• 31 May 2025 02:37

“Prokuror Rauf Malışov barəmdəki ittihamın sübuta yetirildiyini deyərkən, sadəcə bir “sübut”dan istifadə etdi – xarici ölkələrə səfər etməyim” – həbsdə olan jurnalist Fərid Mehralızadə

Paylaş

“Bu sizin 12 ilədək həbs olunmağınıza səbəb ola bilər”, – “Azadlıq” radiosunun jurnalisti belə yazır.

“Abzas Media işi” üzrə həbs olunmuş, “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə prokurorun ona 12 il həbs istəməsinə münasibət bildirib.

Mayın 20-də “AbzasMedia işi” üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Fərid Mehralızadə, nəşrin direktoru Ülvi Həsənli və araşdırmaçı-jurnalist Hafiz Babalıya 12 il həbs cəzası istəyib. O, Mehralızadənin avtomobilinin də müsadirəsini tələb edib.

Eyni iş üzrə təqsirləndirilən “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı, əməkdaşı Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovaya isə 11 il həbs istənilib.

 

“Prokuror Rauf Malışov barəmdəki ittihamın sübuta yetirildiyini deyərkən, sadəcə bir “sübut”dan istifadə etdi – xarici ölkələrə səfər etməyim… Söhbət xaricdən qayıdarkən ölkəyə xarici valyuta gətirdiyimi sübut edən hansısa sənəd, görüntü, yazışma və ya hər hansı bir maddi sübutdan getmir. Sadəcə olaraq Azərbaycandan başqa ölkəyə getməyimdən gedir”, – jurnalist həbsdən “Azadlıq” Radiosuna yazır.

F.Mehralızadə prokurorun onun avtomobilini müsadirə etmək tələbini absurd adlandırıb. O, həbs olunduğu tarixdən öncəki bir il ərzində rəsmi gəlirinin 54 min manata bərabər olduğunu vurğulayır.

“”Cinayət yolu ilə əldə etdiyim” vəsait hesabına aldığım avtomobilin xaricdən sifarişi üçün ödədiyim vəsait isə cəmi 7 min 800 dollardır, təxminən 13 min 300 manat. Bu məbləğ mənim təxminən üç aylıq gəlirimə bərabərdir və mən 2019-cu ildən rəsmi əmək müqaviləsi əsasında çalışmışam. Prokuror Malışovun təxəyyüllünə heyran olmamaq əldə deyil. Bir daha xəbərdarlıq edirəm: Xarici ölkələrə səfər edərkən və avtomobil alarkən diqqətli olun. Bu sizin 12 ilədək həbs olunmağınıza səbəb ola bilər”, – F.Mehralızadə yazır.

 

İş üzrə iyunun 10-na təyin edilən növbəti məhkəmə prosesində vəkillər müdafiə çıxışı edəcəklər.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.

Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia”ya qarşı təqiblər isə 2023-cü ilin sonlarından başlayıb.

Həmin il noyabrın 20-dən başlayaraq nəşrin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

 

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.

Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər