• 02 İyun 2025 00:51

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? – Video

 Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? –  Video
Paylaş

Bakıda vətəndaşa məxsus özəl mülk sahibinin razılığı və xəbəri olmadan sökülüb.

Tacxeber.com  Haqqin.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 33 ünvanında, “Ağ şəhər” kimi tanınan ərazinin yaxınlığında qeydə alınıb.

İddiaya görə, cari il yanvarın 6-da obyektin sahibi Rəşid Hüseynovun iştirakı olmadan 1700 kvadrat metr ərazidə yerləşən 592,7 kvadrat metr sahəsi olan bina tamamilə dağıdılıb, içərisində olan əşyalar isə qarət edilib. İnsidentin isə günorta saatlarında baş verdiyi vurğulanıb.

Zərərçəkmişin vəkili Şaiq Mirzəyevin sözlərinə görə, obyekt sahibi ərazidə sonuncu dəfə ötən ilin dekabrında olub. Həmin zaman söküntü işləri və yaxud söküntü ilə bağlı hər hansı rəsmi xəbərdarlığa rast gəlməyib. Lakin Yeni il tətilindən qayıdan R. Hüseynov binanın dağıdıldığının şahidi olub. İlkin hesablamalara görə, dəymiş zərər təqribən 300 min manat təşkil edir.

 

Vəkil, həmçinin tikiliyə dair bütün hüquqi sənədlərin olduğunu bildirib: “Bizə heç bir yazılı və şifahi bildiriş daxil olmayıb. Söküntünü hansı struktur və yaxud şirkətin həyata keçirdiyi məlum deyil. Eyni zamanda əmlakın və şəxsi əşyaların da kim tərəfindən oğurlandığı məlum deyil”.

Qeyd olunub ki, dağıntının gedişinə nəzər yetirilsə, əməliyyatın diqqətlə təşkil edildiyini görmək mümkündür. Söküntü işlərini həyata keçirən naməlum şəxslər ilk olaraq darvazanı söküblər, videomüşahidə kameraları çıxarılıb, daha sonra ekskavatorlarla binanın hissələri sökülüb. Həmçinin plastik pəncərələr, seyf qapıları və məişət texnikası yoxa çıxıb.

 

Vəkil qeyd edib ki, Rəşid Hüseynov əmlakının hara yoxa çıxdığını hələ də müəyyən edə bilməyib.

Məlumata görə, ərazidə yerləşən ofis də tamamilə dağıdılıb və oradan televizor, kondisoner və ofis mebeli oğurlanıb. Ofisin yanında yerləşən yarıdağıdılmış otaqda isə başqa şəxslərin burada olmasına dair izlər – paltar, kitab, qida qalıqları, şüşələr və s. qalıb. Ş.Mirzəyev burada şəxsi sənədlərin, diplomların, eləcə də Hüseynovun ailə fotoarxivinin saxlanıldığını sözlərinə əlavə edib.

Ərazidən, həmçinin sayğaclar, kanalizasiya boruları, elektrik kabelləri və santexnika, eləcə də limon ağacları oğurlanıb.

R.Hüseynov məsələ ilə bağlı 37-ci polis bölməsinə, Xətai Rayon Polis İdarəsinə, rayon prokurorluğuna və icra hakimiyyətlərinə müraciət edib. Tezliklə məsələ polisdən alınaraq Xətai Rayon Prokurorluğuna verilib. Bildirilir ki, hadisədən bir neçə ay keçməsinə baxmayaraq, söküntü işlərində təqsirkar olan şəxslər müəyyən edilməyib, cinayət işi başladılıb, obyektin sahibi zərərçəkmiş şəxs olaraq tanınmayıb, təzminat məsələsi isə açıq olaraq qalıb.

 

Xətai Rayon Prokurorluğundan Rəşid Hüseynova ünvanlanmış məktubda isə qurumun, fikrincə, hadisənin mülki-hüquqi məsələ xarakteri daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Hüseynova bildiriblər ki, sözügedən məsələ onların səlahiyyətlərinə aid deyil və qeyd olunub ki, məsələyə rayon rəhbərliyi münasibət bildirməlidir.

Xətai Rayon İcra Hakimiyyətindən isə “Ağ Şəhər” zonasında sahibin razılığı olmadan söküntü işinin mümkün olmadığı, Hüseynova isə təzminat ödənildiyi iddia edilib. Lakin məsələ ilə bağlı hər hansı təsdiqedici sənəd və yaxud rəsmi izahat verilməyib. Həmçinin araşdırma aparılacağı vəd edilsə də, nəticə barədə hələ də məlumat verilməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər