• 20 May 2025 20:25

Deputatın qibləsi

Təəssüf ki, bəzi deputatlar əsas vəzifələri əvəzinə özlərini siyasətin filosofu kimi aparmağa üstünlük verirlər. Bir də görürsən, yaşı 60, saçı ağarmış biri elə bir açıqlama ilə çıxış edir ki, adamın əli üzündə qalır. Bu çıxışlar təkcə siyasi məsuliyyət doğurmur, həm də məntiqin sərhədlərini aşır. Belə cümlələri balaca uşaq da dilinə gətirməz. 

 

Sonsuz sayda prezidentlik “vakansiya”sına CV göndərən, ömrünün az qala yarısını Milli Məclisdə keçirən deputatlarımızdan biri ötən gün “dahiyanə” təklif irəli sürüb. O deyib ki, Azərbaycanda yeni Kəbə yaradılsın. Bu açıqlama indi bir çox xəbər saytlarının manşetindədir.

 

Ritorik suallar təbii olaraq yaranır: Bu təşəbbüs sadəcə absurd populizm, yoxsa düşünülmüş təxribatdır? Dünyanın hər yerində milyonlarla müsəlmanın üz tutduğu müqəddəs bir qiblənin alternativi niyə yaradılmalıdır ki? Görəsən, Qüdrət Həsənquliyev bu ideyanı kəşf edəndə və ya səsləndirəndə hansı ruhi vəziyyətdə olub? Yeni Kəbənin yaradılması nə deməkdir, bunu yeni partiya yaratma kimimi anlayır? Yeni Kəbə ilə yeni din də yaradılmalıdırmı? Məsələn, adı da “Bütöv İslam” dinimi olacaq? Təsəvvür edin, Əshabi-Kəhf “Əlamut qalasına” çevrilir, deputat da onun imamı olur…

 

Əslində, Kəbənin “kopiyası” ideyası inanc sisteminə müdaxilə anlamına gəlir. Təbii ki, həyatı boyu bir neçə qiblə dəyişən, çoxsaylı qiblələri olan şəxs üçün belə fikirlər səsləndirmək iki vur ikidir. Siyasi mövqelərini, prinsiplərini şəraitə uyğun “qiblə” kimi dəyişən şəxslərin cəmiyyətə ciddi ideyalar təqdim etməsi onları komediya personajına çevirir.

 

Mən dindar deyiləm. Amma din, inanc məsələsində ibadət əhli olan insanlar qədər həssasam. Din təkcə ritual və ibadət deyil, həm də mənəviyyat, ədalət və haqq anlayışının əsas sütunlarından biridir. Düşünürəm ki, heç kimin dininə toxunmaq olmaz. Din məsələsində Haqq və Ədalətli olmaq vacibdir. Bunun haqq və ədalətli tərəfi isə ondadır ki, toxunmayasan, özündən Amerika kəşf etməyəsən. Bölücülük təşəbbüsünə cəhd etməyəsən. Bölücülük edib, özünə bütövçülük adı da qoymayasan.

 

İndi dünyadır da, bilmək olmur, birdən bizim bu təklifi səsləndirən deputat ibadətə başladı, namaz qılmaq eşqinə düşdü. O, üzünü hansı qibləyə tutacaq? Onun Kəbəsi Məkkə olacaq, yoxsa Naxçıvan? Bu sual sadəcə fiziki istiqamət deyil, mənəvi oriyentiri də əks etdirir. Yoxsa hər ideya, hər təklif, hər çıxış bir növbəti “qiblə”dir?! Məsələ təkcə coğrafi deyil, mənəvi istiqamətdir.

 

Bir müddət əvvəl tanınmış ziyalılardan biri açıqlama vermişdi ki, Azərbaycanda Milli Məclisi ləğv etmək lazımdır. Dediyini özünəməxsus məntiqlə əsaslandırmışdı da. Amma məncə, o, məhz millət vəkillərinin özlərinə aid olmayan məsələlər haqda çıxışlarını nəzərdə tutaraq belə bir qənaətə gəlmişdi. Sözün əsl mənasında, beyin mərkəzi olan bir qurum haqda belə bir təklif niyə səslənsin ki?

 

İslam aləmində tarix boyu fikir ayrılıqları, məzhəb fərqləri, siyasi çəkişmələr çox olub. Amma bütün bu müxtəlifliklərə baxmayaraq, bir rəmz dəyişməz qalıb: Kəbə. O, təkcə ibadət məkanı deyil vahidliyin, istiqamətin, mənəvi ortaq dəyərin simvoludur. Bütün müsəlmanlar harada yaşamasından asılı olmayaraq, üzünü oraya çevirir. Ona görə də bu nöqtənin “alternativini” təklif etmək, əslində dini-sosial simvolu parçalamaq anlamına gəlir.

 

Halbuki həmin deputatın həqiqi vəzifəsi daha real problemlərlə məşğul olmaqdır. Məsələn, təmsil etdiyi Xətai rayonu Bakının ən çox sosial problemli bölgələrindən biridir. Bu yaxınlarda tanınmış bir jurnalist qadının evi başına uçurulub. O qadın aylardır haqqını tələb edir. Maraqlıdır, bu “Kəbə yaradıcısı”, heç olmasa bir dəfə onun qapısını döyübmü? Onun Haqq və Ədaləti üçün səsini qaldırıbmı?

 

Haqq, ədalət, bütövlük  bunlar boş vətənpərvərlik ritorikası ilə deyil, konkret əməl və məsuliyyətlə mümkündür.

Elnur Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər