Sistem ədalət üzərində qurulanda – Altay Göyüşov

Deməli, bir Avropa ölkəsində hakim bir nəfərə hökm çıxarıb. Bir neçə ildən sonra yeni dəlillər üzə çıxıb ki, adam günahsız imiş. Adama bəraət verib, buraxıblar. Hakim isə müsahibə verir, deyir, 5 il keçib adamın buraxılmağından, indiyə kimi gecələr yata bilmirəm, özüm-özümdən utanıram. Əslində hakimin demək olar, günahı yoxdur, zamanında mövcud olan dəlillər əsasında qərar çıxardılıb. Amma hakim qərarı səhv olduğu üçün əziyyət, vicdan əzabı çəkir.
Söhbət adamda deyil. Söhbət ondadır ki, sistem ədalət üzərində qurulub və əslində ədaləti bərqərar etməli olan adam səhv qərar verib və etdiyi ədalətsizlikdən utanır, yerə girir. Yəni sistem ədalətli olduğu üçün utanır.
Yoxsa sistem ədalətsiz olanda, bizdəki kimi hakim bilə-bilə günahsız adama 9 il, 10 il, 20 il zıplayır, uf da demir, sonra da gedir heç nə olmayıbmış kimi uşağı, nəvəsi ilə oynamağa.
Qısası, cəmiyyətdə vicdan olması üçün, güclü ədalət sistemi olmalıdır. Bizim kimi ədalətin kor-kor, gör-gör, açıq-açığına, müstəsna həyasızlıqla tapdalandığı cəmiyyətlərdə vicdanın olması mümkün deyil. Məhz vicdansız olduğu üçün də hakim uf demədən günahsız adamları şərləyə bilir.