyetmə ölümləri – “Ölkədə hüquq-mühafizə orqanlarına zərrə inam qalmayıb”.

 

İmişli rayonunun Qaralar kəndində 15 yaşlı qızın meyiti tapılıb. 

 

“Lent.az”ın mayın 16-da verdiyi xəbərə görə, 9-cu sinif şagirdi Mütəllimova Türkanın  meyiti yaşadığı evin həyətində yarımtikilidə aşkarlanıb.

Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bundan əvvəl də, mayın 12-də Gəncədə Elgün İbrahimov adlı 17 yaşlı yeniyetmə oğlan küçədə döyülərək tərk edilib və aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada həyatını itirib.

 

Hadisəni törədən şəxslər hələ də tapılmayıb.

İbrahimovun ölümü ilə bağlı sosial şəbəkələrdə məşhur sənət adamları, influenserlər , ictimai fəallar paylaşım ediblər. Onlar yeniyetmənin amansız ölümünə diqqət çəkiblər və qətli törədənin və ya törədənlərin tezliklə tapılmasını tələb ediblər.

“Facebook”da mövzuya toxunan ictimai fəal Gülnara Mehdiyeva cəmiyyətdə hüquq-mühafizə orqanlarına inam qalmadığını qeyd edib.

 

“Müstəqil jurnalistləri bütün şəhər kameraları ilə qarabaqara izləyən, evində pusan, Tofiq Yaqublunun qapısına post quran hökumət günlərdir ki, 17 yaşlı Elgün İbrahimovun qatilini tapa bilmir”, o yazıb.

“Diqqətçəkən məqam budur ki, ölkədə hüquq-mühafizə orqanlarına zərrə inam qalmayıb, şərhlərdə insanların versiyası budur ki, qatillər çoxdan tapılıb, sadəcə təyin olunan “tas”ı hazırlayırlar, sonra isə cinayət hansısa narkomanın üstünə atılacaq. Heç bir Avropa ölkəsində vətəndaşın ağlına belə şey gəlməz ki, Azərbaycanda gəlir”, – Mehdiyeva əlavə edib.

 

Qeyd: İddialarla bağlı hüquq-mühafizə orqanlarının mövqeyini dərc etməyə hazırıq. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər