Avropa İttifaqı müdafiəni gücləndirir: 170 milyard dollarlıq plan təsdiqlənib
Bu gün, mayın 27-də Avropa İttifaqı (Aİ) blokda müdafiə xərclərini artırmaq üçün nəzərdə tutulan 150 milyard avroluq (170 milyard dollar) planı rəsmən təsdiqləyib.
“Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) adlanan tənzimləmə ilk dəfə martda Avropa Komissiyası tərəfindən təklif edilib. Bu addım NATO-nun irəli sürdüyü yeni müdafiə hədəflərinə çatmaq üçün üzv ölkələrin maliyyə və siyasi dəstək çağırışlarına cavab olaraq atılıb. Bu, həmçinin ABŞ-nin yardımı dayandıracağı təqdirdə Ukraynaya dəstək vermək məqsədi daşıyır.
Plan təsdiqlənməzdən əvvəl AzadlıqRadiosunun əldə etdiyi sənədin yekun variantında açıq şəkildə qeyd olunur ki, “Rusiya və Belarusun yaratdığı təhdidlər xüsusi təcili və aktual xarakter daşıyır” və onlara tez şəkildə cavab verilməlidir.
Müdafiə məhsullarının hazırlanması və Aİ üzrə sənaye istehsal gücünün genişləndirilməsi üçün lazım olan vaxtı nəzərə alaraq, sənəddə həmçinin deyilir ki, üzv dövlətlərin sifarişləri sürətlə verə bilməsi üçün Aİ-nin onları “mümkün qədər tez” dəstəkləməyə başlaması “həyati əhəmiyyət daşıyır”.
Brüssel üzv ölkələrin çağırışlarına ilk olaraq Aİ-nin hərbi xərclər üçün nəzərdə tutulan milli “qaçış maddəsini” (escape clause) işə salmaqla cavab verib. Bu o deməkdir ki, silah-sursat kimi müdafiə ləvazimatlarına çəkilən xərclər Aİ-nin büdcə qaydalarını pozan ölkələrə qarşı tətbiq etdiyi cəza mexanizminə daxil edilməyəcək.
Bu addım maliyyə baxımından müəyyən çeviklik yaratsa da, üzv dövlətlərin dərhal vəsaitə ehtiyacı var.
Bir neçə ölkənin vəsaitə tezliklə çıxış əldə etmək istəyi fonunda və bu qərarın Avropa Parlamenti və ya yekdillik tələb etməməsi səbəbiylə Aİ səfirləri yeni qanunvericiliyi mayın 21-də təsdiqləmişdilər. Bu zaman planın əleyhinə səs verən yeganə ölkə Macarıstan olub.
Yeni plan Aİ-nin 800 milyard avro (920 milyard dollar) dəyərində olan son COVID-19 bərpa proqramı ilə eyni şəkildə işləyir.
SAFE proqramı çərçivəsində Aİ özünün yüksək — “AAA” kredit reytinqindən istifadə edərək tələb olunan 150 milyard avronu cəlb edəcək və sonra bu vəsaiti üzv dövlətlərə borc verəcək.
Bu yanaşma Aİ-nin əksər üzvlərinin ayrı-ayrılıqda borc almaqla vəsait toplamasından xeyli ucuz başa gələcək.
Hazırda beş Aİ ölkəsi — Danimarka, Almaniya, Lüksemburq, Niderland və İsveç “AAA” kredit reytinqinə malikdir. Bu səbəbdən onların SAFE proqramında iştirak etməsinə ehtiyac qalmayacaq, bu da potensial kreditlərin daha az imkanlı üzv dövlətlər üçün əlçatan olmasına şərait yaradacaq.

SAFE proqramı Aİ-ni fransız haubitsaları kimi silah istehsalını təşviq edə bilər.
Şərtlər
Brüssel ümid edir ki, kreditlərin maksimum 45 illik müddətə verilməsi, ilk 10 il ərzində geri ödəniş tələb olunmaması və alınan müdafiə avadanlıqlarına görə ƏDV-nin ödənilməməsi kimi üstünlüklər Avropada genişmiqyaslı müdafiə xərclərini təşviq edəcək.
Lakin, bütün bu güzəştlərlə yanaşı, müəyyən şərtlər də mövcuddur. İlk növbədə, Aİ-yə üzv bir çox cənub ölkələrinin borcları var və onlar narazılıq edirlər ki, qrantlardan ibarət olan COVID19-dan sonra bərpa planından fərqli olaraq, bu təşəbbüs yalnız kredit əsaslıdır və bu da artıq gərgin vəziyyətdə olan dövlət maliyyəsi üçün əlavə yük yaradacaq.
Bundan əlavə, SAFE təşəbbüsünün əsas məqsədlərindən biri üzv ölkələr arasında birgə müdafiə satınalmalarını təşviq etməkdir. Avropa Komissiyası bu alətdən istifadə etməklə bugünə qədər, əsasən, milli səviyyədə parçalanmış olan müdafiə sektorunu vahid və effektiv Avropa müdafiə bazarına çevirmək niyyətindədir.
Ölkələr yalnız ilk il ərzində fərdi şəkildə borc üçün müraciət edə biləcəklər. Daha sonra isə minimum iki və ya daha çox ölkə birgə şəkildə müraciət etməlidir. Proqramın müddəti 2030-cu ildə başa çatır.
Vəsaitin ədalətli bölüşdürülməsini təmin etmək üçün ən çox vəsait alacaq üç üzv ölkəyə verilən kreditin ümumi məbləği 150 milyard avroluq ümumi fondun 60 faizini keçməməlidir.
Lakin son bir ayda əsas müzakirə mövzusu SAFE proqramında kimin iştirak edə biləcəyi olub. Bir tərəfdən üzv ölkələrin daxili müdafiə istehsalını artırmaq istəyi, digər tərəfdən isə bütün komponentlərin Aİ daxilində istehsalının mümkün olmaması reallığı arasında balans tapmağa cəhd olunub.
İlk olaraq Avropa Azad Ticarət Assosiasiyasına (EFTA) daxil olan ölkələr — İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə bu proqramda iştirak edəcək. Eyni zamanda, Aİ-yə namizəd ölkə olan Ukrayna da proqrama daxil edilib.
Tənzimləmə bu ölkələrin plana daxil edilməsini “həmin ölkələrin müdafiə sənayesi istehsalında İttifaqla sıx tərəfdaşlığı” və “Ukraynanın bilavasitə Rusiyanın davam edən təcavüzkar müharibəsi ilə üzləşməsi” faktı ilə əsaslandırır.
“Brüsselin güzəşti”
Buna baxmayaraq, narazılıqlar olub. Xüsusilə ABŞ bu prosesdən kənarda qalmasından şikayətlənib.
Bundan əlavə, Aİ-yə üzv bir çox dövlət transatlantik hərbi əlaqələri qoruyub saxlamaqla yanaşı, SAFE proqramının bəzi aspektlərinə digər yaxın tərəfdaşların da cəlb olunmasını istəyir. Onlar proqrama daha çox xarici iştirakçıların cəlbi üçün ciddi şəkildə lobbiçilik aparıblar.
Nəticədə, kompromis kimi “65-35 qaydası” qəbul edilib. Bu isə o deməkdir ki, alınan silahın dəyərinin ən azı 65 faizi Avropa İttifaqı, dörd EFTA ölkəsi (İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə) və ya Ukraynada istehsal olunmalıdır. Qalan 35 faiz isə ABŞ kimi digər ölkələrdə istehsal edilə bilər.
Lakin məsələ bununla bitmir, proses daha da mürəkkəbləşir.
Əgər bir ölkənin Aİ ilə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı (SDP) varsa, silahın dəyərinin 65 faizi həmin dövlətdən gələ bilər.
Böyük Britaniya bu yaxınlarda blokla belə bir müqavilə imzalayıb və Albaniya, Yaponiya, Moldova, Şimali Makedoniya və Cənubi Koreyanın da Aİ ilə oxşar müqavilələri var.
Plan təsdiqlənməzdən əvvəl AzadlıqRadiosuna danışan Aİ rəsmisinin ifadəsi ilə desək, bu, “klassik Brüssel kompromisi”dir. Yəni, böyük bir razılaşma əldə olunub, amma vəsaitlər yalnız ailənin daxilində və xaricində olanların hamısı öz ədalətli payını aldıqdan sonra verilməyə başlayacaq.