İranın Əfqanıstanda yeni oyunu – VİDEO
Dünən başa çatmış ikigünlük Tehran Dialoq Forumunun ən diqqətçəkən məqamlarından biri Əfqanıstandakı “Taliban” hökumətinin Xarici İşlər naziri Əmir Xan Müttəkinin həmin tədbirdə iştirakı və çıxış etməsi olub.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə qeyd olunub.
Müəllif qeyd edib ki, İrana səfəri çərçivəsində Əmir Xan Müttəki ayrı-ayrılıqda ölkə Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı ilə görüşlər keçirib, həmçinin Əfqanıstanın Tehrandakı səfirliyinə baş çəkib. Eyni zamanda, “Taliban” hökumətinin mədənlər və neft naziri Hidayətullah Bədri 19-21 may tarixlərində Tehranda keçirilən Mədən hasilatı tədqiqatçılarının 2-ci beynəlxalq simpoziumunda iştirak etmək üçün İrana yollanıb. “Taliban” rəsmi mediası Əmir Xan Müttəkinin Tehrana səfərini və İran prezidenti ilə görüşünü “mühüm siyasi nailiyyət” adlandırıb və onun “müxaliflərə qəti cavab” olduğunu vurğulayıb.
Lakin müəllif bütün baş verənlərə rəğmən, “Taliban” rəsmilərinin İranda olduğu vaxtda, dəqiq desək, mayın 18-də Əfqanıstan müxalifətinin önəmli simalarından biri olan Səlahəddin Rəbbaninin də İrana səfərinə diqqət çəkib.