• 22 May 2025 04:41

“Bu gün sizin üçün xoş xəbərlərim yoxdur” – Kamran Cəfərov

ABŞ-da siyasi respressiyalar cəhdi. Polşada seçkilər. Ağ Evin sabiq həkimi xəbər verir ki, Baydenin ömrünə az qalıb.

 

– Trampın Respublikaçı Partiya daxilində müxalif səsləri boğmaq üçün işlək və təsirli mexanizmi var. O, respublikaçı konqresmenləri seçki dairələrindən özünün dəstəklədiyi alternativ namizədin irəli sürüləcəyi ilə hədələyir. Belə olan halda, Trampa müxalif çıxış edən respublikaçı konqresmenin yenidən Konqresə seçilmək şansı minimuma enir, çünki respublikaçı elektoratın Trampa olan güclü etimadı bu namizədlərin taleyini müəyyən edir. Lakin Trampın demokrat konqresmenlərə qarşı bu cür təsir mexanizmləri yoxdur. Ümumiyyətlə, hakimiyyətin siyasi müxalifətə qarşı hansı təzyiq vasitələri ola bilər? Siyasi repressiyalar.

 

ABŞ-da güclü siyasi və hüquqi institutlar olsa da, Tramp administrasiyası Konqresin hər iki palatasına nəzarətdən istifadə edərək siyasi rəqiblərinə qarşı təzyiqi artırmaq niyyətindədir. Bunun üçün isə presedent yaradılmasına ehtiyac var.

 

ABŞ-ın Nyu-Cersi ştatında federal prokuror səlahiyyətlərini icra edən, keçmişdə Trampın cinayət işləri üzrə vəkili olmuş Alina Həbba, bu yaxınlarda məhkəməsiz saxlanılan şəxslərə dəstək məqsədilə etirazlarda istirak edən demokrat konqresmen LaMonika Makayverə qarşı ittiham irəli sürüb. Makayverə immiqrasiya polisi əməkdaşlarına hücum, onlara müqavimət göstərmək və işlərinə mane olmaq maddələri ilə ittiham irəli sürülüb. Nyuarkda(Makayver bu şəhərdə etirazlarda iştirak edirdi) andlılar məhkəməsinin bu ittihamları qəbul etməsi ehtimalı sıfırdır. Lakin bir fakt dəyişməz olaraq qalır: müxalifət partiyasını təmsil edən bir Konqres üzvü siyasi motivlərlə açıq şəkildə təqib olunur. Bu hadisə ABŞ-ı avtoritarizmə doğru aparacaq təhlükəli bir presedent yaratmaq cəhdi kimi dəyərləndirilə bilər.

 

– 1 iyun tarixində Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək. Əgər birinci turda Tşaskovskinin qələbə ehtimalı 80% kimi qiymətləndirilirdisə, hazırda bu ehtimal 50%-ə enmişdir. Hal-hazırda Tramp və Putin tərəfindən dəstəklənən Navrotski ilə Tşaskovski arasında rəqabət bərabərdir – hər iki namizədin qalib gəlmək ehtimalı 50/50-dir.

 

– Barak Obamanın və Donald Trampın dövründə Ağ Evin həkimi olmuş Ronni Cekson bəyan edib ki, Prezident Co Baydenin metastatik prostat xərçəngi onun 12-18 ay ərzində həyatda qalma ehtimalını göstərir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər