Gürcüstanın sanksiyalara məruz qalan daxili işlər naziri və müavini istefa verdi
Gürcüstanın daxili işlər naziri və baş nazirin müavini Vaxtanq Qomelauri istefa verib. O, bu barədə ictimaiyyətə müraciətində bildirib.
Qomelauri ötən ilin payızında Tbilisidə nümayişləri dağıtdığına görə ABŞ, Böyük Britaniya və Avropa İttifaqına (Aİ) üzv bir sıra ölkələrin sanksiyalarına məruz qalıb. Bundan sonra Gürcüstan hakimiyyəti onu “Şərəf” ordeni ilə təltif edib, general-polkovnik rütbəsi verib və baş nazirin müavini vəzifəsinə yüksəldib.
Qomelauri qeyd edib ki, istefa qərarı onun üçün asan olmayıb, lakin onun sözlərinə görə, indi ailəsinə daha çox diqqət yetirəcəyi vaxt çatıb.
“2011-ci ildən ölkəmizdə dönüş nöqtəsi yaradan cənab Bidzina İvanişvilinin başçılıq etdiyi mübarizənin iştirakçısıyam. Ölkəmizin hökumət komandasının rəhbərliyi altında əldə etdiyi bütün nailiyyətlər dəyərlidir və mənim üçün qürur mənbəyidir. Buna əsaslanaraq bu komandaya sadiq qalacağam. Gələcəkdə də, bundan sonra da komandanın yanında olmağa hazıram”, – Qomelauri qeyd edib.
Qomelauri bir neçə il İvanişvilinin təhlükəsizliyinə rəhbərlik edib. 2013-cü ildən daxili işlər nazirinin müavini, sonra idarə rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib, 2019-cu ildə isə yenidən daxili işlər naziri təyin edilib.
İqtidarda olan “Gürcü arzusu” hökumət strukturlarında bir sıra kadr dəyişiklikləri həyata keçirib. Onların legitimliyi Gürcüstan müxalifəti və Gürcüstan ictimaiyyətinin bir hissəsi tərəfindən tanınmır. Bəzi politoloqlar və ekspertlər bildirir ki, bu yolla hakimiyyət payızda keçirilməsi planlaşdırılan yerli seçkilərə və, ola bilsin, yeni parlament seçkilərinə hazırlaşır.
Qela Qeladze Gürcüstanın yeni daxili işlər naziri təyin edilib. Qeladze daha əvvəl müxtəlif idarələrdə rəhbər vəzifələrdə, o cümlədən təhsil, müdafiə nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətində müavin postlarında çalışıb. (Azadlıq Radiosu)