Qeybə çəkilən hakimbaşı
Premyer Liqada sona yaxınlaşırıq.
2 həftə sonra futbolçular istirahətə yollanacaq. Çempionatda hər şeyin bitdiyini artıq deyə bilərik: Çempion bəllidir. Premyer Liqanı “Səbail” tərk edəcək. “Zirə” avrokubokları təmin edib. Bu gün “Araz-Naxçıvan” da böyük ehtimalla bürünc medalı rəsmiləşdirəcək. Qalır təkcə avrokuboklara gedəcək 4-cü komandanın kimliyi. Ona da Azərbaycan Kubokunun finalında aydınlıq gələcək. “Qarabağ” Sumqayıtda qələbə qazansa, “Turan Tovuz” Konfrans Liqasında iştirak edəcək. Finalda “Sabah”ın qələbəsi isə Masazır təmsilçisi üçün Avropanın qapılarının açılması deməkdir.
Bir dəqiqə! Ölkə futbolu təkcə Premyer Liqadan ibarət deyil ki. I Liqanı tərk edəcək klub dünən bilindi. Amma pley-offda oynayacaq komandanın adı məlum deyil. II Liqanın çempionu kim olacaq? Həmin turniri hansı komanda tərk edəcək? Region Liqasının qalibi kim olacaq?
Yəni, ölkədə futbol həyəcanı davam edir. Hələ cavabı tapılmayan suallar var. Ancaq, deyəsən, AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker üçün məzuniyyət günləri artıq başlayıb. Adam 2 həftədir ki, ortalıqda yoxdur. Premyer Liqada hər tur hakimlərin qərarları ilə bağlı federasiyanın rəsmi saytında açıqlama verən rəhbər şəxsdən səs-soraq yoxdur. Deyəsən, qeybə çəkilib. Bu məsələ ilə bağlı kiçik araşdırma etdik. Bəlli oldu ki, belçikalı ölkəmizdə deyil. Amma hara, nə üçün getdiyi bilinmir.
Gəzən söz-söhbətlərə inansaq, AFFA rəhbərliyi Frank de Blekerin işindən narazıdır. Mövsümün sonunda onunla yolların ayrılması düşünülür. Bəlkə də bu məsələdən xəbərdar olan belçikalı özü çıxıb gedib?
Mövsümün sonunda, vacib qərarların, səhvlərin tüğyan etdiyi bir zamanda Hakimlər Komitəsi sədrinin ortalıqda olmaması AFFA-nın necə “peşəkar” idarə edildiyinin bariz isbatıdır.
Bir sözlə, hakimbaşı qeybə çəkilib. Onun harada olduğunu özü, bir də AFFA-dakılar bilir. Yəqin ki, bu yazıdan sonra De Blekerin niyə görsənmədiyi ilə bağlı ictimaiyyətə açıqlama verərlər… (Sport1.az)