• 03 İyun 2025 19:15

İran Fransa XİN rəhbərinin “alçaldıcı ifadələri və əsassız bəyanatlarına” etiraz edib

 İran Fransa XİN rəhbərinin “alçaldıcı ifadələri və əsassız bəyanatlarına” etiraz edib
Paylaş

Etiraza səbəb “Kann” festivalında iranlı dissident rejissor Cəfər Pənahinin filminin qalib olması ilə bağlı səsləndirilən fikirlər olub

İran Xarici İşlər Nazirliyi Fransa səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, Fransa xarici işlər naziri Jan-Noel Barronun bəyanatı ilə əlaqədar ona etirazını bildirib.
Bu haqda İSNA dövlət xəbər agentliyi mayın 25-də məlumat verib.

Etiraza səbəb Fransa XİN rəhbərinin “Kann” festivalında iranlı dissident rejissor Cəfər Pənahinin filminin qalib olması ilə bağlı səsləndirdiyi fikirlər olub.

Barro bildirib ki, Pənahi “Qızıl palma budağı” mükafatını “İran rejiminin zülmünə müqavimət əlaməti olaraq” alıb.
Onun bu açıqlaması İran hökuməti tərəfindən narazılıqla qarşılanıb.

 

“İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə ikinci departamentinin rəhbəri Məhəmməd Tənhai Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, Fransa xarici işlər nazirinin İslam Respublikası ilə bağlı alçaldıcı ifadələri və əsassız bəyanatlarına görə ona etiraz edib”, – dövlət agentliyinin açıqlamasında bildirilir.

Tənhayi həm də Fransanı kino tədbirini siyasi məqsədlər üçün istifadə etməkdə, sionist rejimi dəstəkləməkdə ittiham edib. O, Fransa hökumətinin digər ölkələrə insan hüquqları mövzusunda tənqid etmək səlahiyyəti olmadığını deyib və rəsmi açıqlama tələb edib.
Fransanın İrandakı nümayəndəsi etirazı hökumətinə çatdıracağını söyləyib.

İranlı rejissor Cəfər Pənahinin “Sadə Təsadüf” (“It Was Just an Accident”) adlı filmi “Qızıl Palma Budağı”na (“Palme d’Or”) mayın 24-də baş tutan Kann festivalında layiq görülüb.
Təqdimat mərasimində Cəfər Pənahi özü də iştirak edib.

 

Filmin Kann Festivalında nümayişindən sonra Pənahi göz yaşları içində səhnəyə çıxaraq, bu filmi İranda fəaliyyətinə qadağa qoyulmuş, xüsusilə də qadın rejissor və aktrisalara həsr etdiyini bildirib.
Çıxışında, o iranlılara müraciət edərək fikir ayrılıqlarını bir kənara qoyub ölkənin azadlığı üçün birgə mübarizə aparmağa çağırıb.
“Ölkəmin içində və xaricində olan bütün fərqli düşüncələrə, baxışlara sahib iranlılardan bir xahişim var, bütün fərqlilikləri bir kənara qoyun. Bu gün ən vacib məsələ ölkəmizin bütövlüyüdür. Gəlin, bir yerdə mübarizə aparaq ki, azadlıq əldə edək. Elə bir yerə çatmaq istəyirik ki, artıq bizə “nə geyin”, “nə geyinmə”, “nə et”, “nə etmə” deyilməsin. Kinomuz – bizim sevgimiz – sərbəst olsun, bizə “nə çək, nə çəkmə” söylənilməsin. Bu günün tezliklə gələcəyinə ümid edirəm”, – Cəfər Pənahi deyib.
“Qızıl Palma Budağı”na layiq görülən “Sadə Təsadüf” triller janrındadır. Filmin əsas mövzusu insan yaddaşı, ədalət axtarışı və şəxsi intiqamdır. Pənahi burada həm də işgəncə və zülmə məruz qalan insanların travmalarını, eyni zamanda əxlaq və insanlıq suallarını qabardır.

Film İran, Fransa və Lüksemburqun birgə istehsalıdır.
İran hökumətini tənqid edən və bir neçə dəfə həbs olunmuş Pənahi, bu filmi İrandan rəsmi çəkiliş icazəsi almadan çəkib. Çünki İran hökuməti ona 2010-cu ildə “İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 il həbsə və 20 il müddətinə film çəkmək, ssenari yazmaq, xaricə səfər etmək və media ilə əlaqə qurmaq qadağası qoyub.
Pənahi ötən həftə “Screen Daily” jurnalına verdiyi müsahibədə bildirib ki, bəzi məhdudiyyətlərin rəsmi olaraq ləğv olunmasına baxmayaraq, o hələ də filmlərini gizli şəkildə, qeyri-rəsmi yollarla çəkməyə məcburdur.

Cəfər Pənahi dünya şöhrətini 1995-ci ildə çəkdiyi “Ağ şar” filmi ilə qazanıb. Sosial problemlərə toxunan film İran Mədəniyyət Nazirliyi tərəfindən qadağan olunub.
Onun 2000-ci ildə çəkdiyi və Venesiya Film Festivalının əsas mükafatını qazanmış “Dairə” filmi də İranda qadağan olunub.
2010-cu ildə rejissor hökumət əleyhinə fəaliyyətinə görə ev dustaqlığına məhkum olunub, ona 20 il müddətinə film çəkmək qadağan edilib.
Qadağaya rəğmən Pənahinin ev şəraitində çəkdiyi “Bu, film deyil” adlı filmi 61-ci Kann Film Festivalının proqramına daxil edilib və “Oskar” namizədliyini qazanıb.
Pənahi 2009-cu il prezident seçkilərindən sonra müxalifətə dəstək verib, aksiyalarda iştirakına görə həbs olunub, aclıq aksiyası keçirib.

O, 2022-ci ildə “milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda” və “sövdələşmədə” ittiham olunaraq həbs edilib, 2023-cü ilin fevralında aclıq aksiyası keçirdikdən sonra azadlığa buraxılıb.
2023-cü ilin aprelində isə onun 14 illik səyahət qadağası ləğv edilib və o, ilk dəfə olaraq İranı tərk edərək Fransaya səfər edib.
Pənahi xaricdə sığınacaq almaqdan imtina edərək, həyatını və fəaliyyətini İran daxilində davam etdirməyi üstün tutur. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər