32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı – Müsahibə

32 il müəllim kimi fəaliyyət göstərir. Onun 6 ilini müəllim işləməklə yanaşı, ailəsi tərəfindən qurulan sitrus bağını idarə etmək olur. Zamanla “Sitrus Valley” adlı brendini formalaşdıraraq bu sahədə biznesini qurur.
Qurduğu biznes təltiflər alır, məhsulları nəinki ölkədə, xaricdə də tanınmağa başlayır.
O, biznesinə görə əvvəlki karyerası ilə vidalaşır və özünü sevdiyi biznesinə həsr edir. Söhbət 61 yaşlı Lənkəran rayon sakini Rəftarə Şükürovadan gedir
– Rəftarə xanım, uzun illər müəllim kimi çalışmısınız, sonra isə tamamilə fərqli sahəyə – kənd təsərrüfatına yönəlmisiniz. Bu keçid necə baş verdi?
– Ailəmizə məxsus sitrus bağı salmışdıq. İdarəetməni də birinə tapşırdıq. Lakin təəssüf ki, hər dəfə bağa gəldikcə bağın inkişafının irəliyə yox, geriyə getdiyinin şahidi olurduq. Bağı kol-kos basmış, ağaclar otların arasında qalmışdı. Bir gün bağı gəzərkən, kolların arasında boynu bükük qalmış feyxoa ağaclarını gördüm. O zaman qərara gəldim ki, bu bağı mən bağ etməliyəm. Evdəkilərə də bildirdim ki, bağın idarə edilməsini öz üzərimə götürürəm.
– Bağınızda əsasən hansı meyvələr yetişir?
– Bağımızda ən çox feyxoa, həmçinin kivi, sitrus meyvələrindən – portağal, mandarin kinkan və limon ağaclarımız var. Çox az sayda gilas və albalı ağaclarını da yetişdiririk.
– Müəllim işlədiyiniz vaxtlarda bizneslə də məşğul idiniz?
– 32 il ibtidai sinif müəllimi işləmişəm. 2009-cu ildən isə bu bizneslə məşğulam. O fəaliyyətimin 6 ilini həm məktəbdə dərs deyir, həm də bağı idarə edirdim.
– Hər iki sahə özlüyündə vaxt və məsuliyyət tələb edir. İki işi bir yerdə necə çatdırırdınız?
– Hər iki işi birlikdə idarə etmək çox çətin və zəhmət tələb edirdi. Təsərrüfat işi elədir ki, daima baxmalısan, gözün üzərində olmalıdır, vaxtının böyük hissəsini həsr etməlisən. Buna görə də müəllimlik fəaliyyətimi dayandırmağı qərara aldım, ərizə yazdım və işdən ayrıldım.
– İki işdən yalnız birini seçdiniz. Niyə məhz müəllimlik peşənizdən imtina elədiniz?
– Fikirləşdim ki, 32 il müəllim kimi fəaliyyət göstərmişəm. Rayonda tanınmış müəllimlərdən idim. Bu sahədə öz sözümü demiş bir müəllim kimi artıq bu peşəmdən uzaqlaşa biləcəyimi düşündüm. Fikirləşirdim ki, iki sahədə çalışsam, müəllim kimi bəlkə də keyfiyyətim aşağı düşə bilər. Buna görə narahat oldum. Bütün fəaliyyətimi təsərrüfata həsr etmək istədim.
– Bağ biznesinə başladıqdan sonra nə kimi çətinliklərlə qarşılaşdınız?
– İlk vaxtlar saldığımız bağa baxmaq məsuliyyətini üzərimə götürəndə, fikrimə qarşı çıxdılar. “Sən şəhərdə yaşayırsan, bura kənddir, bacarmazsan”, “həvəsdir, yorulacaqsan”, “işinin nəticəsi olmayacaq” deyənlər çox oldu. Amma mən qərarımda qəti idim. Özüm Lənkəran şəhərində işləyirdim, İstisu qəsəbəsində isə təsərrüfatımız yerləşirdi. O gündən demək olar ki, hər gün dərsdən sonra bağa gedirdim. Şənbə-bazar günlərini isə bütövlüklə bağa həsr edirdim.
– Təsərrüfat işlərində o vaxt daha çox kişiləri görürdük. Bu işləri qadın olaraq idarə etmək çətin olmadı?
– Bu işdə ən böyük çətinliklərimdən biri də qadın olmağım oldu. İndiki dövrdə kənd təsərrüfatı işi ilə məşğul olmaq üçün bütün şəraitlər var. 17-18 il bundan qabaq elə də şərait yox idi. Aqrar Xidmət Agentliyinin rəyini almaq, gübrə tapmaq, texniki işlərlə məşğul olan işçiləri tapmaq mənim üçün qadın olaraq çətin idi.
– Olubmu ki, elə çətinliyiniz olsun ki, biznesinizdən imtina edəsiniz?
– Açıq havada meyvə yetişdirmək çətindir. Sitrus meyvələri daha çox zəhmət tələb edir, “nazlı” olurlar. Şaxtaya davamlılığı yoxdur, qar yağanda feyxoa ağaclarını sındırır. Elə olur ki, yayda temperatur 40 dərəcəyə qalxanda ağacların suvarmasında çətinliklər olur. Təbiətlə üz-üzə mübarizədə olursan. Ona görə də meyvə yetişdirmək tək öz fəaliyyətindən asılı deyil. Bütün bu çətinliklərə baxmayraq bilirdim ki, geriyə yolum yoxdur. İndi hər şey qaydasındadır. Əvvəlki illərdə çətinliklər, təkidlər çox olub. Mən hər şeyin yaxşı olacağına inanırdım. Bu inamla işimin dalınca getdim. Ona görə də işimdən imtina etməyi düşünməmişəm.
– Müsahibələrin birində demisiniz ki, hər işin başında sevgi durur. Nə vaxt anladınız ki, bu işi həqiqətən sevirsiniz?
– Mənim təbiətə olan sevgim, qurub-yaratma eşqim olmasa idi, nə bu bağ, nə də ki, çətinliklərə sinə gəlməyə məndə güc olardı. Hər işin başında sevgi durur. Bura gələn qonaqlar mənim işimə olan sevgini görəndə deyirlər ki, siz necə də işinizin vurğunusunuz. Təbiət vurğunuyam. Dərs dediyim sinfim də botanika bağına bənzəyirdi, yam-yaşıl, gül-çiçək içində olurdu. İşimdən vaz keçməmək səbəblərimdən biri də təbiətə olan sevgim olub.
– Satışla bağlı problemləriniz olurmu?
– Qeyd etdiyim kimi sitrus meyvələri “nazlı” meyvələrdir. Onlarla diqqətli davranmalı oluruq. Məsələn, feyxoanı soyuducuda saxlamaq olmur, tərkibində yod çox olduğuna görə, saxlama müddəti çox azdır. Yetişən kimi emal, ya da istehsal etməli oluruq. Regionda da feyxoa satıcıları çox olduğuna görə alıcılar öz qiymətlərini diktə edə bilirlər. Saxlayıb sonra satma imkanımız olmur. Bəzən yetişdirdiyimiz məhsul əlimizdə qalır.
– Bu problemləri necə həll edirsiniz?
– Bu kimi problemlərin həll yolunu axtardıq. Məhz buna görə də biz belə bir qərara gəldik ki, öz məhsulumuzu əlavə dəyər qataraq emal edək. Feyxoa, kivi və digər sitrus meyvələrinin mürəbbəsini, cemini, turşusunu hazırlamağa başladıq. Sonradan bir neçə layihələrdə iştirak etdik, əməkdaşlıqlarımız başladı. Ən çox isə Kənd Təsərrüfatı Nazirinin “Kənddən şəhərə, şəhərdən kəndə layihələri” ilə əməkdaşlığa başladıq. Onlardan dəstək gördük. Aqrar İnnovasiya Festivallarında iştirak edib öz məhsullarrımızı satdıq. İndi isə demək olar ki, məhsullarımızın çoxu təsərrüfatımıza gələn qonaqlar tərəfindən əldə olunur. Aqroturizmə görə, öz bağımızda öz məhsulumuzu satma imkanımız var. Yəni, gələn qonağın məhsulun dadına baxmaq və alıb aparmaq imkanı olur.
– Məhsullarınız ən çox haralara çatdırılır?
– Məhsullarımızı topdansatış alverçilərinə təqdim edirik, onlar isə bu məhsulları müxtəlif ölkələrə ixrac edirlər. “Sitrus valley” brendi adı altında satışa çıxarılan məhsullarımız – kampot, mürəbbə və.s nəinki respublikada, hətta kənar yerlərdə də tanınmağa başlayıb. Məsələn kampotlarımız Rusiyada tanınır. Bundan başqa Qazaxıstana da məhsul göndəririk.
– Brendiniz “Sitrus Valley” adlanır. Bu adı necə seçdiniz?
– Məhsullarımızı istehsal edirdik, aqroturizmlə məşğul olmağa başladıq. Təbii ki, artıq biznesimizə bir ad verməli idik. Elə bir ad seçmək istədik ki, həm sitrus meyvələrini, həm də bağın yerləşdiyi məkanı ifadə etsin. Çox fikirləşdikdən sonra qərara aldıq ki, brendimizin adı “Sitrus Valley”, yəni “Sitrus vadisi” olsun.
– Brendinizin adını ingilis dilində seçmənizə səbəb nə oldu?
– Adını ingilis dilində qoymağımıza səbəb məhsullarımızı dünya bazarına çıxarmaq və tanıtmaq idi. Adını seçdikdən sonra məhsullarımızı “Sitrus Valley” brendi altında patentləşdirib istehsala başladıq.
– Təsərrüfatınız “Müəllimin bağı” adlanır. Necə oldu ki, belə adlandırmağa başladılar?
– Təsərrüfatımın müəllimin bağı adlanmağının bir tarixçəsi var. İlk başladığımız vaxtlarda mən kəndə gedib gəlirdim. Kənddə hamı bağı “müəllimənin bağı” kimi tanıyırdı. Bir jurnalist çəkiliş üçün gəlmək istəyib. Bağı soruşa-soruşa gəlsə də, heç kim bağın yerini deyə bilməyib. Çünki hamı bağa müəllimənin bağı deyirdi. Jurnalist “bağın sahibi müəllimədir, qadındır” deyəndə başa düşüblər. Tam olaraq o gündən təsərrüfatımızın adı “müəllimənin bağı” oldu.
– Hal-hazırda bağınızla bağlı nə kimi yenilikləriniz var?
– Hal-hazırda təsərrüfatımız Respublikada aqroturizm məkanı kimi tanınır. May ayının 3-də Kənd Təsərrüfatı nazirinin imzası ilə “Nümunəvi bağ” nominasiyası üzrə fəxri fərman ilə təltif olunduq. Bu, respublikada iki bağdan biridir ki, mükafata layiq görülüb. Bağımızı respublikada tanınan aqroturizm məkanlarından biri etməyi bacardıq.
– Bağınızı turistlər ziyarət edir. Bağınız necə turizm məkanı kimi tanınmağa başlandı?
– Xaricdə aqroturizmlə bağlı – turistlərin təsərrüffat məkanlarına gəlib maraqlanması, gəzməsi barədə məlumatım var idi. Ancaq ölkəmizdə bu təcrübənin belə ola biləcəyi haqqında təsəvvürüm yox idi. Avropa İttifaqının yerli idarəetmə ilə bağlı bir layihəsi baş tutdu. Layihənin işçiləri mənə aqroturizmlə məşğul olmağı təklif etdi. Bu haqda məlumatım olduğu üçün razılıq verdim. O gündən bağımızı aqroturizmə hazırlamağa başladıq, infrastruktur düzəltdik. Qonaqların gəlməsi üçün yol, oturmaları, həmçinin yemək yemələri üçün hazırlıq etdik Bu hazırlıqlar 2017-ci ilin sonlarına təsadüf etmişdi.
Bu layihəni Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” layihəsi ilə daha da genişləndirdik. Bu layihənin dəstəyi ilə infrastruktur yaratdıq. Tur şirkətlərinin əməkdaşları dəvət olundu, təlimlər keçirildi. Bu layihə ilə qonaqlarımız gəlməyə başladı. Pandemiya dövründə aqroturizm fəaliyyətimiz dayandı . Sonra fəaliyyətimizi davam etdirdik. Hal-hazırda istər yerli, istər xarici turistlər bağımızı ziyarət edirlər. Hətta yatmaq üçün yer istəyən turistləri kənd evlərinə yönləndiririk.
– Təsərrüfatınızda kimlər çalışır və onlar üçün bu işin hansı üstünlükləri var?
– Təsərrüfatımızda işləyənlərin çoxu xanımlardı. Onlar təsərrüfatımıza yaxın yerdə qalırlar. İşləməklə yanaşı evlərində də vaxt keçirirlər. Eyni zamanda kənd camaatının məhsullarını təsərrüfatımızda bazarlayırıq.Təsərrüfata gələn hər kəs yolda öz məhsulunu qapıya çıxarıb satışını həyata keçirə biir.
– Sitrus bağınız – biznesiniz şəxsi və peșəkar olaraq sizə nə verdi? Bu sahədə ən böyük qazancınız nə oldu?
– Ən böyük qazancım gördüyüm işdən zövq ala bilmək, özümə inam yaratmaq və arzularımı gerçəkləşdirmək oldu. Ən böyük uğurum isə bağımızın qonaqları təkrar bağımıza qayıdır və özləri ilə bir qrup insan gətirirlər. Bu mənim üçün sevindirici və qürurverici haldır. (Valyuta.az)