• 03 İyun 2025 18:56

“Bismark” gəmisi özünün elə ilk döyüş səfərində batırılır – Yadigar Sadıqlı

 “Bismark” gəmisi özünün elə ilk döyüş səfərində batırılır – Yadigar Sadıqlı
Paylaş

27 may 1941-ci ildi, nasist donanmasının (kriqsmarine) “Bismark” gəmisi özünün elə ilk döyüş səfərində batırılır.

1930-cu illərdə Almaniyanın siyasi və ordu rəhbərliyi hərbi sahədə bir sıra yeniliklərə imza atdı və potensial düşmənlərini qabaqladı. Bu, əsasən quru qoşunlarına, xüsusən də tank birliklərinə aid idi. Almaniya həm də ən güclü sualtı donanmaya malik idi. Amma suüstü gəmilərdə tendensiyanı tuta bilmədilər. İkinci dünya müharibəsində aviadaşıyıcılar mühüm rol oynadılar. Almaniya isə bu sahədə gecikdi. İnşa edilən yeganə aviadaşıyıcı olan “Graf Zeppelin” müharibənin sonuna qədər istifadəyə verilmədi.

Əvəzində xeyli zəhmət və vəsait hesabına iki böyük xətt gəmisi inşa edildi: “Bismark” və “Tirpits”. “Bismark” 1939-cu il fevralın 14-də suya buraxıldı. Mərasimdə Adolf H. və Bismarkın nəvəsi Doroteya fon Lövenfeld iştirak etdi. 1940-cı ilin yayında kriqsmarine tərəfindən təhvil alındı.

 

Avadanlıqların tam quraşdırılması bitər-bitməz, 1941-ci il mayın 18-də “Bismark” ilk və son döyüş səfərinə çıxdı. Onu “Prinz Eugen” ağır kreyseri müşayiət edirdi. İki gəmi Britaniyanın ABŞ ilə kommunikasiyalarında fəaliyyət göstərməli, Britaniyanın təchizatını pozmalı idi. Britaniya kəşfiyyatı iki böyük gəminin dənizə çıxması haqda İsveç və Norveçdəki mənbələrdən xəbər tutdu. Donanma alman gəmilərini tapmaq üçün səfərbər oldu.

Mayın 24-də ingilislərin “Hood” və “Prince of Wales” gəmiləri Danimarka boğazında almanlarla vizual kontakt yaratdılar. Baş verən döyüşdə “Hood” batırıldı. “Bismark”dan atılan mərmi barıt anbarında partladı və gəmi ikiyə bölündü. “Hood”un 1418 nəfərlik heyətindən cəmi 3 nəfər xilas oldu.

Xəsarət alan və iki alman gəmisinə qarşı tək qalan “Prince of Wales” döyüşdən çıxdı. Amma “Bismark”a da üç mərmi düşmüşdü. Nəticədə gəmi burun istiqamətində əyilmişdi və sürəti azalmışdı. Admiral Günter Lütyens təmir üçün alman işğalı altındakı Fransanın Sen-Nazar limanına getməyi qərara aldı.

 

Britaniyalılar isə yaralı düşmənin işini bitirmək üçün axtarışa başladılar. “Bismark” bir müddət izini itirə bildi. Amma mayın 26-də saat 10:10-da təyyarə tərəfindən aşkar edildi. Onun Fransaya çox yaxınlaşmasına imkan vermək olmazdı. Çünki almanların sahil aviasiyası işə qarışacaqdı. İngilislər Cəbəllütariqdə mənzillənən “H” birləşməsini “Bismarka” qarşı göndərdilər. Qrupa 1 aviadaşıyıcı, 2 xətt gəmisi, 2 ağır və 1 yüngül kreyser, 7 destroyer daxil idi.

Gəmilər saat 17:40-da alman kreyserini vizual gördülər. 20:47-də “Ark Royal” aviadaşıyıcısından 15 “Swordfish” torpedadaşıyıcı təyyarə qalxdı. Onlardan birindən atılan torpeda “Bismark”ın sükan mexanizmini zədələdi. Həmin vaxt sola dönməyə çalışan gəminin sükanı ilişdi və o, daha irəliləməyərək yerində dövrə vurmağa başladı.

Gecə boyu “Bismark” ingilis gəmilərlə atışdı. Amma təlatümlü dənizdə tərəflərdən heç biri xüsusi uğur qazanmadı. Səhər 08:47-də yeni döyüş başladı. Uzaqdan açılan artilleriya atəşi nəticəsində “Bismark”ın atəş qüllələri susduruldu. Bundan sonra gəmi torpeda atəşinə tutuldu. Üç torpeda hədəfə dəysə də nəhəng kreyser hələ də su

üzərində idi.

Sonda almanlar özləri kinqstonları açaraq gəmiyə su buraxdılar. Böyük ümidlərlə inşa edilən “Bismark” cəmi 9 günlük hərbi xidmətsən sonra, mayın 27-də 10:39-da batdı. 2220 nəfərlik heyətdən 2104 nəfər həlak oldu. 116 nəfər və bir pişik sağ qaldı (onlardan 111-ni ingilislər xilas edib əsir aldılar).

Amerikalı okeanşünas Robert Ballardın ekspedisiyası 1989-cu il iyunun 8-də “Bismark”ı tapdı. Gəmi Fransa sahillərindən təxminən 1000 km uzaqda və 4790 m dərinlikdədir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər