Xanəndə toyları qınadı: “Atan-baban diskotekada oynayıb?”
“Vallah qadın olan məclis muğamat üçün deyil”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri Əməkdar incəsənət xadimi Aqil Məlikov APA-ya müsahibəsi zamanı deyib.
“Biz uşaq olanda toylara həvəslə gedirdik. Gözümüz birinci xanəndəni axtarırdı. Stol qoyub üstünə qırmızı salırdılar. Xanəndə otururdu. Onunla üzbəüz çalğıçı dəstəsi otururdu. İçkini aşkara verə bilmirdilər. Qocalar, hökmlü kişilər var idi. Açıb evdə qoyurdular. Gələnlərin arasında araq içəni tanıyırdılar. Keçirdi, vururdu, bir kasa da bozbaş yeyib gedirdi. Sonra gördülər danışan yoxdur. Arağı çıxardılar aşkara. O bizim toylarımızı tamam korladı.
Bu gün qadın toyunu, kişi toyunu bir edirlər. Vallah, qadın olan məclis muğamat üçün deyil. İndi şəhər toyları başlayır 6-dan 12-yə qədər. Arada diskoteka. Nədir o diskoteka? Atan-baban diskotekada oynayıb? Deyəndə də olursan pis. Deyirlər, zəmanə dəyişib. Kim deyir onu? Zəmanə heç dəyişib eləməyib. Kim nalayiq işlərə meyillidirsə, tez ad qoyur ki, zəmanə dəyişib.
Toy keçmişdə ədəb-əxlaq məktəbi olub. Biz bir millət kimi dəyərlərimizi saxlamalıyıq. Dayanmadan vaxt keçir, dünya dəyişir. Milləti, xalqı saxlayan onun milli-mənəvi dəyərləridir. Azərbaycan dünyada muğamı ilə tanınır. Amma indi toylara gedirsən, muğam yoxdur. Televiziyaların birində muğam rubrikası yoxdur. Hamısı yığışdırılıb. Bir dəyər əlimizdən gedəndə onu bərpa etməyə 100 il lazımdır. Dünyanı qələmlə fəth etmək olar. Qılıncla bugünkü günə qədər kim fəth edib? Çingiz xan, Stalin, Hitler… Makedoniyalı İsgəndər gedib Çinə qədər çıxmışdı. Nə oldu? Qılıncla fəth edə bilmədilər”.