• 03 İyun 2025 20:37

Doğum gününü həbsxanada qarşılayan jurnalist Aynur Elgünəş – Cəmil Həsənli

 Doğum gününü həbsxanada qarşılayan jurnalist Aynur Elgünəş – Cəmil Həsənli
Paylaş

Bu gün (red: dünən) tanınmış jurnalist Aynur Elgünəşin (Aynur Telman qızı Qənbərova) doğum günüdür. O, öz doğum gününü həbsxanada qarşılayır. Peşə fəaliyyətinə, jurnalist olduğuna görə həbs edilib Aynur xanım. 2024-cü ilin dekabrında həbsinə qədər “Meydan.tv”-nin baş redaktoru olub. Onları kollektiv şəkildə – dekabrın 6-da baş redaktor və 6 işçisini bilikdə kollektiv şəkildə həbs etmişdilər.

Onların içərisində mənim dəyərli dostum Natiq Cavadlı da var idi. Yaxşı tanıdığım Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova da həbs edilənlərin içərisində idi. Meydanla əməkdaşlıq etdiklərinə görə az sonra Nurlan Libre və Fatimə Mövlanlını da tutdular. Ən son (hələlik) Şəmşad Ağa və Ülviyyə Əli də Meydan işi ilə bağlı həbs edildilər.

 

Belə işlər 37-ci ildə olurdu. Bir də İlham Əliyevin idarəçiliyi dövründə Azərbaycanda bərpa edildi. Aynur və rəhbərlik etdiyi kollektiv qaçaqmalçılıq (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı ilə həbs edildilər. Bu “əlbir” ifadəsi mənim uşaqlıq xatirələrimdə Abbas Səhhətin “Ayı və şir” şeirindən qalıb:

Əlbir olub bir ayı bir şir ilə,

Ovladılar dovşanı tədbir ilə.

Meydan tv. – işində də təxminən belə oldu. Bütün natəmiz adamlar birləşib, tədbir töküb təmiz adamları, Aynur Elgünəş kimi doğru-dürüst həyat yolu keçmiş, mənəvi saflığına görə günəş kimi şəffaf bir adamı tutdular. Elə vəziyyət yaranıb ki, Əliyev istibdadı dövründə ölkədə tutulmayan normal adama pis baxırlar.

Şübhəsiz ki, Aynur Elgünəş və Meydançıları qaçaqmalçılıq (ifadə gərək dəyişin, ortada mal deyilən bir şey yoxdur) əməlinə görə deyil, ölkəni qaçaqmalçılıq girdabına salanların natəmiz, əyri, oğru, korrupsioner mahiyyətini ifşa etdiklərinə görə tutublar. Çünki iş elə gətirib ki, bizim ölkədə oğrular doğruları tutur. Ofşor hesablara milyardları və milyonları daşıyanları, Londonu məhəllə-məhəllə alanları, mənbəyi şübhəli bilinib 63 milyon funt sterlinq dəyərində əmlakına həbs qoyulanları (Cavanşir Feyziyev) hələ ki orden, medal, deputat mandatı, yüksək vəzifə ilə təltif edirlər. Aynur Elgünəş də rəhbərlik etdiyi media qurumunda ölkənin bətnində qarayaraya çevrilmiş belə hallara qarşı qələm çalırdı, araşdırmalar aparırdı, yazılar dərc edirdi. Həbsin gerçək səbəbi də budur.

 

 

Aynur Elgünəş daha çox sosial-iqtisadi mövzularda yazan jurnalistdir. Ölkənin müxtəlif mətbuat orqanlarında onun bu mövzu ilə bağlı maraqlı yazıları, iqtisadi araşdırmaları dərc olunub. Bu araşdırmalar çoxlarını narahat edirdi və Aynur Elgünəşin də təqibi elə məhz bu araşdırmalardan başlanmışdı. Son illər ərzində onu tez-tez Dövlət Təhlükəsizlik Xidmətinə, Prokurorluq orqanlarına və onlara bənzər yerlərə çağırırdılar. Bir müddət hətta ölkədən çıxışına da qadağa qoymuşdular.

Aynur Elgünəş həm də mənim yaddaşımda “Yaqublular ailəsi” yazısı ilə qalıb. O yazı bu gün də müasirdir. Təxminən 10 il əvvəl yazdığı həzin bir ailə dramı fonunda Aynur xanım Əliyevlərin işgəncə laboratoriyasına çevirdiyi bir ailənin ürəklər parçalayan həzin bir hekayəsini qələmə almışdı. Belə yazılarla o haqsızlığa düçar olmuş dürüst adamlara dəstək verirdi. İndi o, özü haqsızlığa düçar olub və onun həzin hekayəsinin qəhrəmanı Tofiq Yaqublu ilə bərabər Aynur Elgünəş də həbsdədir.

Bu gün onun doğum günüdür və bu doğum günündə biz ona haqq etdiyi azadlığı arzu edirik. Özünün yazdığı kimi 17 yaşından bəri o, bu azadlıq davasının içindədir.

 

cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər