• 03 İyun 2025 18:57

“Formula 1 keçirilir ki, turist ölkəmizi tanısın amma quru sərhədləri 5 ildir bağlıdır” – Natiq Cəfərli

 “Formula 1 keçirilir ki, turist ölkəmizi tanısın amma quru sərhədləri 5 ildir bağlıdır” – Natiq Cəfərli
Paylaş

Rəsmi məlumata görə, 2024-cü ildə “Formula-1” yarışlarına büdcədən 168 mln. manat xərclənib. Yəni, xərclər bilinir, yük ortada, amma büdcəyə “Formula-1” yarışları nə qədər qazandırıb – bu haqda məlumat yoxdur, çünki, ciddi qazanc məbləğı olduğunu düşünmürəm.

2017-ci ildən bəri “Formula-1” yarışlarına büdcədən yüzmilyonlarla dollar vəsait xərclənir, yarışlar keçirilən zamanı şəhər iflic olur, “Formula-1” trasını şəhərin mərkəzindən keçdiyini nəzərə alsaq, həftələrlə yol kənarındakı obyektlər zülm çəkir, qazana bilmirlər, müştəriyə həsrət qalırlar. Yəni, yüzlərlə obyekt qazancından, şəhər əhalisi isə rahatlığından olur.

 

Yaxşı, belə yarışların ölkələrə qazandırdığı nədir – bəli, tanıtım, bu yarışı dünyada 500 mln. insan izləyir. Xub, ölkələr özlərini niyə tanıdır – doğru bildiz, turizmi inkişaf etdirmək, belə yarışların multiplikativ effektindən istifadə etmək, il boyu daha çox turist qazanmaq üçün. Tamam da, bəs turizmə önəm verən ölkə nə edir – tam onluqdan vurduz, quru sərhədləri açıq olur, gəliş-gediş sadələşdirilir, turizm obyektlərinin sayı artır, qiyməti ucuz və cəlbedici olur.

Bəs bizim hökumət nə edir – bəli, büdcədən “Formula-1” üçün 168 mln. pul ayrır ki, ölkəmizi tanıtsın, sonra da quru sərhədləri 5 ildir bağlı saxlayır ki, turist az gəlsin. Məntiq varmı – düz buyurduz, məmləkətdə məntiq çoxdan ölüb…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər