Vatikan açıq mövqe tutur! – Kamran Cəfərov

Prezident Volodimir Zelenski Vatikanda Papa XIV Lev ilə görüşüb. Görüş zamanı Papa XIV Lev bildirib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü qonşu ölkənin ərazisini vəhşicəsinə işğal etməyə yönəlib və beynəlxalq ictimaiyyət bu aqressiyaya qarşı birgə mübarizə aparmalıdır.
Sitat: “Ukraynada ruslar tərəfindən insanlığa qarşı cinayətlər törədilir. Biz Tanrıdan sülh diləməli və şərə qarşı çıxmalıyıq”, – deyə Papa XIV Lev bəyan edib.
Zelenski görüş zamanı Papa XIV Levə uşaqla birlikdə Müqəddəs Məryəm ikonunu hədiyyə edib. Bu ikona artilleriya mərmiləri üçün nəzərdə tutulmuş qutunun qapağında çəkilmişdir.
Prezident bu barədə belə bildirib: “Bu – bizim uşaqlarımız haqqındadır. Müharibədən zərər çəkmiş, Rusiya tərəfindən qəsdən oğurlanmış və deportasiya edilmiş uşaqlar haqqındadır. Onları evdə – Ukraynada səbirsizliklə gözləyirlər. Biz deportasiya olunmuş bütün uşaqlarımızın həyatı üçün dua edirik və Vatikanın bu məsələdə dəstəyinə ümid edirik ki, həm uşaqlar, həm də Ukrayna əsirləri evlərinə qayıtsınlar”.
İndi isə diqqət çəkən kontrasta baxaq.
Xatırlatmaq yerinə düşər ki, əvvəlki Papa Fransisk Ukraynaya “sülh naminə” ağ bayraq qaldırmağı təklif etmişdi. Bu isə faktiki olaraq Ukraynanın təslim olması çağırışı kimi qəbul edilmişdi. Beləliklə, Rusiya-Ukrayna müharibəsi kimi dünya üçün həlledici və yeni geosiyasi güc balansını müəyyən edən bir məsələdə iki fərqli Papanın mövqeləri bir-birinə tamamilə ziddir.
Unutmayaq ki, Vatikan – bütün dünyada siyasi və dini proseslərə ciddi təsir göstərən qlobal mərkəzdir və Roma Papasının səsləndirdiyi mövqe, əslində, Vatikanın rəsmi siyasi mövqeyi hesab olunur. Görünən odur ki, Vatikan müharibənin əvvəlindən tutduğu mövqeni dəyişərək daha qətiyyətli, Ukrayna tərəfli bir mövqe nümayiş etdirməyə başlayıb.