• 20 May 2025 18:59

Fransa Rumıniya seçkilərinə müdaxilə ilə bağlı Durovun ittihamlarını rədd edir.

Telegram” sosial media şəbəkəsinin yaradıcısı Pavel Durov bildirib ki, Fransa kəşfiyyatı ondan Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turu ərəfəsində mesajlaşma tətbiqində rumın sağçılarının şərhlərini silməsini istəyib. Lakin Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) bu ittihamı rədd edib.

 

Durov mayın 18-i axşam – Rumıniyada səsvermə günü – sosial şəbəkədə paylaşım edərək bildirib ki, Fransa kəşfiyyatının rəhbəri Nikolya Lerner ondan Rumıniyada seçkilər ərəfəsində mühafizəkar səsləri qadağan etməyi xahiş edib. Durov bu tələbi yerinə yetirməkdən imtina etdiyini deyib.

 

Səsvermə 54 faiz səslə Danın gözlənilməz qələbəsi ilə nəticələnib. Bu seçki noyabrda keçirilmiş ilkin seçkinin ləğv edilməsindən sonra baş tutub. Həmin seçki sosial şəbəkələr vasitəsilə Rusiyanın müdaxiləsi iddiaları səbəbiylə ləğv olunmuşdu.

 

DGSE mayın 19-da yaydığı bəyanatda bildirib: “DGSE seçki prosesi ilə əlaqəli hesabların qadağan olunması ilə bağlı hər hansı bir tələb irəli sürüldüyü iddialarını qəti şəkildə rədd edir”.

 

40 yaşlı Durov əvvəlcə bu tələbin “Qərbi Avropa hökuməti” irəli sürüldüyünü iddia etmişdi. Həmin paylaşımda o, həmçinin fransız baqetinin emojisi də işlətdiyindən söhbətin Fransadan getdiyi ehtimal olunurdu.

Durov daha sonra paylaşım edərək Fransanın kəşfiyyat rəhbəri Lernerin adını birbaşa qeyd edib.

 

DGSE isə açıqlamasında bildirib ki, son illərdə bir neçə dəfə Durovu “şirkətinin və şəxsən özünün terror və uşaq pornoqrafiyası ilə bağlı təhlükələrin qarşısının alınması baxımından daşıdığı məsuliyyətlər” barədə qəti şəkildə xəbərdar etməyə məcbur olub.

 

Durov ötən ilin avqustunda Paris yaxınlığındakı hava limanında saxlanıldıqdan sonra beynəlxalq manşetlərə çıxmışdı. O, avqustun 28-də “Telegram” mesajlaşma tətbiqində iddia edilən qanunsuz fəaliyyətlərlə bağlı bir neçə cinayət maddəsi üzrə ittiham olunmuşdu. Lakin 5.5 milyon dollar girov ödəməklə həbsdən yayına bilmiş və Fransanı tərk etməmək, həmçinin həftədə iki dəfə polis bölməsinə müraciət etmək şərtiylə azadlığa buraxılmışdı.

 

Fransız prokurorlar Durovu “Telegram” tətbiqində narkotik alverinə və uşaqlara aid seksual xarakterli görüntülərin paylaşılmasına göz yummaqda, həmçinin tətbiqdəki qanunsuz fəaliyyətlərlə bağlı aparılan istintaqda tələb olunan sənədləri təqdim etməkdən imtina etməkdə günahlandırıblar.

 

Durov bu həbsi “əsassız” adlandırsa da, o vaxtdan bəri “Telegram” bu ittihamlarla bağlı qaldırılan məsələləri birbaşa hədəf alan müəyyən tədbirlər görüb. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər