ABŞ-də şəhər mərkəzinə qoyulan çılpaq qadın heykəli narazılıq yaratdı – FOTO


ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində “Embarcadero” meydanına ictimaiyyətlə məsləhətləşmədən “R-Evolution” adlı heykəl qoyulub.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, ucaldılan 14 metr hündürlüyündə olan çılpaq qadın heykəli ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.
Qolları uzadılmış 14.5 tonluq tamamilə çılpaq heykəl bir qadını təmsil edir.
Özəl mənbələr tərəfindən maliyyələşdirildiyi üçün ictimai təsdiq prosesindən yan keçən heykəlin fotoları sosial şəbəkədə yayıldıqdan sonra tənqid hədəfinə çevrilib.
Sosial şəbəkə istifadəçiləri “kimsə bu heykəli istəməyib”, “bu pula ictimai tualet tiksələr, daha faydalı olardı”, “Ferinin binasına getmək üçün heykəlin ayaqlarının arasından keçmək məcburiyyətindəyik” və s. şərhlər yazıb.
Vətəndaşlar həmçinin heykəlin şəhərin ikonik binasının görünüşünü kəsdiyindən şikayətləniblər.
San-Fransiskonun pandemiyadan sonra iqtisadi çətinliklərlə mübarizə apardığı bir vaxtda xərclər tənqid edilib.
Şəhərin ofis sahəsinin üçdə birindən çoxu boşdur və şəhərin mərkəzi əvvəlki kimi canlı deyil. İnsanları şəhər mərkəzinə cəlb etmək üçün 300 min dollarlıq layihənin bir hissəsi olan heykəl gözlənilənin əksinə reaksiya toplayıb.
63 yaşlı rəssam Marko Kokrayn bildirib ki, onun əsəri “qadın gücünü” simvollaşdırır.
“Anam feminist idi, qadın enerjisini dünyaya gətirmək vəzifəsini mənə ötürdü” deyən Kokrayn heykəlin cins və güc qavrayışını dəyişdirməyi hədəflədiyini bildirib.
Bununla belə, tənqidçilər qadın hüquqlarına həsr olunmuş əsərin kişi rəssam tərəfindən hazırlanmasını ironik hesab ediblər.
Heykələ yer açmaq üçün ərazidə işləyən küçə sənətçiləri müvəqqəti olaraq yığışdırılıb. Bu da incəsənət ictimaiyyətində hiddət doğurub.