Keçmiş nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu – BORC QALMAQALI
Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdulaşdırılıb.
Tacxeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.
Rahim Hüseynovun ölkədən çıxışına “stop” qoyulması “Təfəkkür” Universitetinin vergi borcu ilə əlaqəlidir.
İş materiallarından aydın olur ki, “Təfəkkür” Universitetinin 24 415.41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə “stop” qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda universitetin qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilədək ölkədən çıxa bilməyəcək.
Rahim Hüseynov 1992-1993-cü illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən “Təfəkkür” Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, Rahim Hüseynov universitetin əsas təsisçilərindən biridir.