Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha iki üzvü həbs edilib
Artıq AXCP-nin hazırda 20 üzvü həbsdədir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 20-də yoxa çıxan üzvləri – partiyanın sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev və Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevin həbs edildiyi bildirilir.
Partiyadan verilən məlumata görə, Novruz Tağıyevlə bağlı 178.2 (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə cinayət işı açılıb və barəsində həbs qətimkan tədbiri seçilərək Kürdəxanı İstintaq Təcridxanasına aparılıb.
Həmin maddə üzrə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
Rəşad Əliyevə isə məhkəmənin qərarı ilə 25 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.
Meydan TV-nin bununla bağlı Daxili İşlər Nazirliyinə göndərdiyi sorğu cavablandırılmayıb.
Partiyanın sədri Əli Kərimli son həbsi şərh edərkən bildirib ki, İlham Əliyev bununla AXCP üzvlərinə ondan uzaqlaşmaları mesajını göndərir:
“İlham Əliyev bununla deyir ki, Əli Kərimlinin yanında olmaq təhlükəlidir, ayrılın ondan. Görünür şəxsən özümlə də bağlı hansısa ciddi təxribat planları var. Dünyanın heç bir normal ölkəsində hakimiyyətin öz rəqibi ilə belə davranması nümunəsi yoxdur. İlham Əliyev siyasi rəqibinin ətrafını qanunsuz həbslərlə seyrəldən hakimiyyəti güclü hakimiyyət sayırsa, yanılır. Özündən əmin, siyasi yarışdan qorxmayan heç bir hakimiyyət rəqibi ilə belə davranmır. Bu qədər açıq-aşkar, bütün həddləri aşan repressiyalar hakimiyyətin gücünü yox, azad və ədalətli rəqabətdən qorxusunu nümayiş etdirir”.
Son bir ay ərzində Əli Kərimlinin mühafizəçiləri Kənan Basqal, Kənan İsmayıl, Elnur Quliyev və sürücüsü Zaur Rzalı həbs olunub.
AXCP-nin hazırda 20 üzvü həbsdədir.
Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. (MeydanTV)